BEYNƏLXALQ BANK ELMAN RÜSTƏMOVUN KREDİT BORCUNU GİZLƏDİB ? - AÇIQLAMA

Rəşad Həsənov: "E.Rüstəmova kreditin hansı formada verilməsinə dair məlumat yoxdur. Həmin kredit qısamüddətli idisə və hələ də qaytarılmayıbsa,bu, BB-nin problemli kreditləri sırasında olmalı idi, amma yoxdur"
"Beynəlxalq Bankın kredit portfelində qeyri-şəffaflıq çoxdur”.
Bunu "Sherg.az”a Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun banklardan götürdüyü 700 milyon manat məbləğində krediti qaytarmamasından danışarkən iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, araşdırmalar nəticəsində gecikmiş kreditlərin strukturu, aktivlərin dəyəri və s. sahələrdə şübhəli məqamlar məlum olub:
"Beynəlxalq Bank (BB) may ayında restrukturizasiya tələb edib. Lakin apardığımız audit hesabatlarının təhlili zamanı məlum olub ki, əslində BB-nin rəqəmlərində borcu ödəmək gücü var imiş və buna ehtiyac olmayıb. Göründüyü kimi həm aidiyyəti dövlət qurumları – Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və BB tələbi yerinə yetirməyiblər. Və nəticədə xarici kreditorlar, Neft Fondu qarşısında restrukturizasiya tələb edib. Əgər BB-nin borcunu ödəməyə imkanı yox idisə, deməli, əslində bank boş olmalıdır. Belə çıxır ki, maliyyə hesabatlarında əksini tapan rəqəmlər həqiqətə uyğun deyil.
Digər maraqlı məqam odur ki, BB öz hesabatlarına audit rəyləri daxil edir. Auditorlar necə olub ki, hesabatları dəstəkləyiblər?
2014-cü ilin 31 dekabrında bankın audit rəyi var və 2015-ci ilin mart ayında bankın keçmiş idarəedicisi istefa verir. Bununla bankın ciddi problemi olduğu və 6 milyard pulun yoxa çıxdığı məlum olur. Bu çox böyük rəqəmdir. 2014-cü ilin dekabrındakı hesabata görə, bankın aktivləri 9,2 milyard, öhdəlikləri isə 8,5 milyondur. Bu pulun 6 milyardı yoxdursa, audit rəyləri necə verilib?”
Restrukturizasiya mərhələsinə qədər dövlət tərəfindən Beynəlxalq Banka 11 milyard 700 milyon dəstək verildiyini deyən ekspertin sözlərinə görə, bu vəsaitlər müxtəlif yollarla çatdırılıb:
"Bu qədər dəstək olmasına baxmayaraq bank öz öhdəliklərini yerinə yetirmədi. Banka edilən dəstək onun ümumi borc öhdəliklərindən 37 faiz çox olub və bu Azərbaycan ümumi daxili məhsulunun təxmini 20 faizinə bərabər olub. Bununla belə bank dirçəlməyib.
Bütün bunlar bankın ciddi problemləri olduğunun göstəricisidir. Müxtəlif oliqarxlar və ya hansısa başqa formada alınmış kreditlər yolu ilə bankın boşaldılması, saxta sənədlərlə, qeyri-düzgün prosedura və girovların dəyərini süni şəkildə artırmaqla kreditlər götürülməsi ilə bağlı ciddi nöqsanlar var.
Elman Rüstəmova kreditin hansı formada verilməsi ilə bağlı məlumat yoxdur. Həmin kredit qısamüddətli idisə və hələ də qaytarılmayıbsa, deməli bu, BB-nin problemli kreditləri sırasında olmalı idi. Hesabatlara baxdıqda isə bu qədər iri məbləğin əksini tapmadığını müşahidə edirik. Bu məqam orda əks olunsaydı, aktivlərin həcmi daha çox olmalı idi”.
Qeyd edək ki, bu barədə məlumatı virtualaz.org yayımlayıb. Saytın məlumatına görə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov özü də kredit oliqarxı hesab edilə bilər. Belə ki, E. Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu təxminən 1 milyard dollar təşkil edir.