AZƏRBAYCANDA YAĞ BAZARI: QITLIQ VƏ XAOS QAPIDA - Araşdırma

80 faiz idxaldan asılı olan ölkəmizdə kərə yağı, bitki yağlarından daha çox, ölkəyə texniki qatqılar gətirilir
Adətən dünyada ərzaq qıtlığı yaranan kimi bazarları qorumaq çətinləşir. Xüsusilə də idxaldan asılı olan ölkələrdə bu hal daha çox baş verir. Daxili bazarda ekoloji balansı qorumaq çətinləşir. Azərbaycan da əsasən ərzaq məhsullarının böyük bir qismini xaricdən idxal edən ölkədir. Rusiya-Ukrayna müharibəsi fonunda əsasən Azərbaycanın daxili bazarında yağların keyfiyyətinin necə olacağı, bazarda satılan günəbaxan və qarğıdalı yağları ilə bağlı olaraq çox ciddi problemlərin yaşanacağı gözlənilir.
"Hürriyyət" xəbər verir ki, artıq bəzi topdansatış yağ məntəqələrində kütləvi satışlarla bağlı məhdudiyyətlər tətbiq edilməyə başlayıb. Bəs ölkəmizdə nə qədər sahədə günəbaxan və qarğıdalı əkilir? Ölkəyə nə qədər günəbaxan və qarğıdalı xammal və hazır məhsul şəkilində idxal edilir? Azərbaycanın daxili təlabatı ilə mövcud idxal rəqəmləri arasında boşluq hansı formada doldurulur?
Bu kimi suallar indi çoxları üçün maraqlıdır. Bəllidir ki, Azərbaycan buğda kimi, günəbaxan yağı üzrə də xaricdən asılıdır. Ötən il Azərbaycan 53 min 362 ton günəbaxan yağı idxal edib. Bunun 98 %-i Rusiyanın, qalan hissəsi isə Türkiyənin payına düşüb.
İndi sanksiyalar fonunda Rusiya üçün ərzaq təhlükəsizliyi ön plana çıxır. 26 fevral – 4 mart arasında olan dövrdə Rusiyada günəbaxan yağı 0,71 % bahalaşıb.
Martın 1-dən ixrac rüsumu bir ton üçün 260,1 ABŞ dollarına kimi artırılıb (fevrada 251,4 ABŞ dolları olub).
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 12 ölkədən toplam olaraq 20 min 526 ton qarğıdalı yağı alıb ki, onun da 60 %-ə yaxını Argentinanın payına düşüb.
Lakin Azərbaycanda günəbaxan sahələrinin həcmi o qədər azdır ki, bu rəqəmlərlə müqayisə edildikdə çox ciddi disbalans ortaya çıxır. Hansı ki, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından günəbaxan və qarğıdalı əkilən sahələrin həcmini kifayət qədər artırmaq da olardı. Məsələ burasındadır ki, ekoloqlar və kənd təsərrüfatı mütəxəssisləri də bildirir ki, ölkəmizin iqlim və coğrafi imkanları kifayət qədər böyükdür. Bu baxımdan da günəşli Azərbaycanda dənlik bitkilərin əkin sahələrini artırmaq kifayət qədər streteji bir məsələdir.
Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Əkin sahələrinin 2525 hektarı Goranboy, 2331 hektarı Tərtər, 1791 hektarı Samux, 979 hektarı Ağstafa, 935 hektarı Şəmkir rayonunun payına düşür. Bu da Respublikada günəbaxan üzrə ümumi əkin sahələrinin 77 faizidir.
Bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Əkin sahələrinin 2525 hektarı Goranboy, 2331 hektarı Tərtər, 1791 hektarı Samux, 979 hektarı Ağstafa, 935 hektarı Şəmkir rayonunun payına düşür. Bu da Respublikada günəbaxan üzrə ümumi əkin sahələrinin 77 faizidir.
