Saxta deputatların Rusiyaya “sədaqət andı”

Baxış sayı:
9526

Onlar ABŞ-a “meydan oxumaqla”, öz mandatlarının “haqqını verdilər”
Bu həftə Azərbaycan və ABŞ arasında qarşılıqlı söz savaşı gündəmə hakim oldu. İlk öncə bu qarşılıqlı deyişmənin nədən qaynaqlandığına diqqə edək. Qəribədir ki, Vaşinqton-Bakı deyişməsi mübahislərə mövzu olan Aşıq Ələsəgərin heykəlinin qalmaqallı açılışı ilə demək olar eyni vaxtda trendə girdi. Bakının Vaşqintona qarşı “demarşı”nı saxtalaşdırılmış seçkilərlər Milli Məclisdə mandata yiyələnən əsasən yeni deputatlar səsləndirdilər. Daha doğrusu, imzaları ilə deputat kreslosunun “haqqını verdilər”.
Əlbəttə, Azərbaycan analoqsuz ölkə olduğunu bu “demarş”da da biruzə verməli idi. Çünki, mandatı xalqdan yox, təmsil etdikləri maraq qruplarından alan deputatlar onları seçdirənlərə “sağ ol”u ictimai şəkildə deməli idilər. Belə ki, “çiçəyi burnunda” deputatların ABŞ-a “sərt bəyanatı” “Kremlə sədaqət andı” idi. Yəni işin içində iş var.
Gələk, görək dünyanın supergücünə - ABŞ-a “meydan oxumaq” fikrinə düşən deputatlar bu ilhamı hardan alıb? Bir az da biz mövzunun üstündə baş sındıraq, görək müzakirənin son mənzili hara çıxır...
Rusiyanın Ukraynada bir az “başının açılması” ilə Gürcüstan və Azərbaycan-Ermənistanla məşğul olmağa daha çox fürsəti yaranıb. Əslində, ABŞ-ın Azərbaycana qarşı qərəzli duruşu kimi görünən reaksiyasına yalnızca bizə qarşı ortaya qoyulmuş mövqe kimi baxmaq olmaz. Məsələyə geniş çərçivədən yanaşmaq lazımdır, yəni ABŞ-ın Cənubi Qafqaza nəzəri kimi.
2024-cü ilin 31 iyulunda ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen belə br açıqlama ilə çıxış etdi ki, ABŞ "Azərbaycan və Ermənistan üzərindən marşrut aça bilsə, Məkrəzi Asiya dünya bazarlarına çıxış əldə edəcək və Rusiya və Çindən asılılığı azaldacaq”. Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edən ABŞ rəsmisi, Ermənistanın baş naziri Nikol Paşinyanın “Rusiya ilə münasibətləri pozmaq” üçün atdığı “cəsur addımları” alqışladı. O, həm də dedi ki, “bu, Rusiya ilə əhəmiyyətli dərəcədə qopmaya gətirib, Ermənistan əhalisinin çox hissəsi Rusiyadan uzaqlaşmaq istəyir”. "Beləliklə, biz (yəni Amerika hakimiyyəti) bunun baş verməsi üçün şərait yaradırıq", - O'Brayen vurğuladı.
Komitə sədri Ben Kardinin ABŞ-ın “daha ​​sıx əməkdaşlıq” tələblərinə necə cavab verməsi ilə bağlı sualını cavablandıran O'Brayen ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında görüşdə açıqladı ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistanın Rusiyadan asılılığını azaltmağa kömək edəcək yeni platforma” yaradıb. "O, demək olar ki, iqtisadi və enerji baxımından Rusiyadan tamamilə asılıdır və biz diversifikasiyaya nail olmalıyıq", - xarici siyasət rəsmisi dedi. Eyni zamanda, o bildirdi ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh arzusunun mümkün qədər tez razılaşmaya çevrilməsi üçün səy göstərir, Rusiya isə hadisələrin öz şərtləri ilə inkişaf etməsini təmin etməyə çalışır ki, bu da qıcıqlanmaya səbəb olur.
