Britaniya kral ailəsinin başı bəlalı oğlu - 17 YAŞLI QIZLA...

Baxış sayı:
2397

Britaniya şahzadəsi, York hersoqu Andrew-nun başı bəladadır. Buna səbəb, seks trafikinqində ittiham olunmuş, mərhum maliyyəçi Jeffrey Epstein-lə əlaqədar qalmaqallı açıqlamalar olub.

59 yaşlı şahzadə, 18 il əvvəl, Epstein-in vasitəsilə yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir.

Virginia Roberts (hazırda Virginia Giuffre) adlı 35 yaşlı amerikalı qadın 2001-ci ildə Jeffrey Epstein vasitəsilə Londona gətirildiyini və 17 yaşında ikən şahzadə Andrew da daxil, bir neçə şəxslə cinsi əlaqəyə məcbur olunduğunu iddia edir. Bu həftə o, həmin iddiaları BBC-nin Panorama proqramının efirində təkrarlayıb.

Britaniya taxt-tacına sayca səkkizinci namizəd olan şahzadə iddiaları dəfələrlə rədd edib.

Virginia Giuffre-nin sözlərinə görə, 2011-ci ildə o, şahzadə Andrew ilə Londondakı gecə klublarından birinə baş çəkəndən sonra bir evə gedərək orada sekslə məşğul olublar.

"O, nəyin baş verdiyini bilir, mən nəyin baş verdiyini bilirəm. Ancaq ikimizdən yalnız birimiz həqiqəti deyir."

Şahzadə Andrew Virginia Giuffre ilə hər hansı cinsi əlaqənin olduğu barədə iddiaları qətiyyətlə qəbul etmir. BBC-yə verdiyi müsahibədə o, Jeffrey Epstein-in işlərindən bixəbər olduğunu, Virginia Giuffre adlı şəxsin yadına düşmədiyini deyir.

2008-ci ildə, seks trafikinqdə ittiham olunan Jeffrey Epstein 18 aylıq həbs cəzasını çəkəndən sonra maliyyəçi ilə britaniyalı şahzadə arasında əlaqələr bərpa olundu.

İyun ayında seks trafikinqin təşkili və şahidlərin susdurulmasında ittiham olunan Jeffrey Epstein yenidən həbsə alındı. Avqust ayında isə, o, saxlanıldığı kamerada ölü tapıldı.

Bu hadisə yüzlərlə səhifə məhkəmə sənədləri dərc edildikdən, Jeffrey Epstein-ə və onun yüksək rütbəli tərəfdaşlarına qarşı yeni ittihamlar ortaya çıxdıqdan bir gün sonra baş verib.

Maliyyəçinin New York-da, həbsxana şəraitində necə öldüyünü araşdırmaq məqsədilə istintaq davam edir.

Qüdrətli dostlar

New York-da doğulan Epstein-ə qarşı cinayət işi açıldıqdan əvvəl o, öz sərvəti və yüksək rütbəli şəxslərlə əlaqə qurduğuna görə tanınırdı.

Onunla britaniyalı şahzadənin bir yerdə olması nadir səhnə sayıla bilməz: Epstein tez-tez varlı və qüdrətli adamlarla oturub-dururdu. Onların arasında Donald Trump və Bill Clinton kimi adlar qeyd olunur.

Şahzadə Andrew amerikalı maliyyəçi ilə ziddiyyətli tanışlığına görə təəssüf keçirdiyi deyib.

1990-cu illərdə təməli qoyulan bu əlaqələrin qalmaqallı nəticəsi səbəbindən York hersoqu ictimai səlahiyyətlərindən imtina etməli olub. Bir sıra fond və qurum əməkdaşlığını dayandırıb. 2011-ci ildə şahzadə Andrew ölkəni xaricdə təmsil edən ticarət elçisi vəzifəsindən istefa vermişdi.

Şahzadə Andrew və Azərbaycan

Şahzadə Andrew Britaniyanın Ticarət və İnvestisiya üzrə xüsusi nümayəndəsi olub və bu vəzifəsi daxilində dəfələrlə Azərbaycana səfər edib. 2012-ci ildə belə səfərlər barədə The Telegraph nəşri yazıb.

"Hersoq Azərbaycana o qədər tez-tez səfər edir ki, yerli media onun regionda biznes əlaqələri, o cümlədən Xəzər Dənizi sahilində qolf kurortuna sahib olmasına dair spekulyasiyalar edib. Buckingham sarayı bu iddiaları rədd edir".

Nəşr həmin dövrdə şahzadənin Azərbaycan prezidentini beş ildə səkkiz dəfə ziyarət etdiyini qeyd edir. Səfərlərdən ikisi "tam özəl" kimi təsvir olunur, - The Telegraph yazır.

59 yaşlı Şahzadə Andrew-nun rəsmi, işgüzar və qeyri-rəsmi təmasları geniş olub. Vaxtilə media, onun "Ərəb baharı"nın ardınca devrilən Liviya və Tunis liderlərinin qohumları ilə müntəzəm təmasları barədə yazıb.

Onun Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevlə əlaqələri də qeyd olunub. Məlumatlara görə, 2010-cu ildə cənab Kulibayev şahzadə Andrew-nun Berkshire qraflığında yerləşən evini dəyərindən daha üstün qiymətə almışdı.

İsveçrə prokurorluğu, Kulibayevin əməliyyatlarını çirkli pulların yuyulması üzrə aparılan işlə bağlı araşdırmışdı.

Britaniya kral ailəsinin üzvünə qarşı heç bir ittiham irəli sürülməyib.

Lakin Epstein-in işi ilə bağlı ABŞ-da araşdırma aparan hüquqşünaslar onu aydınlıq gətirməyə səsləyirlər.

"Andrew və Buckingham sarayı üçün bu hadisə getdikcə daha da ciddiləşəcək", - Newsnight proqramına danışan, BBC-nin sabiq kraliyyət müxbiri bildirir. - Çünki ABŞ məhkəməsində ən azı bir, bəlkə də bir neçə araşdırma aparılacaq."

Michael Cole hesab edir ki, bu işi Scotland Yard (Londonda polis qərargahı -red.) daxilində ört-basdır etmək mümkün olmayacaq.