​Telefon almaq adı ilə görüşə çağırıb, telefonu əlindən aldılar — MƏHKƏMƏ İŞİ

Baxış sayı:
4222

Suraxanı Rayon Məhkəməsində telefon dələduzlarının məhkəmə prosesi baş tutub.
Muxalifet.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən Nuriyev Elşən Füzuli oğlu və Hacızadə Samir Rahib oğlunun məhkəmə prosesinə hakim Ceyhun Qədimov sədrlik edib. Cinayət işində 2 nəfər- Qəmbərli Fərid Xəqani oğlu və Əliyev Rəmal Müqtədir oğlu zərərçəkmiş qismində tanınıb. 
Dələduzluq hadisələri bu ilin mart ayında Suraxanı rayonunda baş verib. Paytaxt sakini Fərid Qəmbərli 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib. Daha sonra tanımadığı şəxslər onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildiriblər. Yeni Günəşli qəsəbəsində görüşən zaman isə həmin şəxslər onun mobil telefonunu əlindən alaraq hadisə yerindən qaçıblar.
Bölmə əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Nuriyev və Samir Hacızadə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əlavə tədbirlərlə saxlanılan şəxslərin eyni üsulla daha bir nəfərin mobil telefonunu oğurladıqları məlum olub. Dəstə üzvləri cinayətləri həyata keçirən zaman Samir Hacızadənin avtobilindən istifadə ediblər.