Ramiz Tatarov azadlığa BURAXILDI

Baxış sayı:
480

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Muxalifet.az APA-ya istinadən məlumat verir ki, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim məhkumun 6 illik azadlıqdan məhrumetmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq.

Qeyd edək ki, R.Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində - 2019-cu ilin dekabrında həbs ediliblər.

Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.