Rəsul Quliyev və 16-cı əsr azərbaycanlıları – KEÇMİŞİN GÖZÜ İLƏ

Eks-spiker hansı haqla Azərbaycan xalqını aşağılayır?!

Bir neçə gün əvvəl eks-spiker Rəsul Quliyevin Facebook səhifəsində azərbaycanlılarla bağlı statusunu oxudum. Hörmətli Rəsul Quliyev yazır ki, son 100 il ərzində azərbaycanlıların təfəkküründə heç bir dəyişiklik olmayıb: “Biz azərbaycanlılar çox maraqlı insanlarıq. Və həmişə maraqlı olmuşuq. 100 il bundan öncə bizim haqqımızda M.Ə.Sabirin təyin etdiyi xarakterlər təsnifiatı heç dəyişməyib. Bu dövrdə 2 dünya müharibəsi, insanın kosmosa çıxması, Aya getməsi, Marsa getməyə hazırlaşması, internetin kəşf edilməsi və bir çox sairələr bizim yanımızdan heç xəfif yel də olub keçməyib. Dünyada xalqların 85 faizi öz taleylərini öz əllərinə götürdüyü bu müddətdə biz ''Ağa'' buyur psixologiyasını saxlamış və inkişaf etdirmişik”.
Öncə onu qeyd edək ki, Rəsul müəllimin bu fikri heç də yenilik deyil. Biz istər mətbuatda, istər sosial şəbəkələrdə, istər də gündəlik həyatımızda  xalqımıza (azərbaycanlılara) qarşı aşağılayıcı fikirlər bildirən çox insana rast gəlirik. Amma əmin ola bilərik ki, gecə-gündüz xalqı söyən bu tiplərin hər biri dar düşüncəli, savadsız və təfəkkürcə inkişafdan qalmış insanlardır. Xalq fərdlər toplusudur, hər bir insan xalqı aşağılayan zaman ilk növbədə özünü aşağılamış olur. O cümlədən, bu və digər məsələdə xalqı qınayanlar da ilk öncə fərd olaraq özünə hesabat verməlidir ki, narazı olduğu məsələ haqqında onun özü nə kimi addım atıb.
Odur ki, bu deyilənlərin fonunda hörmətli Rəsul Quliyevin məlum fikirləri diqqətimizi cəlb etməyə bilməzdi. Həm də ona görə ki, Rəsul Quliyev bu xalqı ittiham edəcək ən sonuncu azərbaycanlı olmalıdır.  Çünki o, bu xalqın hesabına Rəsul Quliyev olub, böyük sərvət sahibinə çevrilib, yüksək vəzifələrdə oturub və s. İkincisi də, R.Quliyev bu xalqı necə ittiham edə bilər ki, “100 il bundan öncədə qaldığını” iddia etdiyi azərbaycanlılar 2005-ci ildə bir nəfər kimi (məmurlar və onların yaxınları istisna olmaqla – müəl.) onun ABŞ-dan ölkəyə qayıtması üçün ayağa qalxmışdı?! Bəs, həmin vaxt o, nə etdi? Onun vətənə dönməsi uğrunda mücadiləyə qalxan toplumun kürəyinə arxadan “bıçaq” sapladı. Guya ölkəyə gəlirmiş kimi şou nümayiş etdirdi, hamı onu Bakı aeroportunda qarşılamağa çıxdığı bir vaxtda, R.Quliyev böyük qorxaqlıq və cəsarətsizlik nümayiş etdirərək, təyyarənin uçuş istiqamətini dəyişdirdi. Maraqlıdır, bu xalq onun üçün daha nə etməli idi? Bəlkə, Rəsul müəllim gözləyirmiş ki, o, ABŞ-da bahalı viskilər içə-içə Azərbaycan xalqı burda hakimiyyət çevrilişi edib, onu prezident seçməliydi?!
Rəsul Quliyev statusunun davamında Azərbaycanın müstəqilliyinin ilk illərindən bəhs edir. O, yazır: “Qorbaçov və başqa ölkələrin demokratikləşmə havası 1988-1992-ci illərdə az da olsa, ölkədə temperaturanı bir qədər qaldırmışdı. Ancaq 1993-cü ildən özünü ana müxalifət adlandırılanlardan məharətlə istifadə edən Əliyevlər bu temperaturanı əvvəlki həddinə çatdırmış və son 4 ildə daha da aşağılaşdırıb. Yəni bu gün azərbaycanlılar M.Ə.Sabirin yazdığı azərbaycanlılardan daha çox deqradasiya vəziyyətindədir, ola bilər 16-cı əsr azərbaycanlıları səviyyəsindədir. Bir çoxları “bizim indi bildiklərimizin heç bir faizini 16-cı əsr azərbaycanlıları bilə bilməz” deyə bilər. Ancaq söhbət mütilik əmsalından gedir”.
Yəqin ki, eks-spiker “demokratikləşmə havası ölkədə temperaturu yüksəltmişdi” deyəndə Xalq Hərəkatı dönəmini nəzərdə tutur. Çünki 1988-1992-ci illər məhz bu dönəmə təsadüf edir. Amma o da bəllidir ki, 1992-ci ilə qədər baş verən proseslərin demokratiya ilə heç bir əlaqəsi olmayıb. 1988-ci ildən etibarən baş verən proseslərə sadəcə, müstəqillik uğrunda gedən şərəfli mübarizə kimi baxılmalıdır. O cümlədən, eks-prezident Ayaz Mütəllibovun hakimiyyəti dönəminin də demokratiya ilə heç bir bağlantısı olmayıb. Çünki həmin vaxt faktiki olaraq Azərbaycanda hakimiyyətsizlik müşahidə edilirdi.
Əgər demokratiyadan söhbət gedirsə, təbii ki, Əbülfəz Elçibəyin 1 illik hakimiyyəti dönəmini qeyd edə bilərik. Hansı ki, bu demokratik hakimiyyətin də devrilməsində Rəsul Quliyev aparıcı rol oynayıb. Əbülfəz Elçibəy təsadüfən demirdi ki, “Məni Rəsul Quliyevin pulları yıxdı”!

