REFERENDUMDA QANUN POZUNTULARI KÜTLƏVİ XARAKTER ALIB

Baxış sayı:
1435

İslam Qurbanov şərlənib həbs olunacağı ilə hədələnib...

Bu gün ölkədə keçirilən referendum ötən illər ərzində mövcud hakimiyyət tərəfindən ölkədə keçirilən seçkilərdən heç nə ilə fərqlənmədi. Yenə seçki məntəqələrində özbaşınalıqlar, topa bülleten atanlar, bir nəfərin bir neçə dəfə səsvermədə iştirak etməsi və bu qanunsuzluqlara etiraz edən müxalifətçi müşahidəçilərə basqılar, təzyiqlər və zorakılıqlar kütləvi xarakter alıb. Öz təşəbbüsü ilə müşahidəçi kimi referendumda səsvermə prosesini müşahidə edən İslam Qurbanov redaksiyamızla əlaqə saxlayaraq bu gün səsvermə günü 15 saylı Yasamal birinci seçki dairəsinin 158 nömrəli orta məktəbdə yerləşən 19 saylı seçki məntəqəsində səsvermə zamanı baş verən saxtakarlıqlarından və bu saxtakarlıqların qarşısını almağa cəhd edərkən başına açılan qanunsuzluqlardan danışıb.
İslam Qurbanov müxbirimizə bildirib ki, bu gün keçirilən referendumda 15 saylı Yasamal birinci seçki dairəsi üzrə müşahidəçi olduğuna görə bir neçə məntəqədə olub. Əksər məntəqələrdə seçki pozuntularını qeydə alıb. Günortadan sonra 19 saylı seçki məntəqəsində səsverməni müşahidə etməyə başlayıb. Əksər məntəqələrdə çox az adamın səsvermədə iştirak etdiyini bildirib. 19 saylı seçki məntəqəsində olarkən bir qadının topa şəkildə bülletenləri səsvermə qutusuna atmaq istədiyini gördükdə onun qarşısını almağa cəhd edib. Həmin qadının əlindən 10-a yaxın bülleteni alaraq baş vermiş qanun pozuntusunu aktlaşdırmaq istəyib. Bu zaman məntəqə sədri kiməsə zəng edib və məntəqəyə iki polis və bir neçə nəfər mülki geyimli şəxslər girərək ona hücum edərək bülletenləri onun əlindən almağa çalışıblar. Polis əməkdaşlarının seçki prosesinə müdaxiləsini yolverilməz olduğunu onların diqqətinə çatdırsa da, polis əməkdaşları topa bülletenləri onun əlindən alaraq özünü də zorla məntəqədən çıxardaraq Polis Bölməsinə apararaq orada fiziki təzyiqlərə məruz qoyublar. İslam Qurbanovu seçki məntəqəsinin işinə müdaxilə etməkdə günahlandırıblar və hətta qadının əlindən topa bülletenləri aldığına görə seçkiyə müdaxilə adı ilə şərləyib həbs edəcəkləri ilə bağlı hədələyiblər.
Görünən odur ki, hakimiyyət özünün xislətindən əl çəkmək niyyətindən uzaqdır. Polis əməkdaşlarının seçkiyə qanunsuz müdaxiləsi azmış kimi, referendumun şəffaf və ədalətli qaydada keçirilməsini tələb edənləri referenduma müdaxilədə ittiham edirlər. 

Hazırladı: İLQAR