​BİRLİKDƏ OLMALIYIQ..!

Baxış sayı:
22448

Azərbaycannda siyasi və sosial-iqtisadi gərginlik pik həddinə çatmaqdadır. Siyasi hakimiyyət bir partiyanın monopoliyasına çevrildiyi kimi, ölkənin bütün sərvəti də ayrı-ayrı oliqarxların əlində cəmləşib. Korrupsiya və rüşvətxorluq adi hala çevrilib. Qanun boşluğundan yararlanan məmurlar ağına, bozuna baxmadan talançılıq edir, rüşvət və korrupsiya yolu ilə əldə etdikləri paraları onlar üçün hələ ki, təhlükəsiz olan xarici banklara yatırırlar. İnfilyasiya, qiymətlərin süni şəkildə artırılması xalqın onsuz da ağır olan sosial vəziyyətini daha da çətinləşdirir. On minlərlə insan iqtisadi çətinliklərdən, sosial ədalətsizlikdən can qurtarmaq üçün mühacir həyatı yaşamağa, ölkəni tərk etməyə sürüklənir. Haqqını, hüququnu tələb edən insanlar polis zorakılığına, şiddətə, həbsə məruz qalır. Müstəqil mətbuat, qeyri-hökumət təşkilatları, siyasi partiyalar iflic halına salındığına, onların sərbəst fəaliyyətinə qadağalar qoyulduğuna görə hakimiyyət istənilən formada insanları əzməkdən çəkinmir, vətəndaşların haqlı tələblərini süngü ilə qarşılayır. Belə bir şəraitdə hər bir vətəndaşımızdan ictimai həyatın bütün sahələrində aktivlik tələb olunur. İnsanlarımız həbsdən, zorakılıqdan qorxmadan öz haqları uğrunda mübarizəyə qalxmalı, kütləvi etiraz aksiyaları keçirməklə rüşvətxor, korrupsiyalaşmış rejim nümayəndələrinə sözünü deməlidir. Milli Şuranın 19 yanvar tarixdə keçirəcəyi mitinq də məhz hakimiyyətin qanunsuz əməllərinin ifşasına, dövlət büdcənin dağıdılmasının qarşısının alınmasına, məhkəmə özbaşınalığına, siyasi həbslərə son qoyulmasına yönəlik bir etiraz aksiyasıdır. Biz bu cür aksiyaların gücü ilə hakimiyyətə ciddi təsir etməyin effektli olacağına inanırıq. Hakimiyyət bilməlidir ki, bu xalq ona qarşı olan ədalətsizliklərə, demokratiya və insan haqlarının kobud şəkildə tapdalanmasına, onların fundamental hüquqlarının pozulmasına biganə qalmayacaq və bu rejimin yaratdığı antidemokratik mühitdən qurtulmağın yollarını arayacaq. İnfrastruktur dəyişiklikləri, islahatlar adıyla imzalanan prezident sərəncamları illərlə yığılıb qalmış köklü problemləri həll etmək gücündə deyil və bu cür sərəncamlar xaqın gözündən pərdə asmağa xidmət edir. Ölkənin siyasi həyatında ciddi dəyişiklik etmədən, siyasi partiyaların sərbəst fəaliyyətinə şərait yaratmadan, söz-mətbuat azadlığını qorumadan, alternativ fikrə hörmətlə yanaşmadan, hakimiyyət bölgüsünə əməl etmədən, korrupsiya bataqlığına batan nazirləri ən ciddi şəkildə cəzalandırmadan heç bir struktur dəyişikliyi effekt verə bilməz. Hakimiyyət kürsülərindən demokratiya və insan haqları barədə bol-bol danışmaqdansa, demokratik dəyərlərə sayqı göstərmək, insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək haqda düşünməlidir. Bizim etiraz aksiyalarında öndə gedən şüarımız o olmalıdır ki, ya əsaslı siyasi, iqtisadi dəyişikliklərə start verilməli, korrupsiya və rüşvətə son qoyulmalı, azad mətbuat üzərində qadağalar götürülməli, müstəqil məhkəmə sistemi qurulmalı, siyasi plürallıq təmin edilməli, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bərpa olunmalı, büdcə talançılığına son qoyulmalı, Dağlıq Qarabağ probleminin həllində qələbəni təmin edən cəsarətli, düşünülmüş addımlar atılmalı, demokratya qənimi avtoritar Rusiyaya deyil, demokratiya beşiyi azad Avropa evinə və Qərbə inteqrasiya yolu tutulmalı, ya da bunların öhdəsindən gələ bilməyən hakimiyyət istefa verməlidir. Ölkəmizin xoşbəxt gələcəyi naminə hər bir vətəndaşımızı bu rejimə, onun illərdən bəri hökm sürən özbaşınalığına, talançılığına, üzücü siyasətinə, antimilli, antidemokratik mahiyyətinə yox demək üçün 19 yanvar “Məhsul” meydanında keçiriləcək etiraz aksiyasına qoşulmağa çağırıram. Xalqın iradəsini zorlayan hər bir avtoritar rejim bütün qaba üsullarla əzmək istədiyi, haqqını yediyi, milli sərvətini dağıtdığı, onun beynəlxalq nüfuzunu zədələdiyi xalqın günün biri kütləvi təpkisinə, dinc demokratik mübarizə yolu ilə taxtdan salınmasına hazır olmalı, demokratiyanın, insan haqlarının tək bir ölkə diktatorunun işi olmadığını yaxşı anlamalıdır. Biz demokratyanı, azad insan düşüncəsini qara çərçivəyə salmaq istəyən, lakin bəd əməllərinə, antibəşəri xislətinə görə özü beynəlxalq aləmin qara siyahısına düşən hakimiyyətdən qurtulmaq üçün bütün gücümüzü birləşdirməyin, bir olmağın vacibliyini qeyd edir, vətəndaşlarımızı kütləvi aksiyalarda çiyin-çiyinə verib səngər tutmağa çağırırıq. Əziz soydaşlarım, bizim hamımızın birgə yaşamağa, birgə xoşbəxt olmağa, babalarımızın bizə əmanət qoyduğu bir vətənimiz var. Bizə bu vətəndə yaşamağı, işləməyi, azad nəfəs almağı çox görənlərə yox deməyi, onları tarixin arxivinə göndərməyi bacarmalıyıq və bu yol izdihamlı aksiyalardan, total dirənişdən keçir. Biz azad, demokratik və ədalətli seçkilər yolu ilə formalaşmış hakimiyyətin başında durduğu, fundamental azadlıqların təmin olunduğu, insan şərəf və ləyaqətinin qorunduğu, dövlət və vətəndaş münasibətlərinin düzgün tənzimləndiyi azad dövlətin vətəndaşı olmaq istəyirik! İstəyirikmi!? İstəyiriksə, bu rejimdən qurtulmaq üçün 19 yanvar mitinqində BİRLİKDƏ olmalıyıq! Nuridə Quliyeva