Rövşən Rzayev eks-nazirdən “bir çömçə” artıq yeməsə... – ŞİKAYƏT

Baxış sayı:
4573

Bildiyiniz kimi, son günlər gündəmi Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxardığı”na dair məlumatlar yazılır. Ehtimal edilir ki, bu məlumatlar sözügedən Komitəyə sədr təyin edilmiş Rövşən Rzayev tərəfindən mətbuata çıxarılır və məqsədli şəkildə sabiq Komitə sədrinin sorğu-suala çəkilməsinə hesablanıb. Bəs yeni sədr nə ilə məşğuldur və qaçqın və məcburi köçkünlərə hansı diqqət və qayğını göstərir...? Məlumata əsasən, Rövşən Rzayevin ətrafında olan şəxslər köhnə ənənəyə sadiq qalaraq mənzillə təmin edilməli olan şəxsləri “açıq bazar”a dəvət edirlər. İmkanı olanlar “haqqı” verib alır, olmayanlar da üz tutur ölkə başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ünvanına ki, onlara müvafiq köməklik göstərilsin. Nə vaxta qədər ölkədə müvafiq “Fərman və Qanunlar” rüşvət müqabilində işləyəcək, bunu söyləmək çox çətindir, amma hazırki şikayətdə olan durum belədir... Mən, Səfərov Elşən Allahverdi oğlu 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüşəm, 25 il ərzində ilk dəfə olaraq yeni mənzillə təmin ediləcəyimizlə bağlı müjdə aldım və ailə üzvlərimizlə həmin günü bayram olaraq qarşıladıq. Amma 3 gün sonra çox pərt və sarsılmış duruma düşdük. Sən demə yeni mənzilə köçürülməyimizlə bağlı “Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi”nin Binəqədi rayonu üzrə sektor müdiri Tağıyev İlqar Ağamalı oğluna yeni mənzilə köçürülmək üçün 5-10 min manat civarında rüşvət verilməli imiş. Mən və valideynim ona gücümüz çatan 1000 manatı təklif etdikdə o, bizə bildirdi ki, “həmin məbləğ çox azdır, özünüzü boşuna əziyyətə salmayın”. İlqar Tağıyevin birmənalı olan şifahi rədd cavabından sonra məcburiyyət qarşısında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi olaraq şikayət ünvanlamışıq. Amma hələ ki, müraciət ünvanladığımız orqan bu barədə araşdırma apararaq müvafiq qərar qəbul etməmişdir. Bakı şəhəri, Dərnəgül qəsəbəsi, S. Bəhlulzadə küçəsi 23, bina 3, mənzil 130 ünvanında I qrup əlil qardaşım, həyat yoldaşım və 2 qız övladımla qəza şəraitində olan binada yaşayırıq. Keçən il Fövqəladə Hallar Nazirliyinin apardığı müşahidələrdə müəyyən olunub ki, bina ciddi qəzalı vəziyyətdədir, sakinlər təcili olaraq köçürülməlidir. Məhz bu səbəbdən yaşadığımız binanın sakinləri Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürülməyə başlayıb. Bu günə qədər yaşadığımız binadan 91 ailədən bir neçəsi istisna olmaqla qalanları yeni mənzillərə köçürülüb. Mənə isə mənzil verilməməyin bəhanəsi bu cür qeyd olunub ki, siz növbəti komissiyada iştirak etməmisiniz. Doğrudur, növbəti komissiya vaxtı mən I qrup əlil qardaşımı İran İslam Respublikasına müalicə məqsədilə aparmışam. Amma bu komissiyanın müşahidə aparmasına əngəl ola bilməzdi. Çünki mənim ailə üzvlərim daimi olaraq göstərilən ünvanda yaşayırlar, digər tərəfdən binanın qəzalı olması hər kəs kimi bizim də həyatı təhlükəmizi artırır. Əminliklə deyirəm ki, şifahi və formal olaraq edilmiş imtinaya səbəb yalnız tələb olunan rüşvətin ünvanına çatdırılmamasıdır. Məhz bu səbəbdən biz bir neçə ailə olaraq qəzalı binada yaşamağa məcbur olmuşuq. 14 avqust 2018-ci il tarixdə komitə sədri Rövşən Rzayevin qəbulunda olaraq problemləri bildirsəm də, müsbət nəticə əldə edə bilməmişəm. Hansı ki, R. Rzayev problemlərin araşdırılaraq köməklik göstərəcəyini mənə vəd etmişdi. Görünür ki, Rövşən Rzayev də keçmiş Komitə sədri Əli Həsənovun “ənənə”sini davam etdirir və kifayət qədər korrupsiya hüquq pozmalarına rəvac verir. Bu cür ittihamı əbəs yerə səsləndirmirəm. Belə ki, yaşadığımız qəzalı binada 91 qaçqın və məcburi köçkün ailəsi məskunlaşmış olsa da, siyahı üzrə həmin binadan 130-dan çox ailə “Qobu Park” yaşayış kompleksində mənzillə təmin edilib. Bu da o deməkdir ki, böyük məbləğdə pul müqabilində çoxlu sayda ailənin adı qəzalı binada qeydiyyata alınmaqla oradan köçürülmə təmin edilib. Yəni hesab edirəm ki, mənim haqqım başqalarına satılıb... Mən isə uşaqlığımdan məskunlaşdığım binada qalmağa məcbur olmuşam. Bu cür ayrıseçkiliyin bir adı var, ədalətsizlik! Bu cür ədalətsiz davranışı heç bir halda Komitə sədri Rövşən Rzayevə yaraşdırmıram, ən azından o uzun müddət Azərbaycan Respublikasının Ali Qanunverici orqanında millət vəkili olaraq çalışmış, xalqın mənafeyindən çıxışlar etmişdir. Bu cür təqdirdə o mənim, ailə üzvlərimin mövcud durumunu anlamalı və Qanunlara hörmətlə yanaşmalı idi. Media vasitəsilə ölkə Prezidenti Cənab İham Əliyevdən xahişim budur ki, yaşadığımız qəzalı binada yeni faciələr baş vermədən Rövşən Rzayevə öz tapşırıqlarını versin. Cənab Prezident ona tapşırıq versin ki, “Rövşən Rzayev Əli Həsənovdan bir çömçə artıq olub, dövlətə və vətəndaşlara yersiz problemlər yaşatmasın”. Elşən SƏFƏROV Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.