Rusiyanın neft-qaz gəlirləri rekord səviyyədə azalıb

Baxış sayı:
11294

Beynəlxalq Enerji Agentliyinin (BEA) yaydığı hesabata görə, 2023-cü ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyanın neft və qaz ixracından gəlirləri 38 faiz azalıb.

“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, BEA Rusiyanın neft və qaz gəlirləri yanvar ayında 18.5 milyard dollar təşkil etdiyini hesablayıb. Bu da ötən illə müqayisədə 38 faiz azdır.

2022-ci ilin həmin dövründə neft və qaz gəlirləri 30 milyard dollar təşkil etmişdi.

BEA-nın rəhbəri Fatih Birolun sözlərinə görə, Rusiyanın enerji daşıyıcılarına Qərbin qoyduğu sanksiyalar məqsədinə çatıb. 

Birol bildirib ki, Rusiyanın enerji gəlirlərinin azalması ilə eyni vaxtda bazarların sabitləşməsi də yer alıb: "Biz gözləyirik ki, Rusiyanın neft və qaz gəlirləri yaxın aylar ərzində daha kəskin azalacaq. Rusiyanın texnologiyalar və investisiyalara çıxışının bağlanmasına görə bu azalma ortamüddətli perspektivdə daha da kəskinləşəcək”.

Ekspertlər isə bildirirlər ki, Rusiyanın neft və qaz ixracından gəlirlərinin azalması dekabr ayında qüvvəyə minmiş qiymət tavanı ilə bağlıdır.

Fevralın 5-dən isə Rusiyadan neft məhsullarının alınması qadağan olunub. G7 qrupu və Avropa İttifaqı ölkələrinin Rusiya neftinə qoyduqları qiymət tavanı 1 barrel üçün 100 dollardır.

Güzəştli qiymətə satılan neftin 1 barrelinə isə 45 dollarlıq hədd qoyulub.