Rəşadət Babayev sürücüyə əsəbləşdi: "Bas bayıra, burada qanunları mən qoyuram" — QALMAQAL - FOTO

Ağdam rayonundan məcburi köçkün Xaliq Bəxtiyar oğlu Vəliyev "Ölkə.Az"-ın redaksiyasına müraciət edib.
 
Şikayətçi  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini tərəfindən təzyiqə məruz qaldığını bildirib:
"Dünən axşam Nərimanov rayonu, Əliyar Əliyev küçəsində tranzit nömrəylə idarə etdiyim "Kia" markalı avtamobili dövlət yol polisi əməkdaşları tərəfindən cərimə meydançasına apardılar. Kamera görüntülərində də var. Mən maşını sürmürdüm, saxlamışdım. Yaxınlaşdılar, lazımı sənədləri təqdim etdim. Bildirdilər ki, tranzitin vaxtı keçib. Bildirdim ki, İnzibati Xətalar Məcəlləsinin 1-ci bəndinə əsasən bunun əlli manat cəriməsi var, yazın çıxım gedim ödəyim.
Razılaşmadılar, bildirdilər ki, Rəşadət müəllimin (Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini) göstərişi var, özü baxacaq. Cərimə meydançasında mənə dedilər ki, sabah Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeddinci otağa yaxınlaş. Bu gün həmin otaqdan mənə bildirdilər ki, Rəşadət müəllimin otağına get. Özü qəbul elədi. Bildirdi ki, vaxtı keçib, niyə maşını adına keçirmirsən? Dedim ki, əlli manat cəriməsi var, yazın gedim ödəyim. Əsəbləşdi, dedi ki, bas bayıra, burada qanunları mən qoyuram, sən kimsən, qanun zad tanımıram?! İmkan vermədilər ki, etirazımı bildirim. Məni bayıra çıxarıb sənədlərimi verdilər ki, maşını adına keçir, sonra gəl. Xahiş edirəm, mənə qarşı edilən bu özbaşınalığı ictimailəşdirəsiniz".
Əməkdaşımız şikayətçinin səsləndirdiyi iddialarla bağlı sözügedən idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədovla əlaqə saxlamağa cəhd etsə də, o, zənglərə cavab verməyib.
Mövzunu diqqətdə saxlayacağıq.