SƏN SAYDIĞINI SAY... - Eldəniz Quliyev yazır

Baxış sayı:
2518

Nə hikmətdirsə, Allah-təala başımıza düşməli olan daşı həmişə ayağımıza salır...

Bu necə durumdur, nə zəmanə və nə tikanlı reallıqdır belə? Bir gözümüz gülür, bir gözümüz ağlayır... Qarabağın azad olunmasına, Xankəndində bayrağımızın dalğalanmasına və qürurla, sinə dolusu köks ötürüb sevindiyimiz bir məqamda... ...məmləkətdə elə əcaib-qəraib olaylar baş verməyə başlayır ki, adamın matı-qutu quruyur. Deməyə söz tapmırsan, - Allahdan savayı şikayət etməyə özgə bir ünvan, ağlayıb-sızlmaqdan qeyri bir əlac bulmursan...
Qəfildən insanlıq, vicdan, ləyaqət, heysiyyət tanımayan cansız "dubinkalar" və onların daş qəlbli canlı sahiblərinin sahibləri "iş başına keçir"- "babam mənə kor demiş..." coşqusuyla mütərəqqi düşüncəli insanlara "turşulu aş qonaqlığı" verməyi öz vəzifə borcları bilirlər!..
Yaxşı, tutaq ki, azad fikirli jurnalistləri, siyasi fəalları şər-şəbədəylə həbs etməyinizi, çətin də olsa, anladıq. Zatən zaman-zaman bu "qəhrəmanlıqları" etmisiniz və heç ruhunuz da inciməyib. Heç camaatımız da dodaqaltı deyinib-mızıldanmaqdan başqa bir təpki göstərməyib. Bəli, zaman-zaman düz yazan, düz danışan qələm əhlinə, ictimai fəallara və ağı qaradan seçə bilən adi vətəndaşlara qarşı hərbə-zorba və xox gəlməkdə, həm məsuliyyətsiz, həm də özbaşına olmusunuz... Yaxşı, bəs indi nə baş verdi, yəni yatıb nə yuxu gördünüz ki, birdən-birə ölkənin ləyaqət simvolları sayılan, fəxr elədiyimiz, sevdiyimiz, xətrini daima uca tutduğumuz, xalqın, ölkənin təssübünü çəkən aydın insanlara qarşı amansız repressiyalara start verdiniz?! Nədən? Nədən ağına-bozuna baxmadan, ortaya ağılabatan bircə dənə də fakt, sübut, dəlil və əsas qoymadan, neçə alimi, ziyalı bəndəni və neçə-neçə günahsız insanı zindana saldınız?!
Bu siyası dərəbəyliyi, dünya birliyində bizə utanc gətirən bu mənasız həbsləri hansı ağılla, hansı məntiqlə edirsiniz axı?!
Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir, həzarat! Bunun fərqindəsinizmi?..
Belə həssas bir məqamda belə qüsurlu addımlar atmaq heç bir sağlam məntiqə sığmaz və əlbəttə ki, heç bir siyasi texnologiya "dəftər-kitablarında" da bu barədə izahat-filan, yaxud pozitiv bir şey-zad yazılmayıb...
Yəqin elə buna görədir ki, siyasi-ictimai meydanda (oxu, TV-lərdə, sosial şəbəkə və KİV səhifələrində), əksərən boşboğaz "ekspertlər", ağzı dediyini qulağı eşitməyən siyasi şərhçilər, "bilici" politoloqlar, eləcə də boş qazan kimi, səsi bərk, içi boş olan yaltaqlar sürüsü və sair və ilaxır bu kimi "alağ otları" at oynadırlar!..
Bəkə də elə bu səbəbdəndir ki, son zamanlar sürətlə yayılan aşağıdakı rişxəndlə dolu "məlumata" inananların sayı və sırası durmadan artır...
...Yalan-doğru, deyirlər bu yaxınlarda yeni bir universitet açılacaq - YALTAQLIQ universiteti. Guya orada "Yalmanmaq", "Qılıqlanmaq", "Quyruq bulamaq", "Qazan dibi yalamaq", "Pişiklənmək", "Küçük trollar gildiyası" və sair bu kimi fakültələr olacaq. Hətta "Çətin və müthiş yerlərə asan giriş və sabunlanmanın kreativ metodologiyası" kafedrası da fəaliyyət göstərəcək.
Ekspertlərin iddiasına görə, yeni universitetdə təhsil almaq istəyənlərin sayı-hesabı olmayacaq... Qəbul imtahanları, eləcə də təhsil müddətində şampundan, sabundan və digər sürüşkən məhlullardan eninə-boluna istifadə etməyə icazə veriləcək!..
Hə, cənablar, indi nə deyirsiniz? Yəni indi biz öz doğma məmləkətimizdə insan kimi yaşamaq, ya mövcud olmaqçün "optovoy " şəkildə sizin universitetə qəbul olmalıyıq?!
P.S. Xankəndində keçirilən futbol matçında hamımızı ruhu fərəhdən uçum-uçum uçundu...
Bakıda isə... dördkünc daşlarla bilyard oynamanız üzərimizə kədər yağışı yağdırır!..
Eldəniz QULİYEV