"Adam ol"un qəhrəmanı, çox böyük adam - UNUDULMAZLAR

Bu gün görkəmli aktyor, mərhum xalq artisti Səyavuş Aslanın doğum günüdür.
 
O, 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya gəlib.
Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik və dramatik rolların məharətli ifaçısı, "Şöhrət" və "Şərəf" ordenli aktyor Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri sayılır.
O, 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddətdə musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasındakı rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.
Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov), İbişov ("Özümüz bilərik", Şıxəli Qurbanov), Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov), Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə), Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Sarı ("Varlı qadın", Əli Əmirli), Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani) və s. rolları məşhurdur.
Səyavuş Aslanın son işi "Adam ol" filmindəki Səyavuş roludur.
O, ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib./teleqraf.com