O'Brayenin bildirdiyinə görə, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh sazişləri bağlamaq istəyi ondan irəli gəlir ki, “Mərkəzi Asiyanın inanılmaz zəngin ölkələri dünya bazarlarına Rusiya və ya Çin vasitəsilə çıxmaq imkanlarına malikdir. “Əgər biz Azərbaycan və Ermənistan üzərindən marşrut aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən asılılığı azaldacaqlar”, - deyə o əlavə etdi.
Bundan əvvəl isə, 15 noyabr 2023-cü ildə həmin O'Brayen bildirmişdi ki, Azərbaycan və Ermənistan öz gələcəklərini Rusiya-İran oxundan kənarda qura bilərlər: “Düşünürəm ki, Moskva və Tehranın region təhlükəsizliyinin əsas iştirakçıları olduğu Rusiya-İran oxu ətrafında gələcək həm Azərbaycan, həm də Ermənistan hökumətləri üçün qeyri-sabit və arzuolunmazdır. Bakı və İrəvan indi fərqli qərar qəbul etmək imkanı var”. Bu açıqlamadan təxminən bir il keçəndən sonra - oktyabrın 5-də O'Brayen Rusiya və İranın yaratdığı təhlükəsizlik arxitekturasının Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu bildirdi. “Regionda (Cənubi Qafqazda) təhlükəsizliyin əsas iştirakçıları kimi Rusiya və İran oxu ətrafında qurulan gələcək Ermənistan və Azərbaycan hökumətləri üçün də qeyri-sabit və arzuolunmazdır”, - deyə O’Brayen təmsil etdiyi dövlətin mövqeyini ifadə etmişdi.
Ədalət naminə deməliyik ki, O'Brayen dediyi sözlərdə yanılmır. Üstəlik, onu da etiraf etməliyik ki, 2020-ci il 44 günlük II Qarabağ müharibəsi zamanı ABŞ Azərbaycanın torpaqları işğaldan azadetmə hərəkatına göz yumdu ki, bu da rəsmi Bakının işinə yaradı, hərbi əməliyyatlar fasilə yaranmadan aparıldı. Böyük ehtimalla Rusiyanın orbitindən çıxa bilməməsini torpaqların 30 ildir ki, işğalda qalması ilə əsaslandıran Bakı qələbədən sonra Rusiyanın təsirindən çıxmaq üçün boynuna öhdəlik götürüb. Çünki Vaqşinton başqa şərtlə erməni cığalının başının əzilməsinə göz yummazdı.
Beləliklə, Vaqşinton Bakı nəfəsini dərib gücünü toplayanadək gözlədi. Görəsən, nəyin qarşılığında? ABŞ-ın göz yummasının əvəzində ona verilən vəd nə ola bilərdi? Şübhəsiz, ilk növbədə Rusiyanın orbitindən çıxmaq. Çünki Çinlə gözlənilən qarşıdurmaya hazırlıq görən Vaşqinton o vaxt yetişənə qədər Cənubi Qafqaz və Yaxın Şərqdə hər şeyi yerbəyer etmək istəyir. Hələlik nişangahı Pekinə tərəf tuşlamış olan Vaşqinton hədəfi Moskvaya da çevirə bilər. Qarşıdurmanın yekunu kimi Pekinlə Vaşqinton Rusiyanın sərvətlərini də bölmək üstündə razılaşa bilərlər.
Əslində, ABŞ-ın Çinlə Rusiya üçbucağında Pekini məğlub etməsində məntiq yoxdur, çünki ov şikarı kimi Rusiya öz sərvətləri ilə daha çox iştah doğrurur. Bəli, dediyimiz kimi, ABŞ Çinin iqtisadi baxımdan daha çox şişməsinin qarşısını kəsməyi onun tranzit marşrutlarının qarşısını kəsməkdə görür, amma təbii sərvətlər baxımıdan Rusiya daha iştahlı ovdur.      
