Brejnevin ayaqqabıları... - QAYDASIZ GÜLÜŞ

- Leonid İliç, Azərbaycana xoş gəlmisiniz.
- Mən Azərbaycana hələ 1982-ci ildə xoş gəlmişdim. Onda da demişdim, indi də deyirəm, Azərbaycan iri addımlarla irəliləyir.
Beləliklə, Modern.az-ın yeni “Qaydasız gülüş” rubrikasının ilk “qonağı” Leonid İliç Brejnevdir.
18 il SSRİ-yə rəhbərlik etmiş Leonid İliç Brejnev yaddaşlarda təkcə durğunluq illərinin müəllifi kimi deyil, həm də bir az baməzə, bir az maraqlı, bəlkə də bir az qeyri-ciddi siyasi lider kimi qalıb. Sözsüz ki, bütün bunların nəticəsində də yarıciddi, yarızarafat lətifələr meydana çıxıb.
Payız günlərinin birində iş gününün sonunda Brejnev Kremlin dəhlizlərində gəzişir. İlk qarşısına çıxan Suslov olur və o Baş katibi görən kimi dayanır. Brejnev onu başdan ayağa süzəndən sonra deyir:
- Mişa, niyə dayanmısan, işləmək lazımdır. Sovet ideologiyası dinamik, daima hərəkətdə olmalıdır.
- Leonid İliç, biz dayansaq da, ideologiyamız SSRİ-nin ən ucqar yerlərində, hətta həbsxanalarında belə, sizin böyük “Kiçik torpaq” əsərinizlə ürəkləri fəth edir.
- Mişa, mən o kitabın üstündə çox əziyyət çəkmişəm. Arada onun bir nüsxəsini gətir özüm də oxuyum.
- Leonid İliç, icazənizlə sizə bir deyəcəyim var.
- Yenə Andropov haqqındadı?
- Xeyr, Leonid İliç, siz ayaqqabılarınızı səhv geyinmisiniz, bir tayı qara, o biri tayı sarıdır.
- Mişa, bəlkə sən elə düşünürsən ki, mən qocalmışam və ya daltonikəm? Səhər bunları geyinəndə gördüm ki, fərqli rənglərdir, qayıtdım otağa o biri ayaqqabılarımı geyinim, gördüm ki, onların da bir tayı qara, o biri tayı sarıdır.
1982-ci ilin qarlı yanvar günündə Suslovun dəfni ilə bağlı matəm mitinqi keçirilir. Hamı, bütün “politbüro”, Mərkəzi Komitənin üzvləri müəyyən olmuş vaxtda öz yerini tutur. 1 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə hamı sakit dayanır və gözləyirlər ki, Leonid İliç matəm mitinqinin açılışını etsin.
Brejnev soyuğun təsirindən bir təhər olaraq yanında dayanmış Andropova deyir:
- Yura, bu siyasi tərbiyəsizlikdir. Həmişə olduğu kimi bu soyuqda da biz yenə Suslovu gözləməliyik. Mən ona partiya cəzası verəcəm.
- Leonid İliç, biz hazırda Suslovu dəfn mərasimindəyik.
- Doğurdan??? Suslov ölüb??? Pust zemlya budet puxom.
 Nəvəsinin uzun-uzadı təkidindən sonra Brejnev onu Mavzoleyə aparır. Nəvə mavzoleyi gəzib dolaşdıqdan sonra babasından soruşur:
- Baba, səni də öləndən sonra bura qoyacaqlar?
- Əlbəttə...
Brejnev sözünü bitirməmiş Lenin başını qaldırıb əsəbi səslə qışqırır:
- Lyonka, bura sizin üçün yataqxana-zad deyil. O bığlı kişidən canımı bir təhər qurtardım, indi də sən başlamısan?
 Növbəti dəfə nəvəsi Brejnevdən onu şəhər gəzintisinə çıxarmağı xahiş edir. Baba və nəvə Moskvanın bütün görməli yerlərini gəzirlər və şəhər əhalisi hər yerdə Brejnevi ehtiramla salamlayırlar. Bunu hiss edən nəvə babasından soruşur:
- Baba, mən də böyüyəndə Baş katib ola bilərəm?
- Yox
- Niyə axı?
- Bir ölkəyə iki Baş katib nəyə lazım...
Zavodların birində fəhlələrlə görüş keçirilir. Fəhlələrdən biri Brejnevə sual verir:
- Leonid İliç, siz təsdiqləyirsinizmi ki, biz kommunizmə gedən yoldayıq?
- Əlbəttə biz bu yolu gedirik...
- Bəs onda niyə mağazaların piştaxtaları boşdur?
- Biz yolda olan zaman sizə ərzaq vəd etməmişik.
 Marqarit Tetçer SSRİ-yə səfər edir. Qonaq yüksək təntənə ilə qarşılanır və Breynevlə görüş başlanır. Brejnev əlindəki çıxışı götürüb tribunaya qalxır:
- Əziz, İndira Qandi!
Köməkçi tez yaxınlaşıb Brejnevin qulağına pıçıldayır ki, qonaq Marqarit Tetçerdir.
Brejnev davam edir:
- Əziz, İndira Qandi!
Köməkçi növbəti dəfə yaxınlaşır və Brejnevin qulağına pıçıldayır:
- Leonid İliç, qarşınızda əyləşən xanım İndira Qandi yox, Marqarit Tetçerdi.
Brejnev əsəbi halda köməkçisinin üstünə qışqırır:
- Əşi, əl çək də, guya mən bilmirəm o Marqarit Tetçerdi? Kağızda yazılıb İndira Qandi, vəssalam...
 
Jurnalist Brejnevdən soruşur:
- Leonid İliç, hobbiniz varmı?
- Əlbəttə, özüm haqqında olan lətifələri toplamaq ən böyük hobbimdir.
- Təxminən nə qədər lətifə toplamış olarsınız?
- Dəqiq deyə bilmərəm, amma hər halda Leninin əsərlərindən çoxdur.
 
Bax elə bu cavab da Leonid İliç haqqında olan yarıciddi, yarızarafat həqiqətlərdən biri...