​Tonoyan ordudakı yüksək rütbəli zabitləri qovdu

Baxış sayı:
2812

Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan bir neçə yüksək rütbəli zabiti ordudan qovub. Azvision.az xəbər verir ki, buna səbəb nazirliyə məxsus yük maşınının Gorus-Qubadlı yolunda törətdiyi ağır qəzada 4 hərbçinin ölməsidir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Ermənistan ordusunun birinci tank piyadalarının tağım komandiri, baş leytenant Q.M, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin avtomobil xidmətinin rəisi, mayor M.A, dördüncü zirehli tank batalyonunun komandir müavini, kapitan Ş.A və həmin batalyonun keçmiş komandiri, mayor S.B tutduğu vəzifələrdən kənarlaşdırılıblar. 
Aralarında polkovniklərin də olduğu bir neçə digər yüksək rütbəli zabit isə xəbərdarlıq və ciddi töhmət alıb. 
Ovannisyan onu da vurğulayıb ki, bu cür cəzalar və vəzifədən azad olunma 4 erməni hərbçinin ölümünə görə adı çəkilən şəxsləri cinayət məsuliyyətindən azad etmir.