“RƏŞAD ƏLİYEVİN İDDİALARI ŞƏR VƏ BÖHTAN XARAKTERLİDİR” – DİN-dən Muxalifet.az-da dərc olunan yazıya REAKSİYA

Baxış sayı:
3721

Muxalifet.az saytında dərc olunan “Rəis müavini məni intihar həddinə çatdırıb” sərlövhəli yazıya Daxili İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib. Nazirliyin Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupunun DİN “Facebook” səhifəsində yaydığı məlumatda saytımıza müraciət edən Siyəzən şəhəri, H. Talıbov küçəsi, bina 5, ev 22-də yaşayan Əliyev Rəşad Vaqif oğlunun iddialarının əsassız olduğu bildirilir. Nazirliyin açıqlamasını olduğu kimi dərc edirik:
“Avqustun 3-də muxalifət.az saytında dərc olunan “Rəis müavini məni intihar həddinə çatdırıb” başlıqlı yazıda Siyəzən şəhər sakini Rəşad Əliyev iddia edir ki, guya onun Siyəzən RPŞ-nin bir sıra əməkdaşları barədə aidiyyəti qurumlara yazdığı şikayət ərizələri ilə bağlı RPŞ-nin rəis müavini Əhməd Nəcəfov ondan intiqam almağa çalışır.
Bildiririk ki, Rəşad Əliyev 2017-ci ilin oktyabr ayında narkotik maddələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsindən R.Əliyevə məxsus iki bükümdə olan qurudulmuş marixuana aşkarlanıb. O, Siyəzən rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu ilin may ayında şikayətçinin qardaşı Elnur Əliyev rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi ilə Şabran rayonundan Siyəzən rayonuna gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən E.Əliyev məsuliyyətdən yayınmaq üçün üzərində gəzdirdiyi 4 ədəd kibrit qutusunda olan narkotik vasitəni nəqliyyat vasitəsinin yan şüşəsindən ataraq həmin ərazidən uzaqlaşıb. Həmin şəxs istintaqa təqdim olunub. Aparılan istintaq hərəkətləri nəticəsində onun əməli sübuta yetirilib. Həmçinin istintaqın gedişatında E.Əliyevin satış məqsədi ilə əldə etdiyi narkotik vasitənin mənbəyi də müəyyənləşdirilib və onu bu maddələr ilə təmin edən Şabran şəhər sakini Cavid Məmmədov da saxlanılıb. Saxlanılarkən C.Məmmədova məxsus fərdi yaşayış evindən isə 1 kiloqram 344 qram qurudulmuş marixuana, 5 qramdan artıq tiryək və 55 qram çətənə bitkisinin toxumları aşkarlanıb. Qeyd edilən faktlarla bağlı Siyəzən RPŞ-də araşdırmalar davam etdirilir.
Bundan bir müddət sonra isə Rəşad Əliyevin əmisi oğlu Siyəzən şəhər sakini Rövşən Əliyev də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun evinə keçirilən baxış zamanı oradan narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. R.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və o Siyəzən rayon Məhkəməsi tərəfindən həbs edilib.
Göründüyü kimi R.Əliyevin mətbuatda yayımladığı iddialar şər və böhtan xarakterli olmaqla Siyəzən RPŞ-nin fəaliyyətinə uğursuz kölgə salmaq cəhdidir”.



Muxalifet.az