Bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin əhaliyə müraciətində qeyd olunur.
"Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.
Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır", - deyə müraciətdə vurğulanır.