​ABŞ Almaniyadan 10 minə yaxın hərbçisini çıxarır – TRAMP PLANI TƏSDİQLƏDİ

Baxış sayı:
3034

ABŞ Prezidenti Donald Tramp Almaniyadan 9,5 min ABŞ hərbçisinin çıxarılması haqqında planı təsdiqləyib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Jonatan Hoffman məlumat verib.
O bildirib ki, təsdiqlənmiş plan Rusiyanın qarşısının alınmasını sürətləndirməklə yanaşı, həm də ABŞ-ın Avropadakı strateji elastikliyini və əməliyyat şəraitini, manevr qabiliyyətini yaxşılaşdıracaq.
Yaxın vaxtlarda bu mövzuda Konqresin müvafiq komitələrində brifinqlərin keçiriləcəyi, eyni zamanda NATO müttəfiqləri ilə məsləhətləşmələrin aparılacağı vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Berlin NATO-ya ödəmələri gecikdirdiyi üçün Almaniyadakı ABŞ qoşunlarının sayını 34,5 mindən 25 min nəfərə endirəcəyini vəd etmişdi.
Polşa isə öz ərazisində ABŞ qoşunlarının saxlanılması məqsədilə maliyyə ödənişinə hazır olduğunu, təxminən, 1,5-2 milyard dollar xərc çəkməklə bu ölkənin zirehli bölməsini yerləşdirməyi təklif edib.
Polşa Prezidenti, həmçinin, bazaya "Fort Tramp" adının verilməsi təklifi ilə çıxış edib./apa