Putinin xahişi ilə hərbçi arvadı üçün alınan itin FOTOLARI

Rostovdan olan sabiq polkovnik Boris Fadeyev Rusiya prezidenti Vladimir Putinin xahişini yerə salmayıb.

“Qafqazinfo”nun məlumatına görə, hərbçi prezidentin tapşırığı əsasında öz xanımı Yelenaya ev heyvanı alıb. Bu barədə Fadeyevin həyat yoldaşı “Danışır Moskva” radiosuna bildirib.

Ailə “velsh-korqi pembork” cinsindən olan it alıb. İtə artıq ad da qoyulub-Qoşey. “Ərim mənə heç nə demədən, oğlumu da götürüb gedib it alıb. Qoşey arzuladığım kimi erkək cinsindəndir”-deyə Yelena bildirib.

Xatırladaq ki, 16 aprel tarixində Putinin canlı efir vasitəsilə yayımlanan mətbuat konfransında prezidentə Yelenanın rəfiqələri tərəfindən yazılmış maraqlı bir məktub oxunmuşdu:

“Xahiş edirik, ona sadəcə olaraq deyin ki, Boris, sən düz eləmirsən! Arvadına evdə it saxlamağa icazə ver”.

Putin isə xanımın onu çətin vəziyyətdə qoyduğunu bildirmişdi:

“Kiməsə nəyisə əmr edə bilmərəm. Boris mənə deyər ki, get öz işlərinlə məşğul ol. Mən sadəcə xahiş edə bilərəm-Boris, zəhmət olmasa, icazə ver həyat yoldaşın it saxlasın!”.