ŞƏMKİRLİ İŞ ADAMININ KİLLERİ YAXALANDI - “Onu Polşaya göndərməyi planlaşdırırdılar..." / VİDEO
Avqustun 3-də Ukraynanın Odessa şəhərində sifarişli qətl törədən 27 yaşlı killer Elmuraz Məmmədov paytaxt Kiyevdə yaxalanıb. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, Nikolay Amosov adına klinikanın yaxınlığında kirayə götürülmüş mənzildə gizlənirmiş. Killeri Azərbaycanda yaşayan ailəsinə Ukrayna nömrəsindən etdiyi zəng ələ verib.
“Onu Polşaya göndərməyi planlaşdırırdılar, amma alınmadı”,-məlumatda deyilir.
Elmuraz Məmmədov avqustun 3-də Odessada 25 yaşlı azərbaycanlı kiçik sahibkar, eyni zamanda reket və soyğunçuluq əməllərinə görə adı polisin siyahısında olan Laçın Məmmədovu “Stalker” tapança-pulemyotu ilə güllələyib və hadisə yerindən qaçıb. Laçın Məmmədov Şəmkir rayonunun İrmaşlı kəndinin sakinidir və ailəsi, azyaşlı uşaqları ilə birlikdə Odessada yaşayırdı. Onun azərbaycanlılardan ibarət kriminal qruplaşmaya mənsub olduğu bildirilir.
Killer Elmuraz Məmmədov onu güllələmək üçün cinayətdən bir həftə əvvəl Polşadan Odessaya gəlib, qurbanının yaşadığı binanın yaxınlığında mənzil kirayələyib və onu güdməyə başlayıb. Cinayətdə istifadə etmək üçün Avropa nömrə nişanlı “Mercedes” alıb, hadisə yerindən həmin avtomobillə qaçıb və daha sonra avtomobil atılmış vəziyyətdə tapılıb. Qətl anı videomüşahidə kameralarına düşüb.
Bəzi məlumatlara görə L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.
İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.