Yuxarıda da yazıldığı kimi, ABŞ düşünürdü ki, "Azərbaycan və Ermənistan üzərindən marşrut aça bilsə, Məkrəzi Asiya dünya bazarlarına çıxış əldə edəcək və Rusiya və Çindən asılılığı azaldacaq. Daha doğrusu, Mərkəzi Asiyanın təbii sərvətlərinin dadına baxmaqdan Rusiya ilə Çini kənarda qoymaq, bu sərvətlərin yalnız öz nəzarəti altında dünya bazarlara axmasını təmin etmək ki, bundan da öz payını alsın.
Rusiyanın Cənubi Qafqazdan çıxarılması üçün bütün cinahlarda çalışan Vaşqonton Gürcüstan və Azərbaycanda buna nail ola bilməsə də, Ermənistanla vəziyyət fərqlidir. İqtisadi və siyasi baxımdan nə qədər Rusiyadan asılı olsa da, İrəvan Moskvaya qarşı dirənməyə çalışır.
Məncə, Rusiyanın Tiflis və Bakıya “ağzının sulanaraq tamahlanması” kontekstində Gürcüstandakı duruma baxmaqda da yarar var. Məlumdur ki, tezliklə Gürcüstanda parlament seçkiləri baş tutacaq. “Gürcü arzusu”nun sponsoru Bidzina İvanaşvili guya Rusiyanın üsyankar Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın “ağuşuna qaytaracağı” ümidini satışa çıxarsa da, onun yalanı ifşa oldu. Öncə ondan başlayaq ki, o, bu yalanı niyə ortaya atmışdı? Gürcülərin Rusiyaya ürək qızdırıb, ona etibarın göstəricisi kimi rusbaş “Gürcü arzusu”na səs verməsi, parlamentin yenə rus orbitində qalması, ölkənin də “Gürcü arzusu”nun cəngində qalması üçün bu yalan vacib idi. Amma bu o demək olacaq ki, Gürcüstan tamamilə - yerli-dibli rus təsirinə girəcək.
Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyinin Cənubi Osetiyada rus hərbi bazası yerləşdrilməsi üçün torpaq ayrılması ilə bağlı danışıqlar aparması Moskvanın İvanaşvilini, daha doğrusu seçkilərdə qələbə qazanmaq üçün gürcü xalqını barmağına doladığını ortaya çıxardı. Maraqlıdır ki, bu məlumat Tiflis meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladzeninin Sergey Lavrovun Moskvanın Suxumi və Tiflis arasındakı münasibətin normallaşamsına töhfə verməyə hazır olması barədə bəynatına münasibət bildirməsindən sonra gəlib. Kaladze Kremlin bu mövqeyini alqışlayıb və bildirib ki, Rusiya “sözdən əmələ keçməli”, Abxaziya və Cənubi Osetiyadan hərbi bazalarını çıxarmalıdır.
Əslində məşhur Zatulin də İvanaşvilinin bu fırıldağını ifşa etdi və bildiridi ki, Abxaziya ilə Cənubi Osetiya Gürcüstana qayıtmayacaq: “Normallaşma rus qoşunlarının çıxarılmasını nəzərdə tutur? Bizim Abxaziya və Cənubi Osetiya ilə təhlükəsizlik məsələlərində, hərbi məsələlərdə və s. müqavilələrimiz var. Heç kim bu məsələni müzakirə etmir, Lavrov dediyini dedi, o, qoşunların çıxarılmasını nəzərdə tutmayıb. Məsələ ondadır ki, Abxaziya, Osetiya və Gürcüstandakı reallıqları tanımaq, dövlətlərarası münasibətlər çərçivəsində hansısa real qarşılıqlı fəaliyyət formalarını qurmaq lazımdır. Lavrovun sözləri Rusiyanın Cənubi Osetiya və Abxaziyanın Gürcüstana qayıtmasında maraqlı olması kimi başa düşülməməlidir. Bu vaxt çoxdan keçib. Əgər onlar bir-biri ilə iqtisadi işgüzar əlaqələr qururlarsa, bu, müsbət haldır”.
