Ukraynada oğlunu öldürüb qaçdı, Laçında yaxalandı

Baxış sayı:
15451

Ukraynada dəhşətli cinayət törədən şəxs Ermənistan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə qaçaraq orada izini itirməyə çalışıb. Lakin Ermənistan hüquq-mühafizə orqanları onu yaxalayıb. Bu haqda Ermənistan polisinin mətbuat xidməti bildirir. Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları oğlunun qətlinə görə axtarışda olan Ukrayna vətəndaşını Dağlıq Qarabağda saxlayıb. 65 yaşlı həmin şəxs sentyabrın 16-da Mironovka kəndində 42 yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunur. Ermənistan polisinin bildirdiyinə görə, həmin şəxs təyyarə ilə Ermənistana gəlib və sonra izini itirib. Lakin sonradan onun Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə keçdiyi məlum olub. Ermənistan və qondarma Dağlıq Qarabağ polisinin cinayət axtarış şöbəsinin əməkdaşlırının birgə axtarışı nəticəsində o, işğal altındakı Laçın şəhərində tutulub Qatil Yerevan polis idarəsinin istintaq təcridxanasına aparılıb. Ukraynanın hüquq-mühafizə orqanlarına onun tutulması barədə məlumat verilib.