“Bu hakimiyyət azərbaycanlılar üzərindən öz siyasi oyunlarını həyata keçirir”– ƏHMƏD İMAMQULİYEV

Baxış sayı:
646

“Dmanisidə milli zəmində qarşıdurma yaratmaq üçün bu günki hakimiyyət əlindən gələn hər cür oyunu oynadı”

““Gürcü arzusu”nun marağındadır ki, Gürcüstanda milli zəmində hər hansı qarşıdurma yaransın”
 
Son günlər nəinki Azərbaycanın, eləcə də Gürcüstanın gündəmini zəbt edən əsas məsələ soydaşlarımıza qarşı Dmanisidə, ardınca da Tiflisdə baş vermiş iki təxribat hadisəsidir. Belə ki, Tiflisdə baş verən hadisə Dmanisidə yaşanan hadisələrin ardından, özünü çox gözlətmədən törədildi və bu da haqlı olaraq “naməlum qara qüvvə”nin iki ölkənin münasibətlərini pozmaq istəyən planlarından xəbər verir. Şübhəsiz ki, baş verənlərdə erməni barmağının olduğu ən çox ağlabatan fikirlərdəndir. Baş verənlərin mahiyyətini və iç üzünü “Avropalı Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü Əhməd İmamquliyevlə çözməyə çalışıdıq.

 
– Əhməd müəllim, bu yaxınlarda Gürcüstanda yaşayan soydaşlarımızın üzərinə öncə Dmanisidə svanların, ardınca isə Tiflisdsə kürd millətinin nümayəndəsinin iştirakı ilə hücumlar baş verdi. Gürcüstanda nə baş verir?
 
-Gəlin ilk öncə ondan başlayaq ki, birinci məlumat tamamilə doğru məlumatdır, ikinci məlumat isə məqsədyönlü yayılan xəbərdir. Çünki məlumatı o qədər şişirtmək lazım deyil. İzləyicilərin, soydaşlarımızın nəzərinə öncə Tiflisdə olan məsələnin təfərrüatlarını çatdırmaq istərdim. Daha sonra Dmanisi haqda dolğun danışacağam. Məsələ budur ki, Tiflisin mərkəz rayonlarının birində – bizim dədə-babadan “Meydan” adlandırdığımız kükürdlü suyun çıxdığı “Hamamlar” deyilən məhəllədə gənclər arasında baş vermiş münaqişədə çox təəssüf ki, bir nəfər azərbaycanlı dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb. Xəsarət alanlar hazırda xəstəxanadadırlar. Onların birinə kürd əsilli şəxs tərəfindən zərbə yetirilib. Münaqişənin baş verdiyi yerdə SSRİ-nin vaxtından “İtalyanskiy dvor” adlandırılan çoxmillətli məhəllələr var. Çoxsaylı müxtəlif millətlər bir-biri ilə qonşuluqda yaşayırlar. Bu, milli zəmində yox, daha çox “məhləarası” münaqişədir.
 
 – Yəni Tiflisdəki hadisə kriminal zəmində baş verib?
 
– Bəli, ola bilsin ki, kriminal zəmində baş verib. Yaxud qonşular arası zəmində, ya da içkili halda baş verib. Təfərrüatlar tam məlum deyil. Aldığımız informasiyaya görə, ailə üzvləri belə bilmirlər ki, bu münaqişə sırf milli zəmindəmi düşüb… Bu hadisəni mən insanlararsı, məhlə münaqişəsi kimi təsnif edərdim.
 
Dmanisi məsələsində isə, biz izlədik ki, çox təəssüflər olsun, milli zəmində qarşıdurma yarandı və milli zəmində qarşıdurma alovlandırmağa cəhd göstərildi. Ona görə, mən Dmanisi hadisəsinə daha çox diqqət göstərmək istəyirəm. İnşallah, Tiflisdə baş verən hadisələrin iç üzü soydaşlarımıza şəffaf şəkildə aşkar olunar. Dmanisi məsələsi budur ki, çox təəssüf, 90-cı illərdən bu günə qədər, yəni Gürcüstanın bütün hakimiyyətlərinin dövründə Dmanisi, Marneuli, Bolnisi eko-imiqrantların köçürüldüyü rayonlar olub. Eko-imiqrantlar Svaneti bölgəsindən köçürülmüşdü. Onlar azərbaycanlılar yaşayan məhlələrə, rayonlara köçürülməklə 90-cı illərdən başlamış milli zəmində qarşıdurmalar izləmişik. Amma iş orasındadır ki, heç bir hakimiyyət bu məsələnin kökündən həll oluması üçün cəhd göstərməyib, sadəcə olaraq, son dəfə baş vermiş hadisədəki kimi, barışdırmaq cəhdindən çıxış edib. İki tərəfin də şəklini, videosunu çəkərək xəbər verilib ki, münaqişə tərəflərini barışdırdıq. Amma insanların daxilindəki bir-birinə nifrət daha çox oyadılıb. Daha çox milli zəmində qarşıdurmalar yaranması üçün ocaqlar, közlər saxlanılıb. Milli zəmində qarşıdurma yaratmaq üçün bu günki hakimiyyət əlindən gələn hər cür oyunu oynadı. Məsələ ilk öncə bu nöqtədən başladı ki, azərbaycanlılar işlətdiyi marketə gürcü kökənli bir şəxs içkili halda gəlir və marketdəki şəxslərlə onun arasında qarşıdurma yaranır. Bunu mən ilk öncə belə dəyərləndirirəm ki, belə hadisə bir azərbaycanlı ilə digər azərbaycanlının arasında baş verə biləcək prosesdir. Yəni çox asanlıqla problem çıxa bilər. Amma arxasınca gələn oyunlar bizi narahat edir. Bu səbəbdən, hər kəs olaya ciddi və həssas yanaşmalıdır. Hadisə niyə milli zəmində olan prosesə çevrildi? Azərbaycanlılar  elan etdilər ki, hadisənin səhəri günü saat 11-də Dmanisidə həmin marketin ətrafında aksiya keçirəcəyik. Bunu hər kəs – hakimiyyət, ictimaiyyət, hakimiyyət tərəfindən olan parlament üzvləri azərbaycanlılar bildilər ki, bu aksiya olacaq. Aksiya keçrilən yerlə svanların yaşadığı yerin arası dörd kilometrə yaxındır. Buna baxmayaraq, polislər imkan verdi ki, qarşıdurmada zərər çəkmiş insaların qohumları, yaxınları svanlar yaşayan məhəlləyə qədər getsinlər və orada da azərbaycanlıları həmin eko-imiqrantlar qarşılasın, söz deyişməsi olsun, ardınca da hammız gördük ki, hadisələr hansı istiqamətə yönəldi. Tərəflər bir-birinə daş atdılar. Hətta eko-imiqrantların əlində dəmir parçaları, ağac parçaları var idi. Yəni münaqişə tərəflərinin bir-biri ilə yenidən qarşılaşmasına kim imkan verdi? Hakimiyyət – polislər. Bu günki hakimiyyətin – “Gürcü arzusu”nun marağındadır ki, Gürcüstanda milli zəmində hər hansı qarşıdurma yaransın. Ona görə, bu münaqişənin qarşısını heç bir şəkildə almadılar.
 
