Sistani İranın narkotik ticarətinə “çomaq soxdu”

Baxış sayı:
2374

İraqda molla rejiminə qarşı etirazlar başladı…
Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra İranın ölkəmizə qarşı “narkotik savaşı” apardığı haqda dəfələrlə yazmışıq. Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ciddi mübarizə aparılsa da, cəmiyyətimizi bu bəladan xilas edə bilmirik. Əksinə, ölkəmizdə narkobiznesin daha da “çiçəkləndiyi”, narkomaniyanın isə günbəgün genişləndiyi danılmaz həqiqətlərdir.
Son proseslər onu göstərir ki, İranda mövcud olan molla rejiminin narkotik siyasəti təkcə Azərbaycan üçün deyil, digər qonşu dövlətlər, hətta region ölkələri üçün də böyük problemə çevirlib. Təsadüfi deyil ki, İraqın ən yüksək rütbəli şiə ruhanisi, Ayətullah Əli Sistani iki gün öncə narkotik istifadəsi və ticarətini pisləyən fətva verdi. Stopnarkotik.az Haqqın.az-a istinadən xəbər verir ki, fətvanın məzmunu sərtdir və ikili şərhə yer qoymur: “İstənilən formada istifadə haramdır. Narkotik alverçiləri ilə münasibət haramdır. Narkotik ticarətindən əldə edilən pullar və onun biznesdə investisiya kimi istifadəsi haramdır”.
Ayətullah Sistani fətvasında iraqlıları narkotik tacirləri ilə bağlı səlahiyyətli orqanlara məlumat verməyə çağırıb. O, vurğulayıb ki, bu təhlükə ilə mübarizə təkcə vətəndaşlıq məsuliyyəti deyil, həm də hər bir dindarın mənəvi və dini borcudur.
Sistani öz fətvasında narkotik alverçilərindən rüşvət alanları da hədələməklə, İraq hüquq-mühafizə orqanları əməkdaşlarını diqqətdən kənarda qoymayıb.
Qeyd edək ki, Ayətullah Sistaninin bu fətvası İraq hakimiyyəti və ölkə vətəndaşları tərəfindən tam razılıqla qarşılanıb. Təhlükəsizlik qüvvələrinə gəlincə, onların buna əməl edəcəyinə müəyyən şübhələr var. Çünki ölkədə ən çox yayılan “Captagon” (Kaptaqon, fenetillin) biznesi yalnız anonim narkotik satıcılarının şəxsi təşəbbüsü ilə realizə olunmur, əksinə, bu, rəsmi Tehranın İraqda mövcud olan İranyönümlü ünsürlərinin yeni biznes sisteminin bir cinahıdır. İran Suriyada SEPAH-ın və Livanda “Hizbullah”ın himayəsi altında narkotik biznesini yürütdüyü kimi, İraqda da “Captagon” biznesini öz əlaltıları ilə birgə əl-ələ verib idarə etmək istəyir. Bir sözlə, burada kimlərinsə şəxsi marağından deyil, böyük biznes marağından söhbət gedir.
Əlbəttə, İranın, daha doğrusu molla rejiminin narkotik ticarətindən əldə etdiyi qazanc milyonlarla deyil, milyardlarla dollarla ölçülür. Hansı ki, bu pulların bir hissəsi ilə istər Suriya və Livanda, istər də İraqda Tehrana bağlı yerli silahlı dəstələr maliyyələşdirilir. Üstəlik, gəlir gəldikcə “Captagon” ticarətinin əhatə dairəsi də genişləndirilir. Heç də təsadüfi deyil ki, Suriyada çoxdan başlanan ““Captagon” dalğası” artıq İraqı da ağuşuna alıb.
