80 yaşlı kişini xəstəxanada kim yandırıb? – Açıqlama

Qazax rayonunda 80 yaşlı kişinin özünü yandırması və nəticədə dünyasını dəyişməsi barədə xəbər həqiqəti əks etdirmir.
 
Qazax Rayonlararası Ruhi Xəstəxanadan Axar.az-a verilən məlumata görə, özünü yandırdığı deyilən 1937-ci il təvəllüdlü Ağstafa rayon sakini Tahir Hüseynov əslində intihar etməyib. Sözügedən xəstənin həkiminin sözlərinə görə, hadisə bir neçə gün öncə baş verib:
“Tahir Hüseynov ağır ruhi xəstələrimizdən biri idi. Özünü idarə edə bilmirdi. İntihar etməsi ilə bağlı yayılan xəbərlər yalandır. Onu otaq yoldaşı, digər ruhi xəstələrdən biri yandırıb. Üzərinə qaynaq su töküb”.
Həkimin sözlərinə görə, 80 yaşlı kişinin üz nahiyyəsi tamamilə yanıb:
“Hadisədən sonra Tahir Hüseynovu xəstəxanaya yerləşdirdik. Sağaldıqdan sonra yenidən Qazax Rayonlararası Ruhi Xəstəxanaya gətirildi. Bir müddət burada qaldıqdan sonra vəfat etdi. İlkin ehtimala görə, ölüm səbəbi beyinlə əlaqədardır. Ancaq araşdırma aparılır hazırda. Ekspertizanın cavabından sonra xəstənin dəqiq ölüm səbəbi məlum olacaq”.
Qeyd edək ki, 20 gün əvvəl Xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynovun özünü yandıraraq ağır xəsarət aldığı, bunun nəticəsində öldüyü barədə xəbər yayılmışdı.