Deməli, məlum olur ki, “Gürcü arzusu” Rusiya XİN rəhbəri Lavrovun BMT 79-cu sessiyasında dediklərini təhrif edib və öz istədiyi kimi qələmə verib. Buna cavab olaraq, “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze oktyabrın 6-da bildirdi ki, Gürcüstan özünü elan etmiş Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımaq və onlarla konfederasiya yaratmaq fikrində deyil.  
Beləliklə, görünən odur ki, Rusiya Tiflislə Bakı üzərinə ənənəvi kolonial məqsədlə hücuma keçib, onun ikisini də orbitindən buraxmaq istəmir.
Gürcüstandakı seçkilərdən danışdıq. Məlumdur ki, seçicilərin səsini almaq üçün iz azdırararaq Rusiyanın adından yalan danışan İvanaşvilinin “kələyini ancaq gürcülər kəsə bilər”. Əks halda Gürcüstanda da Azərbaycanda səhnələşdirlib nümayiş olunan saxta parlament seçkilərinin fraqmenti oynanacaq. Sentyabrın 1-də Azərbaycanda baş tutmuş kimi qeydə alınan saxta seçkilər bu il iyunun 28-də növbədənkənar elan edilmişdi. 2020-ci ildə 44 günlük müharibəyə göz yummağın qarşılığı və ABŞ-ın mükafatı yalnız şəffaf seçkilər keçirilməsi və parlamentin rusbaşlardan təmizlənməsi vədi ola bilərdi. Çünki Vaşinqton əvəzində heç bir vəd almadan Ermənistanı qurban verməyə havayı göz yuma bilməzdi. Bu məntiqsiz olardı. Böyük ehtimalla Kremlin orbitindən çıxmağı boynuna götürən Bakı təmizləməni parlamentdən başlamalı olacaqdı. Amma seçkidən bir-iki gün əvvəl özünü Bakya hövlank yetirən Putin seçkilərə müdaxilənin və əvvəlki rusbaş deputatların saxlanmasının diqtə edilməsi siqnalını verdi. Nəticə o oldu ki, Putinə qarşı ABŞ-a verdiyi Moskvanın orbitindən çıxmaq sözünü yerinə yetirə bilməyən Bakı Rusiyadan qopmağın ilk addımını ata bilmədi.
Beləliklə, parlament seçkilərinin növbədənkənar keçirilməsinin də bir mənası qalmadı. “Köhnə hamam, köhnə tas” öz yerində qaldı, “dəyirman öz işinə davam etdi, çax-çax isə baş ağrıtdı”. Təsadüfi deyil ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya gəldi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdü. Rəsmi versiyaya görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilmişdi, amma böyük ehtimalla Bakıya seçkilərin niyə “rusyönümlü” keçirildiyi, parlamentin niyə yenə rusbaş tərkiblə yeniləndiyi əsas müzakirə mövzusu olub.  
İndi isə yeni deputatların qələmindən anti-ABŞ məktubunun necə çıxmasına gələk. Əvvəlcə qeyd edək ki, Prezident İlham Əliyev 20 sentyabr tarixini Dövlət Suverenliyi Günü kimi təsis etdi. Rəsmi olaraq, bunu əsas kimi, 19 sentyabrda antiterror əməliyyatı zəmin olaraq göstərilir. Amma bir tərəfdən də 20 sentyabr 1994-cü il eyni tarixdə Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında  Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s, LUKoyl Səhmdar Cəmiyyəti MakDERMOTT AZƏRBAYCAN İNK, PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A. O., YUNOKAL XƏZƏR, LTD arasında saziş imzalandığı gündür. Bu gün tarixə “Əsrin Müqaviləsi” kimi düşdü və faktiki Azərbaycanın iqtisadi müstəqilliyinin əsasının qoyulduğu, Qərblə iqtisadi işbirliyinə start verildiyi gündür. Həm də bu tarixin anılması, dövlət bayramı statusuna yüksəldilməsi jestdir.
