Atəşkəs və “diplomatik uğur”: Bir dövlət çəkindiricilik gücünü itirərsə...

Baxış sayı:
3394

Prezident İlham Əliyevin Düşənbədə Ermənisan baş naziri Nikol Paşinyanla bir neçə dəqiqəlik görüşünü Azərbaycanın bəzi mətbuat orqanları az qala böyük diplomatik uğur kimi qiymətləndirirlər. Ölkənin ən çox oxunan qəzetlərindən olan “Yeni Musavat” bu gün dərc olunan “Tanınmış politoloq: “Qarabağda müharibə artıq başlayıb”” sərlövhəli yazısında bu təntənəli qələbə münasibətilə oxucularını belə müjdələyir:

“Ekspertlər hesab edir ki, Düşənbə təması ilə bağlı açıqlanan bu detallar birmənalı şəkildə Bakının diplomatik uğurudur”.

Uğurun mahiyyətinə gəlincə, qəzet bunu Paşinyanın sərt müharibə ritorikasından vaz keçməsi ilə izah edir. Yazı müəllifini bu qədər sevindirən və nikbin əhval-ruhiyyədə kökləyən arqumenti isə həmin ayaqüstü görüşdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlərdir: “O, facebookdakı canlı yayımda Azərbaycan prezidenti ilə qonşu ölkənin ikitərəfli münasibətlərində üç məqamı müzakirə etdiklərini deyib: “Birinci məqam: Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci məqam: Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə anlaşıblar və hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Razılığa gəldiyimiz üçüncü vacib qərar aramızda operativ əlaqənin təşkili ilə bağlı oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq””.

Bir sözlə, Ermənistan baş nazirinin “davakar ritorika”dan vaz keçməsi və Azərbaycan prezidentini atəşkəsə çağırması bizim bəzi qələm adamlarımıza Qarabağda qazandığımız ən böyük qələbə kimi görünüb. Sual oluna bilər: Tamamilə qorxaq zehniyyətdən doğması bir yana, bu sevinc reallığı nə qədər əks etdirir? Doğrudanmı, atəşkəsin və sülh danışıqlarının davam etməsi Azərbaycanın qazandığı uğurdurmu və bu uğur Qarabağ probleminin həllində nə vəd edir?

Sözsüz ki, ölkəmizin ən böyük problemi olan Qarabağ məsələsinin danışıqlarla ədalətli həlli hər kəsin arzuladığı durumdur. Hər bir sülhpərvər, ölkəsinin demokratik inkişafını və iqtisadi tərəqqisini düşünən ziyalı, qələm əhli bu arzuya qoşulmalı və onu təbliğ etməlidir. Amma Paşinyanın ağzına baxıb kiçik bir sülh çağırışını belə, ən böyük qələbə əlaməti kimi qəbul edən zehniyyətlə münaqişənin ədalətli çözümünə ümid etmək olarmı?

Zənnimizcə, cavabı axtarılacaq ən önəmli sual budur.

Məsələ burasındadır ki, indiki şəraitdə tərəflərin heç bir güzəştə getmədən atəşkəsə nail olmaları bizim yox, Ermənistanın işinə yarayır. Hər halda torpağı işğala məruz qalan tərəf ermənilər deyil və status-kvonun davamından itirən də onlar olmayacaq. Odur ki, torpağının işğalına 25 il səbrlə yanaşan Azərbaycanın qarşı tərəfin təklif etdiyi atəşkəsə sevinməsi başa düşülən deyil. Zaman ermənilərin xeyrinə işləyir və bu mənasız sülh arayışlarının sürdürülməsi Qarabağı daha çox bizdən uzaqlaşdırır.

Üstəlik, torpağını geri qaytarmaq istəyən də ermənilər deyil. Onlar arzuladıqları ərazilərdən daha geniş hissəni ələ keçirərək, onsuz da hədəflərinə çatıblar. Bu oyunu pozmaq vəzifəsi Azərbaycan tərəfinin boynuna düşür. Biz əgər bu vəzifəmizi icra etməkdən qaçınır və atəşkəs təklifini qələbə, uğur kimi qiymətləndiriksə, ermənilər həmin sevinci qiyamətə qədər azərbaycanlılara bəxş edə bilərlər. Elədirsə, qazandığımız diplomatik uğur nədən ibarətdir?

