Qarabağdan qaçan erməni separatçılar Abxaziyaya yerləşdirilir

Baxış sayı:
616

Rəsmi Tiflis ermənilərin Gürcüstan dövləti üçün böyük təhlükəyə çevrilməsinə göz yumur, axısxalıların isə öz tarixi torpaqlarına qayıtmasına imkan vermir...
Azərbaycanın öz torpaqlarının erməni işğalından azad etməsindən sonra qonşu Gürcüstanda da Ermənistana qarşı etirazlar güclənməkdədir. Bildiyimiz kimi, bu ölkənin ərazisinin də 20%-ə yaxını işğal olunub, 400 minə yaxın Gürcüstan vətəndaşı isə qaçqın vəziyyətinə düşüb və öz evlərinə qayıtmaq imkanından məhrum edilib.
İndi isə onların evlərinin və mənzillərinin taleyini qondarma “qaçqınlar” həll edir. Söhbət mənbəyi bəlli olmayan, vaxtilə Qarabağda necə peyda olduğu sual doğuran, sonra isə oradan “qaçqın” düşən ermənilərdən gedir. Hansı ki, onların bir hissəsi Qarabağın 30 illik işğal dönəmində Livandan, Suriyadan köçürülən ermənilər idi.
Hazırda gürcü ekspertləri Abxaziyadakı ermənilərin Qarabağı tərk etmiş separatçıları Gürcüstan dövlətinin ərazisinə dəvət etdiyini ürəkağrısı ilə səsləndirirlər. Məlumdur ki, cəhənnəmə vasil olmuş separatçı “Artsax” separatçı Abxaziyanın qondarma “müstəqilliyini” Rusiyadan xeyli əvvəl tanıyıb. Həmçinin, bu ermənilər isti dənizkənarı kurort bölgəsi olan Abxaziyaya köçməyə daha çox sevinirlər. Onların bir çoxunun sadəcə olaraq yeni yerə köçmək və “məskunlaşmaq” üçün kifayət qədər vəsaiti yoxdur.
Bəllidir ki, Qarabağlı ermənilər İrəvanda arzuedilməz kütlədir və İrəvan onları özü üçün “ayaq bağı” hesab edir. Amma indi bu erməni qaçqınlara maddi yardım edən “mehriban sponsorlar” tapılıb. “Artsax”dan olan “qaçqınlar” isti dənizə yaxın ölkəyə köçmək arzusundadırlar. Belə ki, Ermənistanda qondarma “Artsax xalqının maraq və hüquqlarının müdafiəsi ittifaqı” yaradılıb və bu ittifaq üçün dərhal “sponsorlar” tapılıb. Bu sponsorlar isə öz ianələri hesabına “Artsax” ermənilərinin yeni “vətən”ə köçməsinə və məskunlaşmasına kömək edirlər. Qeyd etdiyimiz kimi, bu ərazilər arasında Abxaziyanın olmasını gürcü ekspertlər çoxdan dilə gətirirlər.
Maraqlı məqam budur ki, Axısxa türklərinin deportasiya olunuduğu indiki Axalkələk (Axıska – red.) ərazisində ermənilər həddən çox artır və yəqin ki, bu, təsadüfi deyil. Amma gürcü ekspertlər bu məsələni nədənsə dilə gətirmirlər.
Gələk “yaxşı sponsorlar” məsələsinə. Bu sponsorlar arasında Gürcüstanın “Sakartvelos Banks” və ya “Bank of Georgia” da var. Bu bank erməni separatçılarına özünün Ermənistanda fəaliyyət göstərən və səhmlərinin 90%-nə sahib olduğu “AMERİABANK” törəmə filialı vasitəsilə kömək edir. Bu layihənin təşkilatçı icraçısı isə “Artsax xalqının mənafeyinin və hüququnun müdafiəsi ittifaqı” adlı qeyri-hökumət təşkilatıdır. Onun başçısı isə dilimizdəki məşhur deyim kimi, cəhənnəmə vasil olmuş Artak Beqlaryandır. Həmin bu QHT-nin maliyyələşdirilməsində iştirak edən banklar haqqında məlumatlara görə, prosesə “AMERIABANK”, “CITIBANK NA”, “RAIFFEISEN BANK” qoşulub və ianələr bank köçürmələri və kredit kartları ilə edilə bilər. Bu prosesdə əsas hesab erməni əsilli “AMERIABANK”a aid olsa da, ABŞ dolları (USD) ilə köçürmələr üçün vasitəçi bank “CITIBANK NA- NEW YORK”,  avro ilə köçürmələr üçün cavabdeh “RAIFFEISEN ZENTRALBANK OESTERREICH AG” və rublla köçürmələr üçünsə “AO RAIFFEISEN BANK- MOSCOW”dur.
Yuxarıda adı çəkilən “CITIBANK NA” və “RAIFFEISEN BANK” kimi qlobal maliyyə korporasiyaları artıq bir müddətdir ki, separatçı fəaliyyətlərin maliyyələşdirilməsində vasitəçi bank kimi iştirak edirlər. “Qarabağ Əhalisinin Hüquq və Maraqlarını Müdafiə İttifaqı” adlı separatçı təşkilatın  maliyyələşdirilməsində aparıcı rolu Ermənistanın “AMERIABANK” bankı oynayır. Bu ilin əvvəlində səhmlərinin nəzarət paketi uzun müddət Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyana məxsus olan “AMERIABANK”ın səhmdar strukturunda dəyişiklik olub. Hazırda bu bankın səhmlərinin 90%-i “Bank of Georgia”ya məxsusdur. “Bank of Georgia” ASC-nin özü isə “Bank of Georgia Group PLC”nin törəmə şirkətidir. “Bank of Georgia” hazırda qonşu Gürcüstan Respublikasının maliyyə bazarlarında aparıcı oyunçudur. “AMERIABANK” uzun müddət separatçı fəaliyyətlərin təşkilində fəal rol oynayıb, lakin Gürcüstan Bankının demək olar ki, bu bankın səhmlərini tam şəkildə almasından sonra belə fəaliyyətin davam etdirilməsi rəsmi Bakıya qarşı qeyri-korrekt bir addımdır.

