TİKİNTİ MAQNATININ AĞLAGƏLMƏZ "OYUNU"... - “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb?

Baxış sayı:
3603

Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən “EuroHome” tikinti bazarının sahibi Azay Möhnətov 5 il əvvəl baş vermiş yanğından sonra zərərçəkmişlərə kompensasiya ödəməmək üçün özünü “müflis” elan edib.

Muxalifet.az "Haqqin.az"-a istinadla xəbər verir ki, bu fakt Möhnətovla zərərçəkmişlər arasında məhkəmə prosesi zamanı açıqlanıb.

"EuroHome" tikinti materialları bazarında yanğın 2019-cu il dekabrın 10-da baş verib və təxminən üç saat davam edib. Nəticədə on nəfər insan xəsarət alıb və yüzə yaxın tikinti ləvazimatları mağazası yanıb.

Qeyd edək ki, Azay Möhnətov kifayət qədər iri biznesmen və demək olar ki, oliqarx hesab olunur, çünki o, qeyd olunan bazarla yanaşı, “AF Holding” şirkətlər qrupunun və “Uğur-97” MMC-nin prezidenti, habelə AF Hotel Aqua Parkın sahibidir.

"EuroHome"-da baş verən yanğın ticarət mərkəzindəki kirayəçilərə milyonlarla dollar ziyan vurub. Bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən, "EuroHome" şirkətinin yanğından zərər çəkmiş 5 sahibkara bir milyon yarım manat ödəməli olduğu qeyd  edilib. Lakin zərərçəkmişlər bu günə kimi bir manat da almadıqları üçün bu qərar kağız üzərində qalıb.

Bu yaxınlarda keçmiş kirayəçilər "EuroHome" MMC-nin əmlakı vasitəsilə dəymiş ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət ediblər. Amma məhkəmə zamanı məlum oldu ki, yanğının baş vermə şəraitinin araşdırılması zamanı "EuroHome" şirkətinin bütün əmlakı Azay Möhnətovun özünə və bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icrası Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilib. Lakin bu strukturun rəhbəri İlham Həsənov və icraçı Məhəmməd Qaragəzovun qətnaməsində “EuroHome” MMC-nin müflis olduğu və hazırda şirkətin zərərçəkmişlərə kompensasiya ödənilməsi üçün istifadə oluna biləcək hər hansı əmlakının olmadığı bildirilir.

İstintaq sənədlərinə görə, “EuroHome” şirkətinin təsisçisi olan Azay Möhnətov Binəqədi Rayon Məhkəməsinə müqavilə təqdim edib ki, hələ yanğından əvvəl öz şirkətinə 500 min manat borc verib. Üstəlik, borc məbləğinin 200 minini almayıb və buna görə də onların qaytarılmasını tələb edib.

Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova qərar çıxarıb ki, şirkət Möhnətova olan borcunu qaytarmalıdır. Bundan sonra Azay Möhnətov və onun şəxsi şirkəti olan “EuroHome” MMC arasında barışıq sazişi imzalanıb və bu müqavilə çərçivəsində sahibkar 200 min manat borc müqabilində 4 hektara yaxın ərazisi olan torpaq sahəsi alıb. Həmçinin ticarət mərkəzinin yerləşdiyi 4000 kvadratmetr sahəsi olan əmlak kompleksii əldə edib

Belə ki, yanğına görə yalnız bazar sahibi kompensasiya alıb, zərər çəkmiş sahibkarlara isə obrazlı desək, yanğından yalnız tüsütü qalıb.

Zərərçəkmişlər apelyasiya şikayəti verərək, məhkəmələrdən on milyonlarla manat dəyərində olan dörd hektar ərazinin niyə cəmi 200 min dəyərində qiymətləndirilməsinin aydınlaşdırılmasını tələb ediblər.

Həmçinin bu ilin əvvəlində “Azsığorta” MMC Azay Möhnətov ovə onun oğlu Aqil Möhnətovu məhkəməyə verib. İddia bəzi hüquq pozuntularına görə məsuliyyəti nəzərdə tutur, təfərrüatları hələ açıqlanmır.

Sadəcə məlumdur ki, “Azsığorta”nın iddiasına səbəb bir sıra hüquqi və fiziki şəxslərin müflis elan edilməsi ilə bağlı mübahisələr olub.