Yunus Səfərovun vəkili ilə danışığı dinlənilib? - İDDİA

Baxış sayı:
6130

Vəkil Elçin Sadıqovla bağlı Baş Prokurorluqdan onlara daxil olan müraciət əsasında İntizam Komissiyası araşdırmalara başlayıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC News Azərbaycancaya bildirib.

Surəti sosial şəbəkələrdə yayılan və Baş prokurorun müavini Rüstəm Usubovun imzası olduğu iddia edilən sənəddə göstərilir ki, Elçin Sadıqov Gəncənin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə silahlı hücumda günahlandırılan Yunis Səfərovun müdafiəsindən uzaqlaşdırılmalıdır.

Sənədin həqiqi olması və onu Rüstəm Usubovun imzalaması barədə iddiaları BBC News Azərbaycanca rəsmən təsdiqləyə bilməyib.

Baş Prokurorluq bu iddiaların heç birini təkzib etməyib, ancaq BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh veriləcəyini bildirib.

Vəkil öz sosial media hesabında Baş Prokurorluğun onun barəsində verdiyi şikayəti gördüyünü, ancaq müraciətin "tam qanunsuz" olduğunu yazıb.

Elçin Sadıqov BBC News Azərbaycancaya açıqlamasında bundan başqa əlavə məlumat verə bilməyəcəyini deyib.

"Obyektiv şəkildə"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC News Azərbaycancaya şikayətin mahiyyətilə bağlı yalnız onu deyib ki, ərizədə "iş materillarına istinad" olunur, amma söhbətin nədən getdiyini İntizam Komissiyası araşdıracaq və lazım olsa, şikayətin mahiyyətini müəyyən etmək üçün onlar "prokurorluğa əlavə sorğular verə bilərlər".

O deyib ki, vəkil Elçin Sadıqov kollegiyaya dəvət olunub və onun izahatı alınıb: "İntizam Komissiyası məsələni araşdırdıqdan sonra qərar qəbul edəcək. Əgər iddialar təsdiqini taparsa, bu barədə komissiyanın rəyinə əsasən Rəyasət Heyətində müvafiq qərar qəbul ediləcək".

Anar Bağırov bildirib ki, indiyə kimi Elçin Sadıqov barədə çoxsaylı şikayətlər olub, ancaq bütun bu şikayətlərə "obiyektiv şəkildə" baxılıb: "Prokurorluqda olanlar təcrübəli hüquqşünaslardır, inana bilmərəm ki, qanunsuz yolla əldə edilmiş hər hansı materiala istinad etsinlər",- o deyib.

Anar Bağırov, Yunis Səfərov, Gəncə hadisələri

Yunis Səfəroun anası Leylaxanım İsmayılova bir müddət əvvəl yerli mətbuata göndərdiyi müraciətində iddia edib ki, oğlu ilə vəkilin söhbəti dinlənilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillə müvəkkilinin danışığının dinlənməsi iddialarına münasibət bildirərkən deyib ki, "bu, tam qanunsuzdur. Vəkilin öz müştərisi ilə görüşünün konfidensiallığı məsələsi bütün dünyada qəbul olunmuş normadır. Elə bir şey baş verərsə, bu, kobud pozuntu sayılacaq".

Anar Bağırovun sözlərinə görə, bu dinləmə iddiası öz sübutunu taparsa, Kollegiya "bunu rəhbər tutub, heç vaxt vəkili cəzalandırmaz", əksinə, "məsələyə sərt yanaşaraq mövqe bildirəcəklər".

O bildirib ki, İntizam Komissiyası bu iddiaları araşdıracaq.

İyul ayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıblar.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Hadisə baş verəndən sonra Yunis Səfərovun üzərində xəsarətlər olduğu iddia edilən fotoşəkilləri yayılmış, hüquq-mühafizə orqanları bunun "hər hansı işgəncə olmadığını, saxlanarkən aldığı" xəsarət olduğunu bildirmişdi.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Hüquq mühafizə orqanları onları öldürməkdə şübhəli bilinən bir şəxsin saxlanıldığını elan ediblər, digər şübhəli isə polisə silahlı müqavimət göstərdiyi zaman öldürülüb.

Baş Prokurorluğun hər hansı vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət etməsi ilk dəfə deyil. Bundan əvvəl də başqa vəkillərlə bağlı oxşar müraciətlər olub və bundan sonra Kollegiyanın məhkəməyə müraciəti əsasında bəzilərinin vəkillik fəaliyyətinə ya xitam verilib, ya məhdudlaşdırılıb.