"ABŞ-la İran arasında gizli danışıqlar prosesi gedir" - POLİTOLOQDAN SENSASİON AÇIQLAMA

Baxış sayı:
6292

Bu ilin yanvar ayında İngiltərə, Fransa və Almaniya (E3) İranla ticarəti asanlaşdırmaq, Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq məqsədilə maliyyə tranzaksiyaları mexanizmini (İNSTEX) qurub. İran da öz növbəsində, Avropa ilə əməliyyatlar aparmaq üçün analoji kanal açıb. ABŞ isə Avropa Birliyi ölkələrinin bu addımına etiraz edib və onu pisləyib. Lakin buna baxmayaraq, Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də bugünlərdə İNSTEX-ə qatılıb. Bununla bağlı axar.az-da yer alan informasiya görə, E3 ölkələrinin birgə bəyanatında deyilir ki, bu addım İNSTEX-i daha da gücləndirmək və Avropa ilə İran arasında qanuni ticarəti asanlaşdırmaq üçün edilən səyləri göstərir.

İNSTEX-ə qoşulan Avropa ölkələrinin sayının artması ABŞ-ın və onun əsas müttəfiqi olan İsrailin ciddi əndişələnməsinə səbəb olub

"Euronews"un yaydığı məlumatda isə qeyd olunur ki, sözügedən altı Avropa ölkəsi nazirləri tərəfindən noyabrın 29-da verilən açıqlamada nüvə anlaşması planının qorunması üçün hərtərəfli birgə fəaliyyət və onun tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, sazişin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildiyini və nüvə silahlarının yayılmasının qarşısını almaq və yaxın şərqdə sabitliyi qorumaq üçün onun vacib bir vasitə olduğunu xatırladıblar.

Onu da nəzərinizə çatdıraq ki, Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveçin də İngiltərə, Fransa və Almaniyanın qurduğu İNSTEX-ə qatılmasından dərhal sonra ABŞ prezidenti Donald Trampla İsrail baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında baş tutan danışıqlarda əsas müzakirə mövzusu İran məsələsi olub.

Bundan başqa, İsrail baş naziri Avropa dövlətlərini ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə çağırıb. O, Avropa dövlətlərinin ABŞ-ın sanksiya siyasətindən yayınmaq üçün atdığı addımlarını utancverici adlandırıb. Netanyahu Avropanın İranı daha böyük güzəştlərlə razı salmağa çalışdığını da bildirib. Baş nazir Avropa dövlətlərinin İran qarşı təzyiqləri artırması gərəkdiyini vurğulayıb: "İran rejimi öz xalqını öldürdüyü halda, Avropa ölkələri bu qatil rejimi dəstəkləyirlər. Avropa ölkələri özlərindən xəcalət çəkməlidirlər. İndi İrana qarşı təzyiqləri azaltmağın yox, artırmağın vaxtıdır. İndi ABŞ-ın sanksiyalarına qoşulmağın və İrana qarşı sanksiyaları artırmağın vaxtıdır. İrana canı yananlara bunu deyirəm: Tarix və xalqlarınız sizi ciddi mühakimə edəcəklər. Bu yanaşmanı indi dəyişin".

Aydın şəkildə görünür ki, İranla ticarəti asanlaşdırmaq məqsədiylə yaradılan İNSTEX-ə qoşulan Avropa ölkələrinin sayının durmadan artması ABŞ-ın və onun əsas müttəfiqi olan İsrailin ciddi şəkildə əndişələnməsinə səbəb olub. Çünki yalnız Avropa yox, Amerikanın sanksiya siyasətindən xilas olmaq istəyən hər bir ölkə İNSTEX-dən istifadə edərək dollar təzyiqini dəf edə bilər. O cümlədən, İNSTEX İranın düşdüyü maliyyə böhranından yaxa qurtarmasına, iqtisadiyyatının güclənməsinə səbəb ola bilər ki, bu da ABŞ və İsrailin maraqlarına cavab vermir.

