Biz tolerant olaqmı?

“Tolerant” sözünü Qərbdə pərdə arxasından boylanan ayıq çoxbilmişlər xüsusi məqsədlərlə bizə sırımağa çalışırlar...

Axı, millət də öz qonaqpərvərliyi, beynəlmiləlçiliyi, “tolerantlığı”, “multikulturalizm”i ilə öyünərmi?

Bu günlərdə millət vəkili Asim Mollazadə televiziya kanallarının birində haqlı olaraq “tolerant” sözünün yaxşı söz olmadığını, təhqir anlamında işlədildiyini söylədi. Bunu mən də belə bilirdim və bir-iki il öncə Facebook səhifəmdə bu sözün dilimizdə kök salmasını ziyanlı adlandırmışdım. T.A.Sirotinanın tərtib etdiyi “Sovremennıy Anqlo-Russkiy, Russko-Anqliyskiy slovar” kitabında (Moskva, 2005) “tolerant” sözünü yenidən axtardım və onun ruc dilində “terpimıy” olduğunu tapdım. “Terpimıy” sözü bizim dilimizdə “dözümlü” deməkdir. Bu da “isti-soyuğa dözümlü”, “aclığa-susuzluğa dözümlü”, “təhqirə-alçaldılmaya dözümlü”… kimi bir sıra anlamlarda işlədilr.
Deyilənlərdən “isti-soyuğa dözümlü”, “aclığa-susuzluğa dözümlü” “biz tolerant millətik” “qüruru”na cavab verməyən məişət anlayışlı deyimlərdir. Təhqirə, alçaldılmaya dözümlülükdə şəxsin (millətin) şəxsiyət-mənlik məsələsi dayanır. Şəxsiyyəti, mənliyi qorumaq insanın insan olmasına dəlalət edir. Şəxsiyyəti, mənliyi olmayan kəsə (millətə) onu qorumaq önəm daşımaz: üzünə tüpürərsən, üzünə qımışar, özünə cansağlığı dilər. Odur, insanın (millətin) öz “tolerantlığ”ı ilə fəxr etməsi  öz şəxsiyyətsizliyi, mənliksizliyi ilə fəxr etməsi deməkdir. Sözsüz, “tolerant” sözünü Qərbdə pərdə arxasından boylanan ayıq çoxbilmişlər xüsusi məqsədlərlə bizə sırımağa çalışırlar. Doğrudur, biz özümüzü “tolerant millət” adlandırırıq, ancaq onlar bizə “tolerant millətsiniz” demirdilər.
Qərbli dostlarımız (onlardan biri ABŞ-ın Azərbaycandakı səfiri) deyəsən bizim ayıla biləcəyimizi duyaraq dünyanın bizi “tolerant” ölkə kimi tanıdığını bu günlərdə yadımıza saldı. Onlar, demək istəyirlər, “haraya qaçmaq istəyirsiniz?”. Zamanında Kazimirov da mətbuatda “Dağlıq Qarabağ münaqişəsi” əvəzinə, “Ermənistan-Azərbaycan müharibəsi” sözünü görüb rahatsızlıq keçirmişdi (onun qəzetdə getmiş fikrini indi də saxlayıram).
“Tolerant” sözünü bizə sırıyanlar istəmirlər bizi özləri açıq şəkildə təhqir etsinlər, istəyirlər, özümüz özümüzü onların istədiyi kimi təhqir edək. Biz də eləmirik tənbəllik, beləcə də edirik (“multikulturalist” termininin də bizə şərəf gətirəcəyini düşünmürəm). Axı, belə terminlər axtarmağa nə lüzum var? Biz özümüzə ziyan gətirən terminlər axtarmaq əvəzinə, gedib öz işlərimizlə məşğul olmalı deyilikmi?
Bir zamanlar bolşeviklər boynumuza “beynəlmiləlçi”lik qoymuşdular və “beynəlmiləlçi”liyimizdən istifadə edərək lazım bildikləri millətləri gətirib “boynumuza mindirirdilər”. Çobanla, pambıqçı ilə, müəllimlə, həkimlə... danışanda, onlar söhbətlərinin giriş hissəsində “biz beynəlmiləlçi millətik” deyirdilər. İndi də qərblilər boynumuza “tolerant”lıq qoyub bolşeviklərin gətirdiklərindən də aşağılayıcı işləri başımıza gətirmək istəyirlər. Bu, belədir, başqa cür deyil! Millətimizi təhqir edəndə dözsək, olarıq milli tolerant! Dinimizi təhqir etsələr, dözsək, olarıq dini tolerant!
“Tolerantlıq”ı üstümüzə götürüb özümüz özümüzü təhqir etməməliyik,  təhqir olunmağımıza da yol verməməliyik. Belə olmağımıza sevinərlər, ürəklərində də deyərlər: “bu, necə millətdir?!”. Mən millətin sıradan bir üzvü olaraq “tolerant” deyiləm. Ona görə də, “tolerant” olmaq istəyənlərdən bunu nəzərə almasını xahiş edirəm.