Məhv edilmiş erməni separatizminin yeni formada, bu dəfə “Artsax xalqının maraq və hüquqlarının müdafiəsi ittifaqı” adı altında meydana çıxması və əsas səhmdarı “Bank of Georgia” olan “AMERIABANK”ın bu fəaliyyətində iştirakı Azərbaycan-Gürcüstan strateji və mehriban qonşuluq münasibətləri kontekstinə uyğun gəlmir. Bütün dünyaya bəllidir ki, Azərbaycan və Gürcüstan uzun müddət separatizmdən əziyyət çəkir və müxtəlif platformalarda hər iki ölkə bir-birinin ərazi bütövlüyünü yüksək səviyyədə dəstəkləyib. Rəsmi Bakı erməni separatizmini aradan qaldıra bilsə də, Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya ilə problemlərin hələ də həllini tapmayıb. Və rəsmi Tiflis ən azı bu baxımdan öz durumunu nəzərə alaraq, 90 faiz səhmdarı olduğu bankı qeyri-etik müstəvidə separatçı hərəkətlərə alət etməli deyildi.
Hələ də separatizmdən əziyyət çəkən və 1990-cı illərdə erməni quldur dəstələrinin Abxaziyada yerli əhaliyə qarşı vəhşiliklər törətdiyi Gürcüstanda ölkənin aparıcı bankı erməni separatizminə dəstək verməməlidir. Burada daha bir incə nüans var -erməni separatçılığı Abxaziyada Gürcüstan dövlətçiliyinə pusquda durub meydan oxuduğu kimi, Axalkələkdə də eyni yolu gedir. Rəsmi məlumatlara görə, 2023-cü ildə Axalkələyin əhalisi 7693 nəfər olub ki, onun da 93,8 faizi erməni, 5,7 faizi isə gürcü olub. 2019-cu ildə 85% idi. 2024-cü ilin göstəricilərində isə Axalkələyin 7866 nəfər əhalisi var və təbii ki, onun da böyük hissəsi ermənilərdir. Başqa aspektləri kənara qoyaraq, yalnızca erməni kimliyinin mahiyyətini nəzərə alaraq əlverişli məqam yetişərsə, Gürcüstanın altına “saatlı bomba” yerləşdirildiyini deyə bilərik.
Maraq doğuran digənr nüans odur ki, Axlakələkdə gürcü dili elə də tərcih olunan dil deyil, əsas işlək dil erməni və ruscadır. Hətta ermənilər bunu elə də sıxıntılı bir hal kimi görmürlər. Onlar dövlət dili olan gürcü dilini gündəlik istifadə səviyyəsində danışırlar, amma bu amil onlara əngəl yaratmır və savadıszlıq hesab olunmur.
Sual oluna bilər ki, bu sadalananlara istinad etmənin mahiyyəti nə anlama gəlir?
İyunun 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatı təqdim edərkən deyib: “İnanıram ki, 2030-cu ilə qədər biz abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid Gürcüstanda yaşayacağıq və birlikdə Avropa Birliyinin tamhüquqlu üzvü olacağıq”.
İrakli Kobaxidzenin fikrincə, növbəti dörd il Gürcüstanın inkişafında dönüş nöqtəsi olacaq: “Növbəti dörd il Gürcüstanın inkişafında dönüş nöqtəsi olacaq. Bizim iki əsas milli vəzifəmiz var: nəhayət, ölkəmizdə yoxsulluğu aradan qaldırmaq və ölkəmizi bütöv etmək. Hər iki arzuya çatmaq olar, bunu çox cəsarətlə deyə bilərik. Əsas odur ki, biz milli maraqların keşiyindəyik və inanıram ki, 2030-cu ilə qədər biz abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid Gürcüstanda yaşayacağıq və birlikdə olacağıq. Avropa Birliyinə qoşulsaq, biz birlikdə Avropa Birliyinin tamhüquqlu üzvü olacağıq”.
Göründüyü kimi, Gürcüstanın baş naziri Kobaxidze 2030-cu ilə qədər “abxaz və osetin qardaş və bacılarla vahid Gürcüstanda yaşamaq” arzusunu ifadə edib. Əlbəttə, bu məsələdə ona haqq qazandırmaq yerinə düşər. Şübhəsiz ki, Gürcüstan faktiki itirdiyi ərazilərini hüquqi müstəvidə geri qaytarmaq istəyir, bu, onun haqqıdır. Amma nədənsə axısxalıların qəsb edilmiş öz yurd-yuvasında yaşamaq hüququnun bərpasını təmin etməkdə o qədər də maraqlı deyil. Hətta iş o yerə gəlib ki, Axısxa türlərinin yurdu olan indiki Axalkələk də erməni ərazisinə çevrilib. O səviyyədə ki, buranın əhalisinin 95 faizə qədəri ermənidir. Və Gürcüstan hakimiyyətinin öz torpağından qovulmuş axısxalılara tarixi ədaləti bərpa etmək şansı vermək yadına düşmür.
(Ardı var)
Ülviyyə ŞÜKÜROVA