Parlamentin yeni deputatlarının qələmindən çıxan məktubu  işıqlandırmayacağam, istəyən saytlardan oxuya bilər. Yalnzı bəzi nüanslara toxunacağam.   
Məktubda “Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar” cümlələri parlament üzvlərinin ABŞ-ın dünya dövlətləri arasında tutduğu status baxımından ən azı ölkəmizin Vaşqintonla münasibətlərinin pozulmasında niyə maraqlı olduğunun səbəblərini götür-qoy etməyi gərəkdirir.
“Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir” cümlələrindəki hansı irqi ayrı-seçkilikdən söhbət gedir?
Müharibə cinayətkarlarına gəlincə, onlar Rusiyanın diqtəsi ilə həbsxanada bəslənir.
“ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələrə” gəlincə, Rusiyanın ABŞ kimi gücü olsaydı ondan heç də geri qalmazdı. Məgər Rusiya SSRİ zamanında Əfqanıstanda eyni vəhşi əməlləri törətməyib? Yoxsa Putin zamanının Rusiyası Çeçenistanda eyni əməlləri törətməyib? Bir neçə il əvvəl Rusiya Qazaxıstana hücum etmədi? Suriyada qırğınlar törətmədi? İrəvanla Bakının barışmasını Moskva çox istəyir? Azərbaycan xalqının mədəni irsinin, məscidlərin, tarixi abidələrin dağıdılmasını, təhqir edilməsini Rusiya nə vaxtsa pisləyib? Yaxud Xocalı cəlladlarına qarşı hansısa bəyanat verdi, eləcə də taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardı?!
Azərbaycan indiyə qədər balanslı siyasət yürütmək xəttini izləyirdi. Amma belə görünür ki, yenidən ətə-qana bürünən rusbaş parlament ölkəmizin şimala meyllənməsinə çalışacaq.  Təzə deputatlara “start” siqnalının Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin “Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanları ABŞ-dan rusiyalı diplomata qarşı təxribat xarakterli təhlükənin qarşısını birgə alması” haqda açıqlamasından sonra verilməsi də maraq doğurur.  Azərbaycan ənənəvi olaraq balanslı xarici siyasət yürütməyə sadiqdir. Əlbəttə, ölkəmizin olduğu mürəkkəb regional şərait bunu diqtə edir və Bakı bu istiqamədə manevrlərlə müvazinəti saxlamağa nail olurdu. Amma hazırkı şərait göstərir ki, Moskva onu da  anti-Qərb koalisiyasına qoşmaq fikrindədir. Elə köhnə rusbaş deputatların cərgəsinə qatılan yeni deputatlar da məlum məktubla eyni xəmirdən yoğrulduqlarını etiraf etmiş oldular. Onları parlamentə salan küləyin Moskvadan əsdiyini bir növ məlum məktubla etiraf etmiş oldular. Bu məktub onlar üçün bir növ sədaqət andı oldu. Onların kürsüsünü təmin edən cinah təbii ki, bu gün anti-Qərb mövqeyi tələb edirsə, sabah da anti-Türkiyə tələb edəndə, onlar etimadı doğrultmaqdan ötrü istənilən diqtəni yerinə yetirəcəklər, Moskvaya sədaqətlərini izhar edəcəklər. Lazım gəlsə Azərbaycanı Rusiyanın quyruğuna da qoşacaqlar. O zaman bir daha düşünək ki, bu seçkilərlə niyə vətəndaşların və dünyanın gözünə kül üfürdülər?..

Ülviyyə ŞÜKÜROVA