“Suriya böhranının həlli üçün qapı açıldı” – BÖYÜK RAZILAŞMAYA DOĞRU

Baxış sayı:
4999

Türkiyə və Rusiya prezidentləri arasında keçirilmiş görüş Suriya böhranının həlli istiqamətində atılmış ən ciddi addımlardan biridir. Türkiyə və Rusiya Suriya məsələsində ziddiyyətli mövqelərə malikdirlər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, hər iki ölkənin Suriyada, xüsusilə də İdlibdə ciddi maraqları var:
“Hesab edirəm ki, İdlib gərginliyinin aradan qaldırılması üçün keçirilmiş bu görüş ümumilikdə gələcəkdə Suriya böhranının həlli üçün ciddi rol oynaya bilər. Bununla Rusiya və Türkiyə Suriyada əsas söz sahibi olduqlarını göstərdilər.
Qərb, yaxud ABŞ isə hər iki ölkənin İdliblə bağlı razılığa gələ bilməyəcəyini hesablamışdı. Hətta o fikirlər səsləndirilirdi ki, Rusiya və Türkiyə İdlibdə üz-üzə gələcəklər. Amma Putin və Ərdoğan arasında baş tutan görüşdən məlum oldu ki, tərəflər uzlaşa bildilər, bir-birlərinə güzəştə getdilər. Bununla Rusiya müəyyən mənada müxalif qüvvələrin Suriyadakı mövqelərinə hücumundan sığortlanmış oldu. Burada qarant rolunu Türkiyə oynayır. Həm də Türkiyə İdlibdəki mövqelərindən geri çəkilmədi. Digər yandan da, Türkiyə bununla bölgədə yaşanması mümkün olan böyük qətliamın qarşısını almış oldu. Hesab etmək olar ki, bu razılaşma Suriya böhranının həlli üçün qapını açdı”.
Vüqar Zifəroğlu bildirib ki, İdlib Suriyanın şimal və mərkəz bölgələrinə nəzarət üçün ciddi strateji əhəmiyyətə malikdir:
“Buna görə də, Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlar vaxtı da İdlibin önəmi xüsusi olaraq vurğulanırdı. Digər yandan, Suriyada ayrı-ayrı qüvvələrin maraqlarının kəsişdiyi nöqtələr var. Həmin nöqtələrə dair əldə edilən uzalaşmalar Suriya böhranının həllinə bir qədər də təkan verir. Buna görə də, İdlibdə üstünlük əldə edən tərəf Suriya böhranının həllində güclü mövqe əldə edə bilər. İndiki məqamda isə biz Rusiya və Türkiyənin mövqelərinin gücləndiyini görürük. Bura qədər Rusiya və Türkiyənin ciddi şəkildə üz-üzə qalmaq ehtimalı var idi”.