Emal imkanları baxımından, necə deyərlər, çoxprofilli məhsul hesab olunan günəbaxanın tədarükü də asan və sərfəli olduğundan, yerli fermerlər bu bitkinin əkilməsinə maraq göstərirlər. Lakin müvafiq olaraq dövlət proqramlarında həm subsidiyalaşdırma, həm dövlət sifarişləri və digər stimullaşdırıcı qərarlar 2016-ci ildən bu günə qədər müzakirə edilməyib. Və ya çox kçik miqyasda müzakirə edilib.
Bəs Azərbaycanın günəbaxan tədarükü nə qədərdir?
Ötən il Azərbaycanda 11016 hektar sahədə günəbaxan əkilib. Mövsümün sonunda sahələrdən 24 min 574 ton məhsul yığılıb. Günəbaxan üzrə orta məhsuldarlıq 22,4 sentner təşkil edib. Müqayisə üçün qeyd edək ki, Qazaxıstanda 2020-ci ildə 844 min ton, Moldovada 487 min ton, Rusiyada 13 min 278 ton günəbaxan tədarük edilib.
Eyni zamanda Azərbaycanda yeni texnologiyalardan istifadə edilmədiyindən məhsuldarlıq da aşağı səviyyədədir. Əsasən xarici idxaldan asılı olan bu sahəni stimullaşdırmaq və daxili ərzaq təhlükəsizliyini təmin etmək kifayət qədər önəmlidir.
Digər bir fakt isə ondan ibarətdir ki, Rusiya-Ukrayna savaşı fonunda Azərbaycanda qarğıdalı yağları ilə bağlı da vəziyyət ürəkaçan deyil. Azərbaycan bazarında bitki yağlarına olan təlabat kifayət qədər yüksək olduğu təqdirdə daxildə aqrar sektor üçün hər hansı bir mühüm strateji plan və proqram yoxdur. Məsələn rəsmi statistikaya görə 2020-ci ildə Azərbaycanda 33 min 686 hektar qarğıdalı əkilib.
İndi isə gəlin bir məqama - Azərbaycanda günəbaxan və qarğıdalı əkilən sahələrin həcminə diqqət edək. Ölkədə 686 hektar sahədə qarğıdalı, 11 min hektar sahədə isə günəbaxan əkilib. Azərbaycanda 2021-ci ildə kənd təsərrüfatı üzrə əkin sahəsi 1 milyon 630 min 935 hektardır. Yəni toplamda cəmi 12 min hektar ərazidə günəbaxan və qarğıdalı əkilib. Bu isə ümumi əkin sahələrinin 0.05 faizi də deyil.
"Hürriyyət"in apardığı araşdırmalar zamanı məlum olub ki, ölkənin bitki yağlarına olan daxili bazar təlabatı 150-160 min ton həcmində dəyişir. Rəsmi rəqəmlərdən belə aydın olur ki, ölkədə hazır xammal halında günəbaxan və qarğıdalı tədarükü 34 min tondan çox deyil. Həm də nəzərə alsaq ki, tədarük edilən bu məhsullar xammaldır və emal prossesindən sonra istehlakçılara təqdim edilən bu məhsulların həcm göstəricisi yarıbayarı aşağı düşür, o zaman ölkəmizin bitki yağları ilə bağlı idxaldan nə qədər böyük həcmdə asılı olduğunu ortaya qoymaq mümkündür.
Daxili bazarda emal prossesində şübhəli məqamlar
Uzun zamandır ki, Azərbaycanda bir iddia müzakirə olunur. İddia ondan ibarətdir ki, ölkənin daxili yağ bazarında emal edilən və ya qablaşdırılan bitki və kərə yağlarının tərkibi palma və digər texniki yağ qatqılarından ibarətdir. Yuxarıda qeyd etdiyimiz həm əkin, həm də idxalla bağlı rəqəmlərə əsasən deyə bilərik ki, daxili bazarda istehlakçılara təqdim edilən məhsulların tərkibi şübhəlidir.
