​“Azərbaycan Qolf Federasiyası” Anar Məmmədovdan alınır

Həqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Azərbaycan Qolf Federasiyası”nı itirmək üzrədir. “Azadlıq”a daxil olan məlumatlara görə, yaxın günlərdə bu federasiyanın rəhbərliyi dəyişəcək. Məlumat üçün deyək ki, Ziya Məmmədov hədəfə gələndən sonra Anar Məmmədov ölkəni tərk edib. Bəzi iddialara görə, o, Londona köçüb. Anar Məmmədovun “Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir.
Yeri gəlmişkən, bəzi məlumatlara görə, “Azərbaycan Qolf Federasiyası”nın rəhbərliyinə “Azərsun Holdinq”in prezidenti Abdulbari Goozal gətiriləcək.
O, özü də bu məsələyə münasibət bildirib. “Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir”, – deyə Abdulbari Goozal “Report”a açıqlamasında bildirib.
“Azərsun Holdinq”in prezidenti belə bir iddiasının olmadığını bildirib: “Olsa, üstünlüyü xarici direktora verərdim ki, Azərbaycanda qolfu inkişaf etdirsin. O, bunu məndən daha yaxşı bilər”.
Yay Olimpiya Oyunlarının proqramına daxil edilən qolfun Azərbaycanda maddi-texniki bazasının yaradılması məqsədilə bir sıra tədbirlər görülüb. O cümlədən, “Azərsun Holdinq”in inşa etdirdiyi Xəyal adasında ötən il “Dreamland” qolf klubu istifadəyə verilib. Abdulbari Goozal həmin klubda bu idman növünün inkişaf etdirildiyini açıqlayıb: “Əlbəttə, inkişaf gedir. 150 daimi üzvümüz var. Onların arasında həm yerli, həm də xaricilər mövcuddur. Elə olur ki, həftəsonu oynamağa yer tapa bilmirlər. Gənclər gəlib öyrənirlər. Qolf Akademiyamız fəaliyyət göstərir”.