Zəngəzur dəhlizinə nəzarət FTX-yə verilir? - MÜXALİF PARTİYADAN SƏRT REAKSİYA

Baxış sayı:
7072

“Zəngəzur dəhlizinə nəzarəti Azərbaycan və Ermənistan həyata keçirməlidir”
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı zamanı dünyada və regionumuzda baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.
İlk növbədə ötən həftə MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclası ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı qeyd edilib ki, bu toplantı zamanı MDB-yə üzv dövlətlərinin qarşısında onların müstəqil xarici siyasət yürütməsinin qarşısını ala biləcək şərtlərin irəli sürülməsi həmin dövlətlərin suverenliyinin məhdudlaşdırılmasına xidmət edir. Bu baxımdan, Azərbaycanın MDB çərçivəsi ilə özünün xarici siyasətini məhdudlaşdırması ölkəmizin severenliyi və müstəqilliyi üçün real təhlükədir, xalqımızın maraqlarına uyğun deyil, özünü dünyadan təcridetmədir və Azərbaycanın gələcəyi üçün heç bir perspektivi yoxdur.
İdarə Heyəti ötən həftə Rusiya XİN-nin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Cənubi Qafqaz ölkələrinə “Qərbin bölgədən çıxarılması” tələbi ilə ünvanladığı bəyanatı kəskin şəkildə pisləyib, bu hadisəni Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib. Eyni zamanda qeyd edilib ki, bu hadisə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində düşdüyü beynəlxalq təcrid vəziyyətindən çıxmaq üçün uğursuz cəhdir. İdarə Heyəti hesab edib ki, tarixi təcrübə Azərbaycanın Qərblə əlaqələrinin, Rusiya ilə münasibətdə xalqımızın maraqlarına daha uyğundur, ona görə də Azərbaycan Qərblə əlaqələrini daha da genişləndirməlidir.
İdarə Heyəti son zamanlar bir sıra Avropa və Qərb institutlarının, o cümlədən hökumətlərinin Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbi ilə eyni vaxtda həbsdə olan Qarabağın separatçı rəhbərlərinin “hərbi əsir” kimi qələmə verməsi və onların da azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə çağırışlar etməsi məsələsinə də münasibət açıqlayıb. Qeyd edilib ki, Azərbaycan xalqına və dövlətinə qarşı terror törətmiş həmin şəxslərin “hərbi əsir” kimi qiymətləndirilməsi yolverilməzdir, bu münasibət ölkədə olan siyasi məhbusların azad olunmasına xalqın dəstəyini zəiflədir, Qərbin və Avropanın demokratik nüfuzuna xələl gətirir.
Eyni zamanda qeyd edilib ki, Avropanın mərkəzində Kataloniyanın müstəqilliyi uğrunda dinc mübarizə aparan şəxslərin həbsdə saxlanılmasından narahat olmayanların, Azərbaycan xalqına qarşı silahlı yolla ağır cinayətlər törətmiş şəxslərin həbsdən azad olubnmasının tələb edilməsi anoloji hadisələrə ikili standartlarla yanaşmanın bariz nümunəsidir ki, bu da Azərbaycandakı demokratik qüvvələrin Avropa və Qərblə əməkdaşlığının perspektivinə kölgə salır. İdarə Heyəti Azərbaycandakı siyasi məhbusların olmasından bəzi Qərb və Avropa institutlarının və hökumətlərinin sui-istifadə edərək müharibə canilərinin də azadlığa buraxılmasını tələb etməsinə son qoymaq üçün hakimiyyəti ölkədə siyasi məhbus probleminin birdəfəlik həll edilməsinə çağırıb.
İdarə Heyəti Qərbin və Avropanın iqtisadi gücünə alternativ kimi yaradılan BRICS təşkilatına Rusiyanın təşəbbüsü ilə Azərbaycanın da üzv olmağa meylli olmasına münasibət bildirib. Hesab edilib ki, həmin təşkilatlarda birmənalı olaraq avtoritar tipli ölkələrin yer almasına və Azərbaycanın əsas beynəlxalq iqtisadi tərəfdaşlarının Qərb və Avropa dövlətləri olmasına rəğmən ölkəmizin həmin təşkilatda təmsil olunması xalqımızın istər iqtisadi, istərsə də siyasi maraqlarına ziddir.   
İdarə Heyəti ötən həftə Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın FTX-nin əməkdaşlarına verilə biləcəyi ilə bağlı Ermənistan Baş Naziri N.Paşinyan tərəfindən verilən açıqlamanı da müzakirə edib. Müzakirə iştirakçıları qeyd edib ki, Zəngəzur dəhlizinə nəzarəti və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan və Ermənistan birgə şəkildə həyata keçirməlidir. Üçüncü bir tərəfin həmin dəhlizə nəzarəti yolverilməzdir, çünki bu Azərbaycan və Ermənistanın suverenliyinin məhdudlaşdırımasına gətirib çıxaracaq.  
İdarə Heyəti son zamanlar orduda korrupsiya hallarının ortaya çıxmasıyla bağlı faktları da müzakirə edib, baş verənləri ölkənin təhlükəsizliyi üçün real təhlükələrdən biri kimi dəyərləndirilib və orduda korrupsiyaya qarşı mübarizənin xüsusui mexanizminin işlənib hazırlanmasının vacibliyini qeyd edib.
 
Muxalifet.az