ALİ VƏ ORTA MƏKTƏBLƏRDƏ TƏDRİS BELƏ TƏŞKİL OLUNACAQ - Nazirlər Kabineti qərar verdi

Baxış sayı:
14804

2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənəcək.
 

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda əksini tapıb.
 
Qaydalara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide- miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
 
Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar- epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:
 
- Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
 
- digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;
 
- qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri..
 
Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumat- landırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.
 
Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.
 
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.
 
Dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır;
 
Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir;
 
Müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
 
Yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur; təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
 
Ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır; yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır; yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır; yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir; yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla); təhsil alanların yyeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir."
 
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.