Xalq elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, qəhrəmanlıq tarixi, dövlət bayrağı ilə fəxr edər. Xaricdən qonaq gələndə o, məktəblərə, elm mərkəzlərinə, muzeylərə, teatrlara, tarixi yerlərə, konsertlərə, görüşlərə aparılmaq əvəzinə, kafelərə, restoranlara, dükanlara aparılır; xalqa özünü sevdirmək əvəzinə, beynəlmiləlçilik təbliğatı ilə başqalarını sevdirməyə çalışılır; elmimizin, mədəniyətimizin, tariximizin təbliği əvəzinə,  “qonaqpərvərliyimiz” təbliğ olunur; vüqarlı, qürurlu, zəngin tarixi keçmişə malik, dünya elminə, ədəbiyatına, mədəniyətinə, incəsənətinə tarixən böyük töhfələr verən xalq olduğumuz təbliğ olunmalı olduğu halda “təhqirə dözümlü xalq” olmağımız təbliğ olunur.
Xalqımızın keyfiyətlərini klassiklərimiz də görməmiş olmazdılar. Niyə onlar onun beynəlmiləlçiliyi, qonaqpərvərliyi, “tolerantlıq”ı, “multikulturizm”i ilə fəxr etməyiblər? Çünki, düşünüblər, xalq ilk öncə özünü sevməlidir. Söhbət “özünüsevərlik”dən getmir, özünü sevməkdən gedir. Özünüsevərlik eqoizmlə bağlıdır, özünü sevmək isə öz elmini, mədəniyətini, ədəbiyatını, tarixini, bayrağını, mədəni, mənəvi keyfiyətlərini sevməklə. Təsəvvür edin, evinizə qonaq gələ, onu yedirib-içirəsiniz və deyəsiniz: “mən necəyəm, qonaqpərvərəm?”, ya da başqa millətdən olan qonağınıza döşünüzə döyüb deyəsiniz: “mən beynəlmiləlçiyəm”; bir də, deyəsiniz: “mən tolerant”am, təhqirə dözənəm. Axı, millət də öz qonaqpərvərliyi, beynəlmiləlçiliyi, “tolerantlıq”ı, “multikulturalizm”i ilə öyünərmi? Belə keyfiyətlər varsa, bunları başqaları dəyərləndirə bilər. Bundan ötrü heç də bizə rəğbət bəsləməzlər, düşünüb-daşınıb deyərlər: bunlar insana aid keyfiyyətlərdir, səndə varsa, çox yaxşı! Müşahidələrə görə, “belə kökə salınmağımıza” çalışanlar tapılır, biz də asanca salınırıq. Ona görə də özümüzdən başqa hamıya inanırıq, rəğbət bəsləyirik, öz alimlərimizə, yazıçı və şairlərimizə... deyil, başqalarınkına inanırıq, istinad edirik. Öz millətimizə inamsızlığımızın, biganəliyimizin kökü buradadır.
Yaxın tariximizdə ermənilər bizimlə müharibəyə başlayan gündən “Dağlıq Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağ problemi” deyimləri Rusiya mətbuatı vasitəsilə ardıcıl olaraq yayılmağa başladı. Amansız bir müharibəni (Ermənistan-Azərbaycan müharibəsini) məqsədli şəkildə adi qonşulararası münaqişə kimi göstərdilər. Ermənilər üçün xeyirli, özümüz üçün ziyanlı olan bu deyimləri bizdə də hamı çox dəyərli bir “tapıntı” kimi həvəslə, israrla işlətməyə başladı. “İsrarla” ona görə deyirəm, o zamanlar bu deyimlərin ermənilərin mənafelərinə xidmət etdiyini, “erməni diplomatiyasının ayaqlarından biri” olduğunu israrla deyənlər, bunu işlətməməyi təkidlə tələb edənlər də var idi. Ancaq buna məhəl qoyan tapılmadı. Sonralar həmin deyimlər erməni diplomatiyasına yardımçı oldu, ciddi şəkildə bizim ziyanımıza işlədi, haqq sözümüzü hər yerdə əngəllədi. Bu müharibədə ermənilər üçün qazanc güdənlər “ATƏT” yaratdılar və bizi əllərindəki faktlara söykənib avam sayaraq dedilər: məsələni ermənilərlə öz aranızda “danışıqlar yolu ilə” çözün! Düşünülmüş məntiqə bir baxın: doğrudan da, müharibədən fərqli olaraq, münaqişəni danışıqlar yolu ilə çözərlər!
Zaman göstərdi, münaqişəni danışıqlar yolu ilə çözmək mümkün olsa da, müharibəni danışıqlar yolu ilə çözmək olmur. Tolerantlıq insanı (milləti) alçaldandan, təhqir edəndən sonra onu danışıqlar yolu ilə ucaltmaq olmaz.
İnanıram, “tolerant” sözü ziyanlıdır və gələcəkdə bir daha ziyanlı fəsadlar verər. Belə çıxacaq, biz üzümüzə tüpürənin üzünə qımışan, təhqirə dözəm millətik…  

Bəhmən Sultanlı, "Hürriyyət"
22.09.2015