Azərbaycanda martın 13-dən 1-ci siniflərə qəbul başlayır - YENİ QAYDALARLA TANIŞ OLUN

Baxış sayı:
8923

Azərbaycanda martın 13-dən 1-ci siniflərə şagird qəbulu başlayır. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonlarında dövlət ümumi təhsil müəssisələrinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir.

Muxalifet.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyi bildirib.

Ötən il elektron qəbul yalnız, Abşeron, Bakı, Gəncə və Sumqayıt məktəblərinə aid idi.

Elektron qeydiyyat necə aparılacaq?

Elektron qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə ediləcək, bu barədə videotəlimat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Sizi bu qaydalardan bəziləri ilə tanış edirik:

Elektron qəbul sistemində valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Sorğunun təsdiqi haqqında üç iş günü müddətində bildiriş göndərilməlidir.

Elektron qeydiyyatdan keçmək mümkün olmasa

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 50, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 5, Samux rayonu üzrə 8, Yevlax rayonu üzrə 2, Mingəçevir şəhəri üzrə 3, Naftalan şəhəri üzrə 1, Şirvan şəhəri üzrə 5 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı, Gəncə, Sumqayıt, Samux, Yevlax, Naftalan, Şirvan, Mingəçevir şəhəri və Abşeron rayonu üzrə Apelyasiya Komissiyaları təşkil olunub.

Lisey və gimnaziyalara qəbul

Aşağıda adları çəkilən lisey və gimnaziyalara 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılacaq:

Avropa liseyi, İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, "Ankara məktəbi" məktəb-liseyi, Zəngi liseyi, 132-134 nömrəli Təhsil Kompleksi, 160 nömrəli klassik gimnaziya, 23 nömrəli tam orta məktəb, BSU Məktəb Lisey Kompleksi, İ. Hacıyev adına Tərəqqi liseyi, T. İsmayılov adına 6 nömrəli məktəb-liseyi, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar" liseyi, eləcə də 160 nömrəli Klassik gimnaziya.

Rus bölməsi

Məktəbə qeydiyyatı aparılan uşaq seçdiyiniz təlim dili üzrə (rus dili) şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə uğur qazandığı halda məktəb seçimi mayın 1-dən ümumi qaydada aparılacaq.

Əks halda uşağın məktəbə qeydiyyatı üçün ancaq Azərbaycan bölməsinə sorğu yerləşdirilə bilər.

Yaşı 8-dən çox olanlar

Yaşı 8-dən yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Bunun üçün valideynlər özünün və uşağın şəxsiyyətini təsdiq edən sənədlə Şəhər (rayon) Təhsil İdarələrində (şöbələrində) yaradılmış komissiyaya müraciət etməlidirlər.

Məktəbə qəbul üçün hansı sənədlər lazımdır?

Qeydiyyatdan keçəndən sonra aşağıdakı sənədlər məktəbə təqdim edilməlidir.

  • Məktəbə qəbul üçün elektron formada doldurulan sənəd
  • Valideynin/qəyyumun və övladının şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti
  • Uşağın sağlamlığı haqqında arayış (forma 26U)
  • 2 ədəd 3x4 ölçüdə fotoşəkil