Odur ki, bütün bunlardan sonra Rəsul Quliyevin indi qalxıb “Əliyevlər 1993-cü ildən özünü ana müxalifət adlandırılanlardan məharətlə istifadə etdi” fikrini yazması məntiqsizdir.  Belə çıxır ki, vaxtilə “Azərbaycan xalqının gözü kordur ki, Heydər Əliyev kimi dahini görmür” deyəndə onun “Əliyevlər” dediyi qüvvə yaxşı idi, sonradan onu ölkədən qovduqları üçün pis?! Əgər onun məqsədi həqiqətən də Azərbaycanda demokratiyanın inkişafına dəstək vermək idisə, niyə bütün dünyada “əsrin demokratı” kimi qəbul edilən Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi üçün var gücünü səfərbər etmişdi?! Tutaq ki, bu məsələdə heç onun rolu olmayıb. Bəs sonradan indi qeyri-demokratik adlandırdığı Əliyev iqtidarında nə üçün təmsil olunurdu?!
Rəsul Quliyev statusunun sonunda 2016-cı ildə baş tutan referenduma da toxunur: “İndi Azərbaycan Türkmənistandan aşağı səviyyədədir. Bunun səbəbkarı - ana müxalifət xalqın həyatından çıxıb getməlidir ya yox?! Konstitusiyanı dəyişdirib rəsmi diktatura konstitusiyası edəndə ana müxalifət boş-boş bəyanatlardan başqa heç bir başqa cəhd etmədi. Sonradan gecə-gündüz yuxularında onlardan kiminsə vitse-prezident təyin ediləcəyini görürdülər. M.Ə.Sabir ana müxalifət barədə də şeir yazıb qoyub.
Başlayırıq qızmağa yay gəlməmiş
Çırmanırıq keçməyə çay gəlməmiş...”.
İnsafən, Rəsul Quliyevin müəyyən məsələlərdə müxalifəti ittiham etməsi haqsız da deyil. Doğrudur, biz deyə bilmərik ki, R.Quliyev “ana müxalifət” deyəndə konkret hansı partiyanı nəzərdə tutur: AXCP-ni, Müsavatı, yoxsa başqa bir siyasi təşkilatı. Amma gərək hər bir siyasətçi və yaxud da sıradan bir vətəndaş kimisə ittiham etməzdən öncə, özünün keçmişini bir də gözdən keçirsin. Bir də ki, faktiki olaraq heç bir real müxalifət partiyası konstitusiyanın dəyişdirilməsini təqdir etməyib, əksinə bir çox partiyalar bununla bağlı sərt mövqe nümayiş etdirib. Bu gün müxalifəti ittiham edən Rəsul Quliyevin vaxtilə lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) isə 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticəsini, yəni İlham Əliyevin legitimliyini rəsmən tanıyan ilk partiyalardan olmuşdu. Maraqlıdır, həmin vaxt Rəsul Quliyev niyə susurdu? Axı o dönəmdə bu gün eks-spikerin ittiham hədəfindən olan partiyaların heç biri seçkinin nəticəsini tanımamışdı. Belə olduğu halda R.Quliyev hansı haqla bu gün müxalifəti hakimiyyətə dəstək verməkdə günahlandıra bilər? Hörmətli R.Quliyev bu suala cavab versə, yaxşı olardı...

RƏŞAD, Hurriyyet.org

P.S. Son olaraq onu da qeyd edək ki, indi çoxları xarici ölkələrdə oturub Azərbaycan hakimiyyətini söyməklə məşğuldur. Halbuki, onların bir çoxu vaxtilə bu rejimə xidmət etmiş insanlardır.