Baş prokuror erməni əsirliyində olan müharibə veteranını qəbul etdi - FOTO

Baxış sayı:
24425

Baş prokuror Kamran Əliyev Yasamal rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. 

Muxalifet.az xəbər verir ki, qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. 

Baş prokuror Kamran Əliyevin qəbulunda 1-ci Qarabağ müharibəsi dövründə erməni əsirliyində olmuş müharibə veteranı, 2-ci dərəcəli əlil Şirin Tarış oğlu Abbasov da olub. 

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Şirin Abbasov baş prokurora onu təmkinlə dinlədiyi üçün təşəkkürünü bildirib. 

Qeyd edib ki, oğlu Lətif Abbasov tərəfindən yol nəqliyyat hadisəsi törədib. Oğlu barəsində cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Həmin vaxt vəkillə müqavilə bağlayıb. Vəkil müqavilə bağlamazdan öncə dəfələrlə həmin maddə ilə təqsirləndirilən şəxslərin işini "həll etdiyini", hakimlər tərəfindən tanınan və "hörmət ediliən" bir şəxs olmasını bildirərək Zərdabi Abbasovun vasitəsilə ondan 53 min 500 manat pul alıb. Daha sonra oğlundan məhkəmədə məsələsinin həlli üçün 30 min manat əlavə pul da alıb. Lakin Bakı Apelyasiya Məhkəməsində oğluna 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib, Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb. 

Şikayətçi bildirib ki, oğlunun azadlığı üçün ondan alınan pulu Prezident İlham Əliyev tərəfindən müharibədə iştirak etdiyi üçün ona hədiyyə olaraq bağışlanmış evin satılmasından əldə edib. 

Şirin Abbasovun sözlərinə görə baş prokuror onu dinlədikdən sonra işi xüsusi nəzarətinə götürdüyünü bildirib. Ümid edir ki, tez bir zamanda ondan aldadılma yolu ilə alınan pul geri qaytarılacaq, aldadılmasında iştirak edən hər kəs cəzalandırılacaq.

Muxalifet.az