Bu sözləri yazarkən, ağına-bozuna baxmadan müharibəyə atılmağı təklif etmək fikrindən uzağıq. Əlbəttə, danışıqlar prosesində, Dağlıq Qarabağ məsələsinin müzakirəsində rəsmi Bakının qarşılaşdığı bizə bəlli olmayan böyük əngəllər ola bilər və vardır da. Şəxsən bu yazı müəllifinə aydın deyil ki, beynəlxalq vasitəçilər hər iki tərəfi güzəştə çağıranda diplomatlarımız qarşısında hansı tələbləri qoyurlar. Azərbaycan onların nəbzini yoxlamaq üçün ara-sıra verdiyi müharibə mesajlarını səsləndirəndə güclü dövlətlərin hansı reaksiyaları ilə qarşılaşır, bunu da bilmirik. Ayrıca, ermənilər bir xalq olaraq ortaya milli iradə qoyub yüzminlərlə insanın qatıldığı mitinqlər təşkil edir, yeri gələndə Qarabağ məsələsində güzəştə getməyə hazırlaşan iqtidarlarını cəzalandıra bilirlər. Biz isə Qarabağ məsələsinə həsr etdiyimiz mitinqlərdə meydanı doldura bilməyəcək qədər acizlik göstəririk və istər-istəməz siyasi hakimiyyətimizi beynəlxalq müzakirələrdə “milli iradə ilə hesablaşmalıyam” aqumentindən yoxsul buraxırıq. Dolayısıyla, rəsmi Bakını beynəlxalq vasitəçilərin gözündə güzəştə gedə biləcək yeganə tərəfə çeviririk. Ən əsası, qüvvələr nisbətini, düşmənin arxasında duran beynəlxalq güc mərkəzlərinin atacağı addımları hesaba qatmadan, kor-koranə müharibəyə başlamağın hansı nəticələr doğuracağı da bilgimiz xaricindədir.

Bu qədər bilgi yetərsizliyi şəraitində rəsmi Bakının əvəzinə həll yolları barədə düşünmək və müxtəlif ssenarilər ortaya qoymaq - milləti fəlakətə sürükləyən mənasız populizmdən başqa bir şey deyil. Bəlkə də rəsmi Bakının qarşı-qarşıya qaldığı durumda ata biləcəyi yeganə yol həqiqətən də zamana oynamaqdır. Necə ki, yəhudilər də zamana oynayaraq, özlərinin ən böyük imperiyaları olan İsrail krallığının bir hissəsində bu gün kiçicik bir dövlət qurublar və bu gün də həmin səylərini davam etdirirlər. Və onların zamana oynadıqları müddət də az olmayıb – hardasa, 12 min il. Belə ki, İsrail krallığının ən böyük hökmdarı Süleyman peyğəmbər miladdan əvvəl 970-ci ildən – 928-cü ilə qədər taxta oturmuş, ölümündən az müddət keçəndən sonra həmin krallıq da dağılmışdı. Yəhudi xalqı könlündə saxladığı bu idealı bir də 1947-ci ildə yenidən reallaşdırıb.

Azərbaycan da öz milli idealına çevirdiyi Qarabağı dövrün tələblərinə uyğun olaraq zamanın hökmünə buraxa bilər. Böyük xarici qüvvələrlə kəllə-kəlləyə dayanan heç bir millət bu çarəsizlikdən sığortalanmış deyil. Bu gün dünyanın ən böyük hərbi və iqtisadi güclərindən olan Çinin belə, Tayvan boyda “Dağlıq Qarabağ” dərdi var. Yaxud bizdən qat-qat qüdrətli olan Türkiyə də Osmanlıdan miras qalan Kərkük, Şimali Suriya, Kipr və sairə kimi problemlərlə uğraşır. Eyni sözləri Kəşmir kimi Qarabağ yarası olan Hindistan, Pakistan üçün də demək olar. Bütün bu dövlətlərin hamısı bağırlarına daş basa-basa tarixi şəraitin yaradacağı günü gözləyir. Dağlıq Qarabağ problemi sağalmaz yaramız olmaqdan çıxana qədər biz də eyni siyasəti izləməliyik. Bunun yolu isə heç də yanıq yerimizi bintlə bərk-bərk bağlayıb “böyük uğur” qazandığımızı bəyan etməkdən keçmir. Əksinə, istər Azərbaycan hakimiyyəti, istərsə də ictimaiyyətimizin digər təmsilçiləri, o cümlədən media qurumlarımız “hələlik, müəyyən səbəblərdən milli bəlamızı həll etmək iqtidarında deyilik, fəqət yaranacaq ən əlverişli şəraitdə iradəmizi ortaya qoyub torpaqlarımızı işğaldan azad edəcəyik” deyə, açıq şəkildə bağırmalıdır. Necə ki, Atatürk I Dünya müharibəsindəki məğlubiyyətinin gətirdiyi çarəsizlik içərisində üzünü Türk millətinə tutub haykırırdı:

