BİZ – Əlisa Nicatın yazısı

Xalq və millət olmaq üçün hansı xüsusiyyətlər əsasdır?

Əhali, xalq, millət anlayışlarının nə demək olduğunu, mahiyyətcə necə olduğu, bir-birlərindən nə ilə fərqləndikləri barədə elmi nəzəriyyə və qənaətlərdən  tamamilə xəbərsiz olan, hətta bu  nəzəriyyələri dərk və əxz etmək, anlamaq imkanında olmayan, amma problemin müzakirəsinə girişən və anlamadığı yerdə özünü mütəxəssis hesab edənlər çoxdur və harda aş varsa, orda da başdırlar.
Məsələnin heç əlifbasından belə xəbəri olmaya-olmaya  meydana atılıb mən də varam deyənlər hər yerdə var. Halbuki Nyutonun yer kürəsinin günəş ətrafında daim fırlanmasının cazibə adlı dəyişməz fiziki qanun əsasında baş verdiyini sübut etdiyi kimi hər hansı bir  ərazi və arealda yaşayan  eyni dildə danışan insan  toplumunun   əhali, xalq və millət olmasının da  bioloji qanunları var.
Bu qanunları böyük tarixçi, etnoloq, bioloq və mütəfəkkir Lev Qumilyev hələ 50 il əvvəl  “Priroda”  jurnalının iki nömərsində çap olunan məqaləsi ilə problemin bütün mahiyyətini ümumiləşdirib məsələyə yekun vurmuşdur.
Eyni  ərazidə yaşamaq, eyni bir dildə danışmaq, eyni bir dinə etiqad etmək və s.  xüsusiyyətlərin daşıyıcıları heç də xalq və millət adlanmaq üçün kifayət deyil.
Bəs xalq və millət olmaq üçün hansı xüsusiyyətlər əsasdır? Bunu müəyyən etmək üçün kartofsatan və ya akademik olmağın da heç bir rolu yoxdur.
Mən burada  “tarixi-nadir”  açmağa, uzun-uzadı mühakimələr yürütməyə lüzum görməyib bir neçə sadə və əyani misal gətirməklə kifayətlənəcəyəm.
Əvvələn, heç bir xalqın küll halında Sabir və ya  Mirzə  Cəlili yoxdur. Xalqlarının bu və ya  digər xüsusiyyətlərini tənqid edənlər çoxdur.  Xüsusən də Rusiyada.  Qoqol və ya Saltıkov-Şedrin  çox parlaq nümunə göstəriblər. Eləcə də digər xalqlarda. Məsələn hətta millətçilikləri tüğyan edən  ermənilərdə və ya uzaq Fransada belə, bu cür şair və yazıçılar olublar.  Bizim Sabir isə  baltanı elə kökündən vurub ki, onun yazdıqlarını  başqa ölkələrdə qətiyyən başa düşmürlər. Çünki böyük şair  insana məxsus olan  və ya olmayan bütün eyibləri  bizimkilərdə olduğu ürək yanğısı ilə təsvir edib.
Və ya başqa bir misal. 1970-ci illərdə Moskvada ümumittifaq radio və televiziya komitəsinin Anver Mamedov adında bir azərbaycanlı sədr müavini vardı. Onun vəzifədə olduğu illər ərzində bir nəfər də olsun azərbaycanlı  şair, yazıçı, jurnalist və ya başqa sənət sahibi nəinki gəlib ümumittifaq radio və televiziyasında çıxış edə bildilər, heç ümumiyyətlə komitənin həyətinə belə, daxil ola bilmədilər. Çünki Anver Mamedov belə tapşırmışdı. Bəs niyə? Rəhbərlikdə deməsinlər ki, bəs Anver Mamedov millətçilik edib  özünküləri qabağa verir. Halbuki, nə qədər azərbaycanlı gedib ümumittifaq radiosunda çıxış etsəydi belə, heç kim buna əhəmiyyət verməyəcəkdi. Çünki bu radio və televiziya bütün SSRİ xalqlarına məxsus idi.