Rəsmi məlumatlara əsasən, Azərbaycana 2019-cu ildə 40,85 milyon dollar dəyərində 59 350 ton, 2020-ci ildə 55 milyon dollar dəyərində 64 500 ton palma yağı idxal edilib. Bir ildə palma yağının idxalı 5 150 tondan çox, son 7 ildə isə 16 900 ton artıb.
Yəni palma yağlarının idxalının artmasına dair rəsmi rəqəmlər, eyni zamanda daxildə əkin və tədarükün aşağı düşməsi, paralel olaraq Rusiya və Ukrayna bazarlarından idxalın sual altına düşməsi yerli bazarda saxta yağların artmasına rəvac verə bilər. Bu artıq çoxlarında şübhə yaratmır.
Qeyd edək ki, palma yağları əsasən müsəlman ölkələri olan İndoneziya və Malayziyada istehsal olunur. Palma yağı bitki yağı olaraq çox ucuz qiymətədir və MDB məkanına daxil olan zaman duru yağ biznesinə ciddi təsir edir. Adətən kərə və bitki yağlarının tərkibinə qatqı olaraq əlavə edilməsinə dair iddialar da əsasən MDB məkanında daha çox müzakirə olunur.
Avropada isə artıq bir çox ölkələrdə - Danimarka, Litva və İtaliyada palma yağlarının idxalına qadağa qoyulub. Bir neçə gün öncə rəsmi olaraq məlumat yayıldı ki, 2023-cü ildə isə Avropa İttifaqına daxil olan digər ölkələr də palma yağının idxalını tamamilə dayandıracaqlar.
Azərbaycanın daxili yağ bazarına tərkibi məlum olmayan qatqıların daxil olmasını qida ekspertləri də gözlənilən hesab edir. "Hurriyyət"ə danışan ekspertlər qatqı və saxta yağların işbazlar üçün əlverişli olduğunu bildirir.
Eksperetlər deyir ki, 1 kq kərə yağı almaq üçün 25 litrə yaxın təbii inək südü lazımdır. Ölkədə kərə yağı əhalinin 1/3-nin tələbatını ödəyə bilir. Azərbaycanda təxminən 25 min tona yaxın kərə yağı istehsal edilir. Bu rəqəm 75 min ton olmalıdır. Nazirlər Kabinetinin müəyyən etdiyi istehlak səbətində adambaşına ildə 7.7 kq kərə yağı düşür.
Deməli, məntiqlə ölkənin daxili bazarında təkcə kərə yağına olan təlabatın 50 min tonu xaricdən idxal edilir.
Məsələn, digər bir fakt isə ondan ibarətdir ki, Azərbaycan tələbatının yarısı qədər süd istehsal edə bilmir. Ümumdünya Ticarət Təşkilatı Azərbaycan üçün müəyyən edib ki, 4 milyon ton süd istehsal etməlidir. Ölkəmiz isə 2 milyon ton süd ərsəyə gətirir. Adambaşına il ərzində 405 kq süd, kərə yağı pendir və digə süd məhsulları düşməlidir. Lakin biz bu ehtiyacımızı qarşılaya bilmirik.
Yəni qısaca ifadə etsək Azərbaycan həm bitki yağları, həm də kərə yağı təlabatı baxımından idxaldan asılı ölkədir. Bu ən azı 80 faizdən çoxdur. Belə olan təqdirdə isə əsas idxalçılarımız olan Rusiya və Ukraynada baş verən bəlli olaylar səbəbindən, ciddi sorunlarla üz-üzə olduğumuzu deyə bilərik. Eyni zamanda ölkəmizin ərzaq təminatında əsas rol oynayan bitki və kərə yağları bazarı saxta məhsullar üçün münbit bir zonaya çevrilir. İndi həm qıtlıq və idxal problemləri, həm də saxta məhsullarla ölkə əhalisinin sağlamlığı daha çox təhdid altına düşür.
"Hürriyyət"in İqtisadiyyat Şöbəsi