RƏSULZADƏYƏ DİL uzadanların SOY-KÖKÜ şübhəlidir – Politoloq

Xırda hisslər çox xırda da nəticələr doğurur. Həm media nümayəndələri, həm də cəmiyyət bu cür açıqlamalardan o qədər də narahat olmamalıdır. Ona görə ki, bu açıqlamaları verən şəxs və ya şəxslər bir siyasi alət olaraq istifadə olunur. Görünür, bu alətlər hələ də yararlıdır.
 
Bunu Teleqraf.com-a açıqlamasında Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin son müsahibəsinə münasibət bildirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib.
O qeyd edib ki, sadəcə olaraq ölkə gündəmini dəyişmək üçün onları zaman-zaman ortalığa atırlar və buna müəyyən mənada nail olurlar: “Bu gün Azərbaycanda əsas müzakirə obyekti olan məsələlər Dağlıq Qarabağ və Ermənistanın hərbi təxribatı, eyni zamanda Azərbaycanla Rusiya arasında olan siyasi gərginliklə bağlıdır. Çox maraqlıdır ki, bu cür həssas məsələlər Azərbaycan cəmiyyətində müzakirə obyekti olan zaman nədənsə bu tip şəxslər dərhal ortalığa atılır və hansısa qeyri-standart, yəni milli dəyərləri aşağılayacaq, heç bir tarixi və fəlsəfi əsası olmayan fikirlər ortalığa atmaqla bir növ gündəmi və ictimai rəyi tamamilə başqa bir istiqamətə yönəldirlər. Mən bu cür açıqlamaları qəsdən ortalığa atılmış bir açıqlama kimi qiymətləndirirəm. Cəmiyyətin bu cür açıqlamaları, bütövlükdə bu cür şəxsləri ciddi qəbul etməməyi tövsiyə edirəm”.

N.Miri bildirib ki, gündəmi bu cür dəyişdirməyə cəhd birinci dəfə deyil: “İkincisi, azərbaycanlı olmaq, türk olmamaq nə deməkdir? Bu gün talış da, ləzgi də, kürd də azərbaycanlıdır. Ancaq azərbaycanlıların içərisində bir də toplumda dominant olan bir xalq var. Bu da türklərdir. Azərbaycan türkləri əhalinin 90 faizindən çoxunu təşkil edirlər. Məgər bu xalq özünün soyunu tanımır ki, kiminsə əlavə açıqlamasına ehtiyac duysun? Ola bilsin ki, bu açıqlamanı verənlərin özlərinin soy-kökündə hansısa şübhələr var. Mənə elə gəlir ki, bəli, bu məsələni araşdırmağa dəyər. Ancaq soy-kökündə hansısa problemləri varsa və türk deyilsə, bu da qüsur deyil. Çünki bu gün erməni doğulmağın özü də bir qüsur deyil. Baxmayaraq ki, şərəfsizlik onların bilavasitə mahiyyətindədir. Kimlərsə özünü türk saymırsa, buyurub saymasınlar. Mən öz türklüyümlə, bütövlükdə Azərbaycan türkləri türk olmaları ilə əsrlər boyu öyünüb və bu gün də öyünməkdədirlər. Çünki türk olmaq həmişə qürur və qəhrəmanlıq mənbəyi olub. Nəyə görə insanlar türk olmaqdan utanmalıdırlar ki?! Doğruları etiraf etmək cəsarət istəmir. Sadəcə, siyasi və geosiyasi alətlər üçün bu cür məsələlər gündəmə gətirilir. Bəzən həqiqəti dilə gətirmək onlar üçün bir cəsarət istəyir ki, bu cəsarət belə alətlərdə olmur”.
Politoloq onu da bildirib ki, Məmməd Əmin Rəsulzadə ötən əsrdə Azərbaycan türklərinə, bütövlükdə 250-300 milyonluq türk toplumlarına ilk demokratik dövlət miras qoyub gedib. O qeyd edib ki, ən azı buna görə hər zaman Rəsulzadə bu xalqın baş tacıdır: “Rəsulzadənin bu millətdən və dövlətdən öz mənafeyi üçün heç bir istəyi olmayıb. Son nəfəsində gözlərini “Yaşasın Azərbaycan” və “Bir kərə qalxan bayraq bir daha enməz” sözlərini deməklə yumub. Rəsulzadə yoxdan bir bayraq, bir dövlət yaradıb. 1991-ci ildə Azərbaycanın müstəqilliyini məhz Rəsulzadənin bizə miras qoyduğu dövlətin bərpası yolu ilə mümkün olub. Bu ideyanı, bu dəyəri bütün azərbaycanlılar öz çiyinlərində daşıyır və düşünürəm ki, min illər bundan sonra da daşıyacaqlar”.
Qeyd edək ki, A.Əlizadə növbəti dəfə azərbaycanlıların türk olmadıqlarını bildirib. Eyni zamanda M.Rəsulzadənin ünvanına bir sıra xoşagəlməz fikirlər səsləndirib.
Səxavət HƏMİD