Türkan Cəfərova ölkəni tərk edib...

Baxış sayı:
1017

Ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi tələbləri ilə keçirilən mitinqlərin xanım qəhrəmanlarından olan Türkan Cəfərovanın da ölkəni tərk etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Türkan Cəfərova Bakı şəhərində keçirilən mitinqlərin və piketlərin aktiv iştirakçılarından idi.
Türkan xanım dəfələrlə polis əməkdaşlarının fiziki zorakılıqları ilə üz-üzə qalıb. Görəsən siyasi aktivist olan Türkan xanıma və digərlərinə polis kəmfürsətliyinin və insafsızlığının səbəbi nədir? Nəyə görə xanımlara qarşı bu qədər qəddar davranılır? Demək istəyirlər ki, heç bir qırmızı xətləri yoxdur? İşləri çətinə düşəndə milli mentalitetdən dəm vuranlar onlara lazım olanda həmin milli mentaliteti də rahatlıqla tapdalayırlar. Azərbaycanda qadınlara qarşı təqibləri, zorakılıqları və həbslərini adiləşdirməyə çalışırlar. Lakin, anlamırlar ki, xalqımızın hətta xanımları da polislərin zorakılığına və hədə-qorxularına boyun əymək fikri yoxdur. Azərbaycan qadının azadlıq və ədalət arzusunu heç kim boğa bilməz. Adını Azərbaycanda azadlıq və demokratiya uğrunda aparılan mübarizə tarixinə yazmış xanımlarımızı xalqımız tanımalı və onlarla fəxr etməlidir.

İndi Azərbaycan tarixinin ən çətin zamanlarından birini yaşayır. Qarabağın azad edilməsini xalqın müqavimətini qırmaq, xalqı tamamilə ram etmək fürsətinə çevirməyə çalışırlar. Ölkədə korrupsiyanı, rüşvəti ifşa edənlərdən, insan hüquq və azadlıqlarını qoruyanlardan, ölkədə azad və ədalətli cəmiyyət quruculuğu istiqamətində mübarizə aparan, ölkəni yaxşıya doğru dəyişmək istəyən nəinki kişilərdən, hətta xanımlardan qisas almağa çalışırlar.
Təəssüflər olsun ki, siyasi təqiblər üzündən mübarizə meydanlarında duruşunu qoruyub saxlayanların sırası seyrəlir. Gərək, xalqımız haqqın bu dərəcədə nazilməsinə icazə verməməli, üzülməməsi üçün haqq davası aparanlara dəstəyini artırmalıdır. Heç şübhə yoxdur ki, bu qaranlıqları da aşacağıq. Türkan Cəfərova kimi xanımların mübarizə nümunəsi soydaşlarımızı özünün doğal haqları və ədalətli cəmiyyət uğrunda apardığı mübarizəyə səfərbər edəcək. Görünür hakimiyyət orqanları cəmiyyətin hələlik baş verənlərə adekvat reaksiya verməməsi cürətləndirir.

Hakimiyyət başbilənləri anlamırmı ki, bu qədər ədalətsizlik, qütbləşmə onların özü üçün də yaxşı bir şey vəd etmir? İstər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan xalqının ən azı siyasi kəsimi xalqın sözünü deyən, onun azadlığı və firavan həyatı uğrunda mübarizə aparanları, haqqını müdafiə edən siyasətçilərə qarşı edilən haqsızlıqları görür.
Ona görə də cəmiyyət olaraq heç bir haqsızlığa susmamalı, haqqımız olanı tələb etməyi bacarmalıyıq.
EMİN