Yeni rəis müavini Ucarda su borularını söküb satır - Zaur Mikayılovun “adamı” haqda şok iddialar
Ucar rayon sakinləri Əliyev Samir Tahir oğlu, Məsimov Vüqar Yasəf oğlu, Məmmədov İsmət Vadil oğlu və Kərimov Dəyanət Eyvaz oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Sakinlər Ucar rayon Su Meliorasiya Sistemləri Birliyinin rəis müavini Zaur Əzizovdan şikayət edirlər:
“Ucar rayon Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov böyük su boruluranı oğurlayıb satmaqla məşğuldur. Artıq çoxlu sayda böyük həcmli su boruları satılmaq üçün yerlərdən qazılaraq çıxarılıb, idarənin (su anbarının) həyətinə yığılıb.
Zaur Əzizovun özü ilə vəzifəyə gətirdiyi Zərdab rayon sakini Ceyran Miraslanlı operator vəzifəsində işləsə də, müdir müavini Zaur Əzizovun yanında oturub, bütün işlərə nəzarət edir. Necə deyərlər, Ucar Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun adamı olmasını bildirirərək, talançılığa artıq start verib. Belə getsə, Ucarda su boruları qalmayacaq.
Zaur Əzizov vəzifəyə gəldiyi ilk gündən Ucar rayonunda suyun verilməsi azaldılıb, abonentlərdən əlavə pullar tələb olunur. Sayğaclara müdaxilələr edilir ki, bu yolla vətəndaşların cibini soya bilsinlər.
Ucar Su Meliorasiya Sistemləri Birliyinin bütün texnikaları hər gün “xaltura”ya cəlb edilir. Əldə edilən pullar Zaur Əzizov tərəfindən bölünür.
Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemləri Birliyinin müdiri Müşfiq Məmmədov rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Zaur Əzizovun isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Zaur Mikayılovun “adamı” olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zaur Əzizov müdiri Müşfiq Məmmədovu saya salmır, idarədə əməlli-başlı hegomonluq edir.
Ucar rayonunda suvarma sistemləri bərbad vəziyyətdədir, su kanalları vaxtlı-vaxtında təmizlənmir. İdarəyə ayrılan yanacaqlar və digər vəsaitlər satılaraq talan edilir. İllərlə təmizlənməyən kanalların ildə bir- neçə dəfə təmizlənməsinə dair saxta sənədləşmələr aparılaraq, dövlətin ayırdığı vəsaiti mənimsəyirlər.
Buna görə də hüquq mühafizə orqanları Ucar Su Meliorasiya Sistemləri Birliyinin fəliyyətini araşdırıb, qanuni tədbirlər görməlidilər”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.