“Relax”da meyiti tapılan işçinin atası danışdı: "Onu tək heç kim öldürə bilməz" / VİDEO

Baxış sayı:
1732

Xəbər verdiyimiz kimi, Lerikdə yerləşən “Relax” istirahət mərkəzində çayçı işləyən Lənkəran rayonunun Təngivan kənd sakini 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti tapılıb. Onun meyiti təxminən istirahət mərkəzindən 20 metr aralıdakı çayda aşkar edilib.

APA TV xəbər verir ki, mərhumun atası Hüseyn Sücayev oğlunun silahla öldürüldüyünü iddia edib: “Onun ayaq izlərini gördüm. Ordan sürüşüb birbaşa daş üstə düşmək mümkün deyil. Ona zərbə vurulub və sonra sürüşüb. Sonra düşüblər aşağı. Onu tək heç kim öldürə bilməz. Oğlum idmançı uşaq idi, onu ancaq silahla öldürmək olar”.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, "Relax" istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.
 
Xatırladaq ki, "Relax" istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.