Şübhəsiz, məlum fətva ilə çıxış edən Sistani çox gözəl anlayır ki, rəsmi Tehran narkotik biznesindən gələn gəlirlə SEPAH və “Hizbullah”la yanaşı, İraqdakı İranyönümlü silahlı qüvvələri maliyyələşdirir. O, bilir ki, günbəgün silahlanan bu qüvvələr sabah İraq üçün böyük təhlükəyə çevrilə bilər. Yəni Böyük Ayətullah İraqın təhlükəsizliyinə yeni təhdidlərin arxasında kimin dayandığını çox yaxşı başa düşür.
İran faktiki olaraq hazırda regionda “Captagon” ticarətinin arxasında  dayanan yeganə gücdür. Yəni ““Captagon” dalğası”nın arxasında üzdə Suriya rejiminin dayandığı haqda görüntülər heç kimi aldatmamalıdır. Bəşər Əsəd bu biznesdə sadəcə olaraq Tehranın “marionetka”sıdır. Suriya isə İranın “Captagon” fabrikidir.
Suriya təhlükəsizlik qüvvələrinin hər bir bölməsinin - istər “Captagon” üçün istehsal bazasını təmin edən 4-cü Zirehli Diviziya, istərsə də Suriya sərhədlərini, daha sonra Körfəz ölkələri və İordaniyanı logistika ilə təmin edən Hərbi Hava Qüvvələri kəşfiyyatının SEPAH və “Hizbullah”dan məsləhətçiləri var. Odur ki, “Captagon” narkotiki trafikini kimin idarə etməsi ilə bağlı heç bir sual olmamalıdır.
Avropanı ələ keçirən ucuz narkotik...
Xatırladaq ki, bundan öncə Stopnarkotik.az saytında İranın “Captagon” biznesi ilə bağlı dəfələrlə yazı dərc etmişik. Həmin məqalələrdə qeyd olunurdu ki, Suriyada müharibənin başlamasıyla ölkə narkotrafik üçün münbit məkana çevrildi. Söhbət, ilk növbədə təkcə Yaxın Şərqi deyil, həm də Avropanı ələ keçirən ucuz amfetamin olan “Captagon”-dan gedir. Bildirmişdik ki, çox asılılıq yaradan “Captagon” istehsalı və qaçaqmalçılığı, Suriyada vətəndaş müharibəsi başladıqdan bəri beynəlxalq təcriddə qalan Əsəd rejimi üçün alternativ gəlir mənbəyinə çevrilib. Burada isə istehsal və tranzit birbaşa İran rejiminin nəzarəti altındadır.
Məlumat üçün bildirək ki, amfetamin ilk dəfə narkolepsiyanı müalicə etmək üçün 60-cı illərdə Almaniyada istehsal edilib. Daha sonra 1986-cı ilə qədər əksər ölkələrdə qadağan edilib. Bu gün amfetamin regionda kefləndirici-əyləncə narkotiki  kimi məşhurdur. Hətta belə bir məlumat da var ki, İŞİD yaraqlıları cəbhə xəttində döyüş hazırlığını saxlamaq üçün “Captagon”-dan istifadə ediblər.
Yeri gəlmişkən, bu il, iyunun sonunda Omanda narkotiklərlə mübarizə orqanları 6 milyon narkotik tərkibli həb (amfetamin) müsadirə ediblər. May ayında isə Səudiyyə Ərəbistanının Ciddə rəsmiləri nar yeşiklərində gizlədilmiş 12,7 milyondan çox amfetamin həbi ələ keçirib. Qiyməti təxminən 50 sent olan “Captagon” tabletinin 18-25 dollara satıldığı Fars körfəzi ölkələri narkotik alverçilərinin ən arzuolunan bazarına çevrilib.
Hazırda Suriya dünyada satılan “Captagon” həblərinin 80%-nin tədarükcüsüdür. Hansı ki, “Captagon” ticarətinin həcmi bu ölkənin dövlət büdcəsindən ən azı üç dəfə çoxdur.
