Vaşadze hansı ərazilərdə qələbə qazandı? - SİYAHI

Gürcüstanda keçirilən prezident seçkisində müxalifətin namizədi olan Qriqol Vaşadze iki şəhərdə qələbə qazana bilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, qələbəsini Rustavi (51,51%) və Telavi (51,19%) şəhərlərində təmin edib. Vaşadze ən az səsi isə Cənubi Osetiyanın yaxınlığında yerləşən Saçxere rayonunda toplayıb. Belə ki, ona burada 8,22% səs verilib.
Vahid Milli Hərəkatın əsas dayaqlarından biri sayılan Batumi şəhərində də müxalifətin namizədi səs itirib. Belə ki, o, Batumi şəhərində cəmi 44,27% səs toplaya bilib.
Azərbaycanlıların yaşadığı bölgələrdə də Vaşadze səs itkisiylə üzləşib. O, Marneuli rayonunda 41,92%, Qardabanidə isə 44,92% səs yığa bilib.
Hər iki rayonun azərbaycanlılar yaşayan bölgələrində isə Vaşadze qələbə qazanıb.
Ölkə xaricində olan seçki məntəqələrində isə Zurabişvili böyük itkilərlə üzləşib. Xaricdəki gürcüstanlıların 64,02%-i Vaşadzeni dəstəkləyib.
Gürcüstanın Azərbaycandakı səfirliyində yaradılan 4, 5, 6 saylı seçki məntəqlərində səsvermədə də Vaşadze böyük üstünlük əldə edib. 4 saylı seçki məntəqəsində Vaşadze 96, Zurabişvili 13, 5 saylı seçki mənqtəsində Vaşadze 91, Zurabişvili 16, 6 saylı seçki məntəqəsində isə Vaşadze 63, Zurabişvili 12 səs toplayıb.
Qeyd edək ki, dünən Gürcüstanda baş tutan prezident seçkisinin protokolları artıq hesablanıb. Nəticədə Vaşadze 40,48%, Zurabişvili isə 59,52% səs toplayıb.