– Yəni hakimiyyət təxribatın qarşısını almaq əvəzinə, məqsədli şəkildə qarşıdurmanın böyüməsinə şərait yaradıb…
 
-Bəli, elə bu hakimiyyət nəinki təxribatın qarşısını almadı, yaxud almaq istəmədi, əksinə xalqı təxribata çəkdi. Dörd kilometri piyada gedən emosiyaya qapılmış, “Bizi döyən insanlara qarşı biz də gedək müqavimət göstərək” kimi emosional şüarlar səsləndirən azərbaycanlıların qarşısına çıxmayan bir hakimiyyət var – “Gürcü arzusu” hakimiyyəti. Bu hakimiyyət azərbaycanlılar üzərindən öz siyasi oyunlarını həyata keçirir, hər iki tərəfdən avtoritet sayılan insanların adını çəkərək, baş verənlərin qarşısını almağa çalışırlar. Halbuki mən də daxil olmaqla, gürcü kökənli azərbaycanlılar hakimiyyətə müraciət etdik ki, məsələyə qanun çərçivəsində baxılsın. Yəni hər hansı tərəfdən qanunu pozmuş şəxslər varsa, milli, yaxud dini ayrı-seçklik etmədən onların cəzalandırlımasını tələb etdik. Amma çox təəssüf olsun  ki, bu günədək heç kim cəzalandırılmayıb, heç bir istintaq aparılmır, istintaqın nə başlanğıcı, nə nəticəsi yoxdur. Bu səbəbdən düşünürəm ki, insanların arasında bu kimi qığılcımlarla milli zəmində münaqişə yaratmağa çalışan və onları təxribata sürüyən birbaşa hakimiyyətdir. “Gürcü arzusu” birbaşa bu məsələnin başında durur, çox təəssüf ki, insanların hissiyyatı ilə oynayırlar.
 
Tərəflərin barışdırılmasına dini liderlər də cəlb olunuşdu. Müəlmanların dini liderləri və Gürcüstan Patriarxlığının nümayəndəsi prosesə cəlb olunmuşdu. Patriarxlığın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərliyi – İkinci İlyanın təmsilçisi öz şəxsi “Facebook” səhifəsində barışıq olandan sonra bizi düşmən adlandıran status yazmışdı. Hakimiyyətin həlli variantı məsələnin çözülməsi deyil, bu günki vəziyyətin az da olsa sakitləşdirilməsi və təxribatın da müəyyən qədər yatırılmasıdır.
 
– Sizcə, təxribatın törədilməsində “Gürcü arzusu”nun siyasi maraqları nələrdir?
 
– Bildiyiniz kimi, “Gürcü arzusu” bu gün Rusiyayla çox sıx əlaqədədir. Gürcüstanda onları “Gürcü arzusu” yox, daha çox “Rus arzusu” adlandırırıq. Gürcü kökənli siyasətçilərimiz də bunu deyirlər. İzləyicilərimiz elə düşünməsin ki, indi baş verən hadisələrə görə mən onları belə adlandırıram. “Gürcü arzusu”nun adı bu ölkənin siyasi arenasında “Rus arzusu” adlandırılır. Bilirsiniz ki, rus imperiyasının bu regionda daim siyasi maraqları var. Onlar daim öz oyunlarını oynayırlar, öz maraqlarını diqtə etmək arzusundadırlar. SSRİ dağılandan sonra rus imperiyası yenə də bizim regionda hegemonluğu ələ keçirməyə çalışır. Necə ki, İkinci Qarabağ müharibəsində öz oyununu oynayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə imkan vermir, eyniilə həmin oyunu da burada oynamağa çalışır. Regionumuzda münaqişə, qarşıdurma ocaqları yaradır ki, sabah o nöqtələrdən istifadə edərək, Rusiyadan uzaqlaşma siyasəti gedəndə burada təxribat törədə bilsinlər.
 
– Əhməd müəllim, sizcə, Gürcüstanda baş verənlər Zəngəzur dəhlizi ilə bağlı ola bilərmi? Yəni təxribatlar Azərbaycanın diqqətini Zəngəzur dəhlizindən yayındırıb, Gürcüstana cəlb etmək məqsədi ilə törədilə bilərmi?
 
(Ardı var)
 
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az