Məlumata görə, ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq müqabilində Suriya öz sərhədlərindən narkotik qaçaqmalçılığının qarşısını almağa kömək edəcəyini vəd edib. Bununla belə, Əsədlə münasibətləri normallaşdırmaq və ya sanksiyaları ləğv etmək planlarının olmadığını deyən Bayden administrasiyası Suriya liderinin “Captagon” və ya digər məsələlərdə mənalı güzəştlərə getməyə hazır olduğuna şübhə ilə yanaşır.
Mövzuya dair suriyalı araşdırmaçı jurnalist Taim Əlhaj Hazza “Medialine”a bunları deyib: “Demək olar ki, həşiş və “Captagon” ticarəti İranın rəhbərlik etdiyi “Hizbullah” üçün ən mühüm maliyyə mənbələrindən biridir. Minlərlə dərman həbi dünyanın digər ölkələrinə ixrac edilmək üçün Suriya dəniz limanları yaxınlığındakı kiçik laboratoriyalarda hazırlanır”.
Əsəd rejimi və müttəfiq silahlı birləşmələr təxminən beş il əvvəl Suriyanın cənubuna nəzarəti bərpa etdikdən sonra bu ərazi “Captagon” tacirləri üçün əsas quru tranzit marşrutuna çevrilib. İordaniya Fars körfəzi ölkələrinə giriş qapısı kimi onların əsas hədəfidir. İordaniya Ordusu 2020-ci ildən bəri 1700-dən çox qaçaqmalçılıq cəhdinin qarşısını aldığını açıqlayıb.
Bizim ölkəmiz kimi, İordaniya da tranzit məntəqəsi olmaqla yanaşı, özü də istehlakçıya çevrilib, onun ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin təxminən beşdə biri ölkə daxilində istehlak olunur.
“Cihad həbi”
Onu da qeyd edək ki, amfetamin ailəsindən olan “Captagon” Yaxın Şərqdə xüsusilə gecə klubu ziyarətçiləri və terrorçular arasında məşhurdur. Bu həb onu qəbul edən adama üç günə qədər yuxusuz qalmağa imkan verir. “Captagon”un ləqəblərindən biri də “cihad həbi”dir. İŞİD və “Hizbullah” rəhbərliyi terrorçulara ağrını, qorxunu unutdurmağa və təhlükəli missiyaları yerinə yetirməyə kömək üçün hər zaman bu həbdən istifadə edib.
Məsələn, İŞİD-in Parisdə “Bataclan” teatrında törətdiyi qətliamdan sonra terrorçuların otel otağında “Captagon” həbləri tapılmışdı.
Məlumat üçün onu da deyək ki, narkotik pulları hesabına ayaqda duran “Hizbullah”ın illik büdcəsi 1,2 milyard dollardır. Pulun böyük hissəsi İrandan gəlir. ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) hesab edir ki, təşkilatın narkotik alveri ilə bağlı sövdələşmələri ildə 300-400 milyon dollar arasında gəlir gətirir. Ən paradoksal cəhət odur ki, “Hizbullah” təkcə terror təşkilatı deyil, həm də radikal müsəlman təşkilatıdır və İslamda isə narkotikə icazə verilmir...
Bu təşkilatın narkotik alverinin həcmi o qədər böyükdür ki, ABŞ Dövlət Departamenti “Hizbullah”ı dünyanın ən güclü beş cinayət təşkilatı sırasına daxil edib.
Bu arada, livanlılar “Hizbullah”ın maraqlarına tam təslim olmuş durumdadırlar ki, bu da onu “Yaxın Şərqin Kolumbiyası” edir. Kolumbiyanın Eskobar və narkotik kartellərinin kabusundan qurtulmaq üçün 20 il çəkdi. Belə görünür ki, heç kim hələ uzun illər Livanı Həsən Nəsrullah adlı (“Hizbullah” lideri) şiə narkobaronundan azad etmək mümkün olmayacaq...
Hazırladı: M.SABİRQIZI