"İranın tamamilə təcrid olunması və dialoq qapısının bağlı qalması həm Avropa Birliyi ölkələri, həm də ABŞ üçün o qədər də yaxşı məsələ deyil"

Картинки по запросу Natiq Cəfərli

Mövzu ilə əlaqədar mövqeyini "Hürriyyət"lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə hesab edir ki, Avropa ölkələrinin İNSTEX-ə qatılması hər hansı bir formada koordinasiya olunmuş qərardır: "Çünki İranın tamamilə təcrid olunması və dialoq qapısının bağlı qalması həm Avropa Birliyi ölkələri, həm də ABŞ üçün o qədər də yaxşı məsələ deyil. Odur ki, İranla dialoqun, gizli və aşkar danışıqlar qapısının açıq qalması vacibdir. Düşünürəm ki, Avropa Birliyi bu kimi addımlarla İranı orbitindən çəkməyə və danışıqlar qapısının açıq qalmasına çalışır. Ona görə ki, tamamilə təcrid olunmuş İranın hansı addımlar atacağını proqnozlaşdırmaq olduqca çətindir. Belə ki, bu halda İran nüvə proqramı ilə bağlı araşdırmalarını davam edib hər hansı bir formada nüvə silahı əldə edə bilər. Buna görə də prosesə həm MAQATE, həm də Avropa Birliyi ölkələri tərəfindən nəzarət mexanizmi olmalıdır".

"Bu səbəbdən də Amerika Avropa ölkələrinin İNSTEX-ə qatılmasına göz yummaq məcburiyyətindədir"

REAL-ın icra katibinin sözlərinə görə, əks halda proses nəzarətdən çıxa və arzuolunmaz hadisələr yaşana bilər: "Bu səbəbdən də hesab edirəm ki, Avropa ölkələrinin İNSTEX-ə qatılması hər hansı bir formada koordinasiya olunmuş şəkildə aparılır. Hətta güman edirəm ki, ABŞ-la İran arasında bizə məlum olmayan gizli danışıqlar prosesi də gedir. Bunu da istisna etmək olmaz. Ona görə də İranla bağlı bu qərarın verilməsi və hesablaşmalarda yeni sistemdən istifadə edilməsinin əsas məğzi ondan ibarətdir ki, Avropa şirkətləri ABŞ-ın sanksiyalarından yan keçə bilsinlər. Çünki həmin qurulmuş hesablaşma platforması - İNSTEX dövlətlərin qurduğu platformadır. Belə ki, İranla hər hansı bir iqtisadi əlaqə qurmaq istəyən şirkət ABŞ-ın sanksiyalarına tuş gəlməmək üçün birbaşa Tehranla müqavilə bağlamır. Yəni həmin şirkətlər Avropa Birliyi ölkələrinin yaratdığı platforma ilə müqavilə bağlayır. Bu platforma isə İran şirkəti və ya İran tərəfi ilə müqavilə imzalayır. Bir sözlə, onlar qarşılıqlı ticarətin bu formasını seçiblər. Bu halda ABŞ orda iştirak edən dövlətlərə bibaşa sanksiya tətbiq edə bilməz. Bu səbəbdən də Amerika Avropa ölkələrinin İNSTEX-ə qatılmasına göz yummaq məcburiyyətindədir".

"Düşünürəm ki, bundan sonrakı İsrail hökuməti İran məsələsində daha yumşaq mövqe sərgiləyə bilər"

Bu gün İranın iqtisadi vəziyyətinin həddindən artıq ağır olduğunu vurğulayan politoloqun fikrincə, dialoq qapısı açıq qalarsa, o zaman müəyyən müddətdən sonra Tehranla aparılan danışıqların nəticələrini görə bilərik: "Çünki hazırda İranın vəziyyəti çox ağırdır və sosial gərginliklər hər ötən gün bir qədər də artıq. Hətta bəzi hallarda artıq partlayış səviyyəsinə də çatır. Ona görə də dialoq qapısının açıq qalması, ticarət dövriyyəsinin olması, danışıqların getməsi İrana da lazımdır. Çünki məhz bundan sonra sanksiyaların zıifləməsi prosesi baş verə bilər".

İsrailin sözügedən məsələyə müdaxiləsinə, Benyamin Netanyahunun Avropa dövlətlərini ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə çağırmasına gəlincə, Natiq Cəfərli bildirdi ki, burda da maraqlı yeni konfiqurasiya yaranır: "Bildiyiniz kimi, İsrailin indiki baş naziri ilə bağlı araşdırma gedir və onun istefa verməsi, hətta gələn seçkilərdə iştirak etməməsi məsələsi də gündəmdədir. Ona görə də burda da maraqlı gəlişmələr ola bilər. Düşünürəm ki, bundan sonrakı İsrail hökuməti İran məsələsində daha yumşaq mövqe sərgiləyə bilər".//Hurriyyet