“Ukrayna gəmilərinə hücum Putinin reytinqini yuxarı qaldırmaq məqsədi güdə bilər”

Baxış sayı:
5596

Azov dənizinin Kerç boğazı yaxınlığında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi katerinin Ukraynanın döyüş gəmilərinə atəş açması nəticəsində 6 matrosun yaralanması və Ukraynaya aid 3 hücum gəmisinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirilməsi dünyanın diqqətində olan əsas məsələdir.

“Hər şey BMT Təhlükəsizlik Şurasının bu məsələyə verəcəyi qiymətdən asılı olacaq”

6 ukraynalı matrosun yaralanması və Ukraynaya aid 3 hücum gəmisinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyir ki, Azov dənizində çox böyük hadisə baş verib: “Amma hələ ki, bu məsələnin müharibəyə keçməsini söyləmək çətindir. Ukraynanın 3 gəmisinə atəş açılıb, gəmilərə atəş nəticəsində 6 matros yaralanıb. Gəmilərin mator hissəsini vurub sıradan çıxarıblar. Daha sonra isə ərazini tərk edərək həmin gəmiləri Rusiyanın Azov dənizində yerləşən hərbi dəniz donanmasına aparıblar. Ukrayna prezidenti Poroşenko ölkədə dərhal hərbi vəziyyət elan edib. Hərbi vəziyyət bu gün saat 4-də ( red-dünən) çağrılacaq. Ukrayna Ali Radasında tətbiq edilməlidir. Ukrayna həmçinin BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. Yəqin ki, iclas bu gün ya sabah toplanacaq. Ukrayna Milli Təhlükəslizlik İdarəsinin rəisi deyib ki, Rusiya apardığı hibrid müharibəsini əsl müharibəyə çevirib. Yəni Ukrayna ilə Rusiya arasında yaranmış vəziyyəti müharibə vəziyyət kimi qiymətləndirib. Əlbəttə, hər şey BMT-nin Təhlükəsizlik Şurasının bu məsələyə verəcəyi qiymətdən asılı olacaq. Mənim zənnimcə, vəziyyət kifayət qədər mürəkkəbdir. Baş vermiş insident Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə gətirib çıxara bilər. Hər şey BMT-nin Təhlükəsizlik Şurasının, başda ABŞ olmaqla, Qərb dövlətlərinin məsələyə münasibətindən asılı olacaq”.

“BMT bu konvensiyalara uyğun qərar çıxaracaq”

“BMT-nin Təhlükəsizlik Şurası nə qərar çıxara bilər” sualına Q. Hüseynli belə cavab verib: “Rusiya iddia edir ki, Azov dənizi yalnız ona məxsusdur. Amma Ukrayna ərazilərinin bir hissəsi Azov dənizinə qədər uzanır. Yəni bu dəniz Rusiya və Ukraynanın ortaq dənizdir. Atəş açılan gəmilər də keşikçi gəmiləri olub, gecə növbəsində keşik çəkib geri qayıdarkən atəşə tutulublar. Rusiya Kerç boğazında, eləcə də Azov dənizinin bütöv hissəsində suverenliyin ona məxsus olduğunu iddia edir. Mənim zənnimcə, bu, beynəlxlaq hüquqla belə deyil. Bu haqda beynəlxalq konvesiyalar var. Yəqin ki, BMT bu konvensiyalara uyğun da qərar çıxaracaq. Amma indiyə kimi Rusiya və Ukrayna Azov dənizindən ortaq istifadə ediblər. Kerc boğazı isə bütün post-Sovet ölkələrinin gəmilərinin Volqa-Don gəmiçilik kanalına keçidini təmin edən əsas məntəqələrdən biri idi, onun statusu haqqında heç bir beynəlxalq qərar yoxdur”.
“Bu, həm Putinin reytinqini yuxarı qaldırmaq, həm də Ukraynanın NATO-ya can atmasını ləngitmək məqsədi güdə bilər”
“Ötən həftə Ukrayna Ali Radası Avropa Birliyinə və NATO-ya inteqasiya məqsədilə ölkə Konstitusiyasına dəyişilik etdi. Rusiyanın addımı bununla bağlı ola bilərmi” sualına isə Q. Hüseynli belə cavablandırdı: “Müxtəlif fərziyyələr söyləmək mümkündür. Bəli, birinci növbədə onunla əlaqədar ola bilər. Yəni Ukrayana sürətlə NATO-ya yaxınlaşır. NATO-dan hücum silahları alır. NATO həbrçiləri Ukrayna qoşunlarına təlimlər keçir. Digər tərəfdən də Rusiyada Putinin reytinqi sürətlə aşağı düşür. Bu, həm Putinin reytinqini yuxarı qaldırmaq, həm də Ukraynanın NATO-ya can atmasını ləngitmək məqsədi də güdə bilər”.
 
“Bu, ciddi hadisə olsa da, müharibə ehtimalı yoxdur”
 
Məsələ ilə bağlı NATO-nun bəyantına diqqət yetirən Q. Hüseynli qeyd edib ki, NATO-nun bəyanatı kifayət qədər təsirli bəyanatdır: “Amma Rusiyanın ona əməl edib-etməyəcəyi sual işarəsi altındadır. Çünki Rusiya burada özünü kifayət qədər özbaşına və qoluzorlu aparır. O nöqteyi-nəzərdən də bu məsələdə beynəlxalq təşkilatların, ikl növbədə BMT-nin müəyyən qərarlarının qəbul edilməsinə ciddi ehtiyac var. Yəqin ki, məsələ ilə bağlı NATO-nun da toplantıları olacaq. Qarşıda 20 böyük dövlətin Argentinada sammiti gözlənilir. Orada da bu məsələlər müzakirə ediləcək. Baş verən hadisə kifayət qədər ciddi hadisədir. Amma bu ciddi hadisə olsa da, müharibə ehtimalı yoxdur. Çünki Ukrayna müharibəyə hazır deyil. Bu məsələ heç vaxt müharibəyə gətirib çıxara bilməz. Amma Rusiyaya qarşı öldürücü sanksiyaların tətbiq edilməsinə rəvac verə bilər”./hurriyyet.org