“Azərbaycan Gürcüstana nota verməlidir” – MÜXALİF PARTİYADAN HAKİMİYYƏTƏ ÇAĞIRIŞ

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsaəsn, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub. İdarə Heyəti ilk öncə Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayılması məsələsini müzakirə edib. İdarə Heyəti baş vermiş hadisəni, o cümlədən BMT-nin fəaliyyətini ciddi şəkildə tənqid edib. Müzakirələrdə qeyd edilib ki, baş vermiş hadisə BMT Nizamnaməsinin və BMT-nin işğal haqqında qətnaməsinin kobud surətdə pozulmasıdır. Eyni zamanda qeyd edilib ki, həmin qətnaməyə görə dünya dövlətləri işğalçıya qarşı çıxış etməli olduğu halda bu gün BMT-nin işğalçı bir dövlətə kömək etməsi, onun təbliğat ruporuna çevrilməsi, BMT adına bir ləkədir və bu addım dünyada sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Qafqazda yeni münaqişələrin yaranmasına stimul verir. İdarə Heyəti qeyd edib ki, Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ probleminin siyasi yollarla həllinə üstünlük verən Ermənistanın bu cür beynəlxalq xarakterli təxribatlara əl atmasında məqsədi Azərbaycanın başını siyasi danışıqlara qarışdırıb Dağlıq Qarabağın işğalının rəsmiləşdirilməsinə cəhd etdiyini göstərir, ona görə də Ermənistanın bu hərəkətlərinə siyasi qiymət verilməyənə qədər Azərbaycan dərhal siyasi danışıqlardan çəkilməli və işğal altında olan ərazilərimizin daha çox hərbi yolla həllinə üstünlük verməlidir. İdarə Heyəti baş verənləri həmçinin Xarici İşlər Nazirliyinin Qarabağla bağlı apardığı danışıqların iflası kimi dəyərləndirib və hakimiyyəti xarici diplomatiya işinin yenidən qurulması istiqamətində ciddi addımlar atmağa çağırıb. İdarə Heyəti İsrailin baş naziri Benyamin Netanyahunun işğal edilmiş Suriya torpağı olan Golan yüksəkliklərində strateji yayla üzərində İsrailin suverenliyini tanımasına minnətdarlıq əlaməti olaraq, yeni bir icmaya ABŞ prezidenti Donald Trampın adının verilməsi təşəbbüsünü də ciddi tənqid edib, baş verənləri beynəlxalq hüquq normalarına zidd və beynəlxalq təhlükəsizliyə təhdid kimi dəyərləndirib. İdarə Heyəti hesab edib ki, ərəb dövlətləri arasında münasibətlərin və əməkdaşlığın zəif olması ərəb ölkələrinin hamısı üçün real təhlükə törədir və onların ərazilərində bu tipli münaqişələrin yaranmasına və işğala rəvac verir. İdarə Heyəti ABŞ-ın İrana iqtisadi sansksiyalar tətbiq etməsindən dolayı regionda baş verən hadisələri də müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, qonşu İrana qarşı sanksiyaların bölgə dövlətlərinin hamısının iqtisadiyyatına ciddi mənfi təsir göstərəcəyi nəzərə alınmalı, bu problem dinc və beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməlidir. Eyni zamanda İran dövləti ilə yaxşı münasibətlərdə olmağımızın milli maraqlarımıza cavab verdiyini nəzərə alaraq Azərbaycan tərəfinin İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmasının yolverilməz olduğu bildirilib. İdarə Heyəti ötən həftə Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu və Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı keçirilməsinə də münasibət bildirib. İdarə Heyəti qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların səmimi birliyinə xidmət edən hər bir addımı alqışlayır. Eyni zamanda qeyd edilib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunması Azərbaycan dövlətinin vəzifəsidir, bu baxımdan sağlam diaspor təşkilatlarının formalaşmasına Azərbaycan dövləti yaxından dəstək verməlidir. İdarə Heyəti Gürcüstan siyasi liderlərinin Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etməsi məsələsini də müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, baş verənlərlə bağlı Azərbaycan tərəfi Gürcüstana nota verməlidir. Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın öz ata-baba torpaqlarını qorumaları üçün bu cür təhdidlər qarşısında daha sıx birləşmələrinin vacibliyi qeyd edilib. İdarə Heyəti Gürcüstanda yaşayan soydaşlarımızla bağlı xüsusi bir siyasətin işlənib hazırlanmasının, həmin ərazilərdə infrastrukturun inkişafı və istehsal sahələrinin yaradılmasına investisiyaların qoyulmasının vacibliyini bildirib və hakimiyyəti bu istiqamətdə real addımlar atmağa çağırıb. İdarə Heyəti eyni zamanda qeyd edib ki, Cənubi Qafqaz respublikaları arasında hər hansı bir ərazi iddiaları bu üç respublikanın hər birinin müstəqilliyinin qarşısını almağa və bu regionda Rusiyanın təsirinin saxlanmasına xidmət edir. Muxalifet.az