Bankomatdan pulunu çıxara bilməyən qadına yardım etdi, 2 il iş aldı – LERİK SAKİNİ POLİS RƏİSİNDƏN ŞİKAYƏT ETDİYİ ÜÇÜN CƏZALANDIRILDIĞINI İDDİA EDİR

Baxış sayı:
1103

Lerik rayonunun Piran kənd sakini Bayramov Ziyatay Ərəstun oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məhkəmə qərarına etiraz edən şikayətçi prezident İlham Əliyevə müraciət edib:
“Ölkədə hüquqi dövlət quruculuğu, məhkəmə hüquqi islahatlarının həyata keçirildiyi bir dövrdə etmədiyim bir cinayətə görə muhakimə olunuram. Belə ki, 13.03.2020-ci il tarixində valideynlərimin təqaüdünü Lerik rayon Piran kəndində yerləşən “Kapitalbank”ın bankomatından çıxarmaq üçün getdim. Orada bankomatdan istifadə edə bilməyən, təxminən 50-60 yaşlı şəxsə öz istəklərinə əsasən, təmənnasız köməklik göstərdim. Bundan dörd gün sonra, əvvəllər tanımadığım Məmmədov Namiq adlı biri evimizə gələrək, yoldaşı Məmmədova Solmaza məxsus kartdan pulun çıxarıldığını, lakin ona verilmədiyini deyərək, məndən 234 manat istədi. Mən də qanuna arxalanıb, Namiqə polisə müraciət etməsini söylədim. Bankomat “Fərid market”in qabağındadır. Bankomatın müşahidə kamerasından başqa, marketin iki ədəd müşahidə kamerası ərazini çəkir. Yəni polis istəsə, bu pulun aqibətini vaxtında araşdırardı.
Özüm dövlət qulluğunda işləyirəm və atam isə sahibkardır. 30.04.2020-ci il tarixində Lerik rayon Polis İdarəsinin serjantı Nəsirov Şəmsəddin mənə zəng edərək bildirdi ki, rəis səni və atanı yanına çağırır, hardasız gəlim sizi götürüb bölməyə aparım. Bölməyə getdikdə məni polis rəisi yox, onun müavini Müşviq qəbul etdi. Girən kimi məni başqasının pulunu oğurlamaqda ittiham etdi. Mən video görüntü istəyəndə isə, mənə bonkomatda çəkilmiş şəkilləri göstərdilər. Sonra təhqiqatçı Əsədullayev Ruslandan bir daha video-görüntü istədim, o isə mənə yalnız şəkillərin olduğunu dedi. Mənim istintaq üçün zəruri olan və günahsız olduğumu sübut edən materiallarla tanışlıq tələblərimə ciddi yanaşmadılar.
Bu hadisə və atamın günahsız olaraq pandemiya dövründə polisə çağırılaraq altı saatdan artıq saxlanmasını və halının pisləşərək Lerik rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsində qan təzyiqi 260, şəkəri 350 olmasına görə ilkin yardım göstərilərək evə buraxılması barədə polisdən şikayət etdim. Bundan qəzəblənən polis, əksinə bir az da subutları yox etdi və mənə cinayət işi açaraq, işi Lerik rayon məhkəməsinə göndərdi.
Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun verdiyim vəsatətləri təmin etməməsi bir tərəfə qalsın, heç vəsatətlərimi dəftərxanaya belə təqdim etməyə imkan vermirdi. Bunun üçün də hər prosesdən sonra vəsatətlərim heç olmasa protokola düşsun deyə poçt vasitəsi ilə məhkəməyə unvanlamışam.  Müharibə dövrü oldüğü üçün internetin olmamasına görə bu işi vaxtında içtimailəşdirə bilməmişəm. Hakimin özbaşınalıqları barədə Məhkəmə Hüquq Şurasına müraciət etsəm də, heç bir nəticə əldə edə bilmədim. Hakim proses zamanı mənə bildirdi ki, istintaq ittiham aktına nə yazdısa, biz onu dəyişə bilmirik. Dövlət tərəfindən mənə verilən vəkil Şahmarov Mirxan Şiri oğlu isə məndən əlli manat aldıqdan sonra hakim üçün şirinlik istəyərək bildirdi ki, yazılan ittiham aktını heç vaxt hakim ləğv edə bilmir, özü də sənin işin sifarişlidir, hakimlə danışıb sənə şərti iş verdirə bilərəm. Əgər pulu ödəməsən səni həbs edərlər. Mən məcbur qalıb pulu ödədim. Mənə son söz veriləndə isə, olan haqsızlıqları görüb hakimə belə müraciət etdim: “İlk gündən Lerik rayon Polis İdarəsində bu iş birtərəfli, qərəzli aparılmağa başlananda, düşünürdüm ki, məhkəmə ədalətli olacaq, çünki adına ədalət məhkəməsi deyirlər. Lakin burada "Kapitalbank”dan, həmçinin "Fərid market”dən video-görüntülərin əldə edilməsi ilə bağlı vəsatətim rədd ediləndə anladım ki, umduğum ədaləti bu qapıda gözləməyim mənasızdır. Siz artıq mənim məhkum olunmağımı cinayət işinin icraata qəbul edəndə vermisiniz. Azyaşlı qızı hamilə buraxan kişini bir il müddətinə azadlıqdan məhrum olunduğu və xəstə atamın qanunsuz olaraq pandemiya dövründə polis idarəsinə çağrılıb mənə görə incidilən bir zəmanada yaşayırıq”. Bunu deyəndə hakim sözümü kəsərək, dərhal müşavirəyə gedib, mənə qanunsuz olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması hökmünü verdi. Hal-hazırda iş Şirvan Apellyasiya Məhkəməsindədir.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, “Kapitalbank”dan və “Fərid market”dən video görüntülərin götürülməsi, təhqiqat dövründə təhqiqatçi Əsədullayev Rüslan tərəfindən bankdan əldə edilən görüntülərin işə əlavə edilməsi və müstəntiq Rəşad Əsədbəyli tərəfindən götürülən görüntülər üçün fonoskopik ekspertizanın təyin edilməsində köməklik göstərməkdən ötrü göstəriş verəsiniz. Onu da bilirəm ki, məhkəmənin işinə müdaxilə etmək olmaz. Amma Lerik rayon Polis İdarəsinin təhqiqatçısı Ruslan Əsədullayev mənə demişdir ki, gərək rəisdən şikayət etməyəydin, etmisənsə cəzanı çəkərsən. Lerik rayon Məhkəməsində bunun şahidi oldum. Butun proses boyu vəsatətlər versəm, istintaqa etiraz etsəm də hakim protokollara mənim guya etiraf etdiyimi yazıb. Azyaşlı qızı hamilə buraxan kişini bir il müddətinə azadlıqdan məhrum edən qardaşı oğlu Ramil Kiçikbəyovu dəfələrlə dələduzluğa görə həbsdən qurtaran hakimin özbaşınalıqlarının qarşısını nisbətən almaq və mənim kimi qurbanların sayının azalması üçün Lerik rayon Məkəməsinin proses zalına və dəftərxanasına video-kameraların qoyulmalıdır. Və bu kameralar bankomatdakı kameralara bənzəməyən olsa daha yaxşı olar. Yəni vətandaş narazı olub müraciət edəndə, ona lazımi görüntüləri götürə bilsinlər. Necə ki, bankomatdan götürülən görüntülərdə bir kartda tam görüntülər götürülüb, digər kartda isə pulun kim tərəfindən bankomatdan götürülməsi belə göstərilməyib. Bu görünməyən və ya polis tərəfindən silinən görüntülərə görə məni muhakimə edirlər.
Bu barədə Ədliyyə Nazirliyinə, Ombudsmana, Baş Prokurora dəfələrlə müraciət etsəm də, heç bir nəticə əldə edə bilməmişəm.
Cənab Prezident, Sizdən xahiş edirəm ki, yuxarıda yazdıqlarımı nəzərə alıb vəsatətlərimin təmin olunması, işə obyektiv baxılması, hakimə müdaxılə və zənglərin olmasının qarşısının alınması üçün göstəriş verəsiniz”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.