Türkmənlər günlərdir prezidentin itlər barədə kitabını bayram edir - HƏR YERDƏ ALABAYDAN DANIŞIRLAR...

Baxış sayı:
18355

Türkmənistanda prezident Qurbanqulu Berdıməhəmmədovun “Türkmən alabayı”  adlı yeni kitabının çapdan çıxması münasibəti ilə bayram tədbirləri günlərdir davam edir.

Virtualaz.org “Türkmənistan Xronikası” portalına istinadən xəbər verir ki, sentyabrın 13-də prezident Berdıməhəmmədov bu kitabı ilk dəfə hökumətin iclasında təqdim edib, ardınca türkmən çoban itlərinə-alabaya həsr edilmiş şeirini oxuyub. Nazirlər və digər məmurlar əlbətdə ki, prezidentin kitabını, şeirini alqışlarla qarşılayıblar.

Sentyabrın 14-də Aşqabaddakı mukam Sarayında dövlət başçısının yeni kitabının çapdan çıxması ilə bağlı təntənəli tədbir olub. Həmin tədbirdə prezidentin itlər haqda şeirinə yazılmış mahnının da təqdimatı keçirilib.

Sentyabrın 17-də kitabla bağlı Aşqabaddakı Kənd Təsərrüfatı Kompleksində təntənəli tədbir olub. Orada hökumət üzvləri, aqrosənaye kompleksinin bütün müəssisə rəhbərləri, dövlət qoruqlarının, elmi tədqiqat institutlarının, KİV-lərin və s. başçıları iştirak ediblər.

Ertəsi gün sentyabrın 18-də isə prezidentin oğlu,Aşqabad ətrafındakı Axalsk vilayətinin hakimi Sərdar Berdıməhəmmədov alabay itlərinin yetişdirilməsi mərkəzinin açılışını edib.

Türkmənbaşı bundan əvvəl də atlar, dərman bitkiləri və s. haqda kitablar yazıb. Habelə şəxsən yarış maşını çertyojlaşdırıb, xüsusi təyinatlı geyimində hədəfləri o cümlədən velosiped sürərkən “sərrast” vurub, digər məharətlərini nümayiş etdirib.