“Ərəbləri hansı 3 səbəbdən sevməliyik?..”- “Tarqovı”ya gedəndə mütləq oxuyun...

Baxış sayı:
10840

İslam aləmində bütövlükdə hansısa xalqa nifrət aşılamaq "mason" deyilənlərə xidmətdir... O da var ki, ərəb, türk, kürd, fars və s. olmaq –hələ müsəlman olmaq deyil... Bu gün –sentyabrın 21-də axşam “Ermənistan” adlı qondarma dövlətin “müstəqillik” günü ilə bağlı “müsəlman, ərəb şəhəri” hesab edilən Dubaydakı Xəlifə bürcü bu işğalçı ölkənin bayraqları rənginə boyanacağının gözlənməsi səbəbindən Azərbaycanda son dövrlərdə başlanmış və müəyyən qüvvələrin təhriki ilə bütövlükdə müsəlman-ərəb dünyasına qarşı yönələn nifrət aşılama kampaniyası daha da güclənib. Doğrudur, müsəlman sayılan bir şəhərdə torpağımızı işğal etmiş bir ölkənin bayrağının görünməsi Azərbaycan vətəndaşı olaraq hamımız üçün ağrılıdır. Amma onu da nəzərə alaq ki, səhv etmiriksə, Xəlifə bürcündə BMT-nin üzvü olan bütün dövlətlərin müstəqillik günlərində bayraqlarının əksi görüntülənir. Odur ki, bayraq məsələsini buraxaq dövlətlərimiz öz aralarında həll etsin. Keçək əsl məətləbə... Ərəb məsələsinin yenə də gündəmə gəlməsi “zəif” hesab edilsə də, Peyğəmbərimiz Məhəmməd əleyhissəlama aid olunan bir hədisi yadımıza saldı: “Ərəbləri 3 səbəbdən sevin!..” İndi araşdıraq görək, bu 3 səbəb hansıdır: “Sual: “Həzrəti Muhəmməddən: “Mən Ərəbəm. Cənnətin dili də Ərəb dilidir”, - deyə, bir hədis eşitdim. Bu rəvayət nə dərəcədə düzgündür? Cavab: Bəzi hədis kitablarında olan rəvayət belədir: أحبوا العرب لثلاث لأني عربي والقرآن عربي وكلام أهل الجنة عربي “Bu 3 işdən ötrü Ərəbləri sevin: Çünki mən Ərəbəm, Quran Ərəbcədir və cənnətdəkilərin dili Ərəb dilidir.” Əhməb b. Hənbəlin bu rəvayəti “zəif” gördüyü, Uqaylinın “münkər” və “əsli yoxdur”, Zəhəbinin isə “saxta” dediyi qeyd edilib. Mühəddislərin istər bu ifadələri, istərsə də fərqli rəvayətlərin gəldiyi yollarla əlaqədar qiymətləndirmələri haqqında ətraflı məlumat üçün baxın: Heysəmi, Məcmauz-Zəvaid, 10-cu cild, s. 25; Zəhəbi, Təlxisu Kitabil-Məvzuat, 1-ci cild, s. 92; Suyuti, əl-Ləalil-Masnua, 1-ci cild, s. 404-405; Fəttani, Təzkirətul-Məvzuat, 1-ci cild, s. 112; İbn Ərrak, Tənzihüş-Şəria, 2-ci cild, s. 30-31; Şəvkani, əl-Fəvaidül-Məcmua, s. 413; Acluni, Kəşfül-Xəfa, 1-ci cild, s. 54-55. Həmçinin, cənnətdə hansı dildə danışılacağı mövzusunda Quranda və səhih sünnədə bir sübüt yoxdur. Bu səbəbdən yuxarıdakı rəvayətə baxaraq bu mövzu haqqında danışmaq doğru deyil” Hakim, "əl-Müstədrək", 4-cü cild, s. 87, Beyhəqi,"Şuabul-İman", 3-cü cild, s. 3”. (Muselmanlar.com). Bəhs edilən hədisin doğru olub-olmamasına rəğmən özlərini müsəlman hesab edənlər milliyyətlərindən asılı olmayaraq bir-birini sevməlidir. Çünki Allah bizləri imtahan, sınaq üçün, kimin daha təqvalı, ixlaslı, səmimi olduğunun bilinməsindən ötrü ayrı-ayrı ailələlərə, tayfalara, qövmlərə, millətlərə, xalqlara, irqlərə ayırıb. Həmin mövzu Qurani-Kərimdə Allahın bütün bəşəriyyətə xitabı kimi belə dilə gətirilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”(Hucurat, 13). Yəni, ayədən anlaşılan odur ki, müsəlman olaraq hansı millətə mənsub olmaq vacib deyil, vacib olan Yaradana gerçək iman, bəşəriyyətə, Vətənə, xalqa, dövlətə, ailəyə həqiqi, səmimi təmənnasız sevgi, Allahın əmr və buyruqlarına can-başla əməl etməkdir... Və O da var ki, ərəb, türk, kürd, fars olmaq –hələ müsəlman olmaq deyil... Bu məqamda daha iki Quran ayəsini xatırlatmaq yerinə düşər: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!..”(“Ali-İmran” surəsi, 103-cü ayə) “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!..”(“Ənfal”, 46). (Onu da vurğulayaq ki, eyni ayələri bu günlərdə Türkiyədə səfərdə olan xristian(!) Rusiyanın başçısı V.Putin müsəlman ölkə başçılarına xatırladıb...) Xatırladılan Allah və bəndə kəlamlarından belə nəticəyə gəlmək olar ki, İslam aləmində bütövlükdə hansısa xalqa, o cümlədən ərəb xalqına nifrət aşılamaq və ya əksinə, ərəblərin, yaxud digərlərinin hansısa özgə müsəlman millətə nifrətlə yanaşması- İslam və bəşəriyyət düşmənlərinə, mason-filan deyilənlərə xidmətdir... Bu gün müsəlman coğrafiyasındakı məzhəblər, təriqətlərarası mənasız qırğınlar məhz həmin düşmənlərin öz düşüncəsizliyimiz hesabına içimizdə icra etdiyi çox məkrli planların nəticəsidir... Bu, çox həssas mövzudur. Odur ki, ölkəmizə qonaq gələn və bəziləri “Tarqovı”da-filanda “oyunlar çıxardan ərəbləri görüb bütöv bir xalq haqda qərar verməmişdən öncə bir müsəlman olaraq Quran kitabımızı və belə yazıları oxuyaq... Mövzunu yeri gəldikcə davam etdirəcəyik... moderator.az