​QANLI QÜRUR GÜNÜ... – Eldəniz Quliyev yazır

Baxış sayı:
3093

O müthiş  gecə kimsə: “Şükür, güllə məndən yan keçidi...” demədi. Hamı gördü, anladı, duydu və şahid oldu ki, məndən, səndən, ondan yan keçən güllə... BİZƏ dəyir, XALQA dəyir!..
...Yanvarın 22-də bir qrup əli avtomatlı sovet əsgəri "Azərbaycanfilm" kinostudiyayasına hücum çəkdilər... Bir sırtıq rus polkovniki (güman ki, bizim gizli şəkildə "20 Yanvar" kaseti hazırlayıb dünyaya çatdırmaq cəhdlərimizdən xəbərdar idilər) Ramiz Fətəliyevin kabinetində əl-qol ata-ata, amiranə tonla danışmağa başladı:
- Siz vəhşisiniz, siz burada erməniləri qırırsınız, siz sovet qanunlarına tabe olmursunuz... və.s. və. i.a.
Ramiz müəllim məntiqlə, təkzibolunmaz faktlarla və tarixi paralellər gətirərək (amma olduqca sərt şəkildə), ən əsası qorxub-çəkinmədən, həmin polkovniki itin g...nə soxub çıxartdı.
Az sonra polkovnik başının dəstəsiylə, quyruğunu qısıb, az qala qaça-qaça studiyanı tərk etdi...
 
Bunlar mənim gözüm önündə, şəxsən özümün iştirakımla baş verib. İnanın, əsgərlər bircə himə bənd idilər ki, bizi güllələsinlər...Hətta onlardan biri (ağzından kəskin "samoqon" iyi gəlirdi) avtomatının lüləsini sinəmə dirəyib düz gözümün içinə baxa-baxa irişirdi...
Amma bütün bunlar iki gün sonra olacaqdı...

ÖLÜMÜN İÇİNDƏ...

20 yanvar faciəsi ilə bağlı kinomuzun yaradıcı heyətinin və kinodramaturq Ramiz Fətəliyevin fədakarlığını unutmamalıyıq. O insanlar olmasaydı, bəlkə bu gün həmin qanlı gecənin kino-video görüntülərinin  əksəriyyəti də olmazdı...
O vaxt Ramiz Fətəliyev "Azərbaycanfilm" kinostudiyasının direktoru idi. 19 yanvarda, hələ ilk güllə atılmamışdan qabaq, studiyanın əli kamera və qələm tutan bütün yaradıcı heyətini səfərbər elədi - kino-operatorlarını, rejissorları, fotoqrafları, redaktorları və s. Hamını vətəni  müdafiə etməyə hazır dayanmış əliyalın insanların  toplaşdığı "barikadalara" göndərdi. Əlbəttə, bu iş könüllülük prinsipiylə edilirdi. Və o vaxt bir nəfər də olsun: "Yox, mən getmirəm" demədi.
Vəhşiləşmiş rus-sovet əsgərlərinin aman bilməyən tankları, BTR-ləri və işıq, eləcə də ölüm  saçan güllələri real vaxt rejimində tarixin yaddaşına köçürüldü.
Çəkilişlər səhərə qədər davam etdi. 22-23-24 yanvarda isə biz, çox çətinliklə də olsa, tələm-tələsik montaj etdiyimiz video-kasetləri müxtəlif səfirliklərə, Beynəlxalq təşkilatlara, ölkələrə ötürə bildik...
O müthiş günlər biz hamımız ölümlə üzbəsurət, ölümün gözünə baxa-baxa və elə ölümün içindəcə işlədik!..
Allah-Təala bütün şəhidlərimizi rəhmətinə qərq eləsin! Nur içində uyusunlar! Amin!

Eldəniz QULİYEV