 Və ya  bunun əksinə bir misal:  alman filosoflarından biri  XIX  yüzilliyin əvvəllərindən  belə bir misal gətirir: İngiltərənin Madriddəki səfirliyi. Qışdır, gecə yarıdır, çöldə soyuq küləklər  əsir. Və səfirliyin qapısını iki nəfər döyür. Səfir gəlib kim olduqlarını soruşur. Biri ingilis, digəri isə yəhudidir. Səfir deyir ki, yalnız bir nəfərlik yer var və ingilisdən üzr istəyib ikincisini – yəhudini içəri buraxır. Məlum olur ki, səfir İngiltərə vətəndaşı və diplomatı olsa da, milliyyətcə yəhudidir. O əlbəttə ingilisi qaytarıb, yəhudini içəri buraxmaqla riskə gedir. Çünki məsələ aşkar olarsa, vəzifəsini itirə bilər. Amma yəhudi diplomatı bu cür riskə gedir.
İndi təsəvvür edin ki, həmin səfirin yerində azərbaycanlı olaydı və azərbaycanlı da qapını döyəydi. Səfir işçilərini çağırıb onu əzişdirib küçəyə atdırmasaydı, yaxşıdır.
Belə misallardan istədiyin qədər gətirmək olar.
Deməli,  hansı dildə danışmağın, haralı olmağın və  dini əqidənin ya əhəmiyyəti yoxdur, ya da çox cüzidir. Xalq, ən əsası isə millət olmağın birinci və ən başlıca şərti   “BİZ”   anlayışı və bu anlayışın da ən vacib xüsusiyyət daşımasıdır.
Bəli, bizdə  “BİZ”  anlayışı yoxdur. Bu yoxluğun  təməli  hələ Əhəməni və Sasani imperiyaları zamanında qoyulub.  Bir neçə qısamüddətli müstəqillik dövrləri   bizi  “BİZ”  olmaq  üçün kifayət etmədi. Sonrakı istilalar və sülalələr də bu düşüncələrdən çox uzaq oldu.  Doğrudur Şah İsmayılın və oğlu şah Təhmasibin hakimiyyət illəri zamanı bir balaca irəliləyiş oldu.   Amma bu irəliləyiş azərbaycanlı və Azərbaycan türkü deyil, qızılbaş şəklində ifadə olundu. İşin tərsliyindən və bədbəxtlikdən şiəlik son nəticədə  bütün  olub-qalan  “bizliklərimizi”  də məhv etdi və biz  millət kimi qanımızı içməyə hazır olan, bütün məqsədi bizi orijinal millət kimi  yox etməyə çalışan farslarla  “doğmalaşdırdı.”
Bir də Mirzə Fətəli, Sabir və Mirzə Cəlil başlarını qaldırıb gördülər ki, eyvah, biz heç kim deyil, nəsə əcaib bir şeyik. Xüsusilə Sabir bizi   “əcib”  adlandırırdı.  Məlum oldu ki, biz tamamilə sürü və əhaliyik. Xoşbəxtlikdən təbiət qanunları cəmiyyət qanunlarından və insan  psixologiyasından güclüdür. Və bu güc öz ərazisində yaşayan bugünün degenerasiya dövrlərindən sonra çaqqal sürüsü içində də aslanların doğulmasına  səbəb olur. Heç bir yadelli gen bu gücün qabağını  almaq imkanında deyil və ala bilmirlər.
Hətta bu ağır dövrdə də  OĞULLAR  doğulur və doğulacaq.
Bütün bunları vaxtilə  “Artakserks və Midiya türkləri” romanında əks etdirmişik.
Bəli, ümid lap sonda ölür. Bəlkə bizdə də belə olacaq. Çünki əhalidən “BİZ”ə çevrilmək üçün bizim Məmmədxan demişkən, azı iki nəsillik bir gərgin iş və  Mircəfər kimi başçı lazımdır. Bu isə yalnız   təbiətin işə qarışması nəticəsində mümkündür. Bizə qalsa, heç vaxt baş  verə bilməz.
 
Əlisa  NİCAT