“Bugün Sovyet Rusya, dostumuzdur, komşumuzdur, müttefikimizdir. Bu dostluğa ihtiyacımız vardır. Fakat yarın ne olacağını kimse kestiremez. Tıpkı Osmanlı İmparatorluğu gibi, tıpkı Avusturya-Macaristan İmparatorluğu gibi parçalanabilir. Bugün elinde tuttuğu milletler, avuçlarından kaçabilirler. Dünya yeni bir dengeye ulaşır. O zaman Türkiye ne yapacağını bilmelidir. Bizim, bu dostumuzun idaresinde dili bir, inancı bir, öz kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız”.

Gətirdiyimiz bu sitatdan da göründüyü kimi, Atatürk “dili bir, dini bir” qardaşlarını ovcunda tutan SSRİ-ni müttəfiq adlandırırdı, amma Türk millətinin ayrılmaz parçalarını öz müttəfiqinə belə hədiyyə etmək istəmirdi. Bir növü, tarixi fürsət yaranana qədər atəşkəs elan edir və bunu özünün diplomatik uğuru kimi ictimaiyyətə sırımırdı. Eyni sözləri 12 min il ürəyində Sion təpələri ağrısını daşıyan yəhudi liderləri barədə də demək olar. Onlar da əldən çıxartdıqları vətən torpaqlarının acı taleyilə barışmalarını, susqunluqlarının müqabilində mövcudluqlarını qorumağı diplomatik zəfər kimi qiymətləndirməmişdilər. Tam tərsinə, min illər boyu həmin ağrını milli fəlakətə çevirib Ağlama divarları qarşısında hər kəsin önündə göz yaşı tökməyi belə, qürurlarına ar görməmişdilər.

Nə yazıq ki, bir müddət əvvələ qədər Rusiyanın Paşinyanı cəzalandıracağına böyük ümidlər bəsləyən rəsmi Bakı Moskvadan tamamilə fərqli mövqe görüncə, xəyal qırıqlığına uğramış, birdən-birə ritorikasını dəyişmiş və atəşkəsi böyük diplomatik uğur kimi qiymətləndirməyə başlamışdır. Bu isə olduqca təhlükəli tendensiyadır. Təkcə ona görə yox ki, bu təslimiyyətçi sevinc Dağlıq Qarabağı tamamilə itirməyimiz və unutmağımızla nəticələnə bilər. Həm də ona görə ki, milli qüruru axtalanmış bu əhval-ruhiyyə ilə əlimizdə qalan ərazilərimizdə belə, öz adımıza layiq dövlət qura bilmərik. Çünki dövlət dediyin təşkilat öz ərazilərini qorumağı bacarmalıdır. Bu məsələdə kiçik bir zəiflik ətraf dövlətləri üstümüzə güldürər, üzərimizə gəlməyə həvəsləndirər. Sərhədlərini canı bahasına qorumaq mükkələfiyyəti varkən, iğşal qarşısında atəşkəsi uğur sayan anlayış sahiblərindən kim çəkinər?

Çəkindiriciliyini itirən dövlət, dövlət olmaqdan çıxar. Bu mənada quru təbliğat xatirinə atəşkəsə uğur deməklə təkcə ərazilərimizin 20%-ni deyil, dövlət gücümüzü də təhlükə altında qoyuruq.

Heydər Oğuz

Ovqat.com