Putin Abxaziyaya gedir

Rusiya prezidenti bu gün qədim olduğu qədər də xırda Abxaziyaya gəlir. Təxminən 8,5 min kvadrat kilometrlik ərazidə qədim dövrlərdən bəri 60 xalqın nümayəndəsi yaşayır və hazırda onların sayı 245 min nəfərə yaxındır. Abxazlar bütün əhalinin yarıdan bir qədər az hissəsini təşkil edilər.
 
Hardasa 10 il bundan əvvəl bu dörddə bir milyon nəfərin birdən-birə müstəqillik arzu etməsini demək olmaz. Lakin 120 min nəfər abxazın Gürcüstandan müstəqil şəkildə yaşayıb inkişaf etmək istəklərinin ədalətli olmasına əminliklərinə şübhə etməyə dəyməz. Bakı Qarabağ ermənilərinin tələbləri ilə razılaşmadığı kimi, Tbilisi də abxazların tələbləri ilə razılaşmırdı. Lakin Dağlıq Qarabağdakı erməni separatçılığına münasibətindən fərqli olaraq, Rusiya tamamilə maskalanmadan abxazların tərəfində idi.
Nəticədə, Abxaziya tamamilə Dağlıq Qarabağ kimi qeyri-müəyyən ada və gələcəyə malik “müstəqil” silahlı dövlətə çevrildi. Rusiya prezidenti artıq iki dəfə (2009 və 2013-cü illərdə) Abxaziyanın paytaxtı hesab edilən, Qara dəniz sahilindəki Suxumi kurort şəhərinə baş çəkib. Qeyd edək ki, Abxaziya Respublikasını indiyə kimi 7 ölkə, o cümlədən Vanuatu və Tuvalu tanıyıb. Buranı dövlət kimi tanıyanların arasında “Dağlıq Qarabağ Respublikası” da var.

Lakin bu səfər, ümumi fikrə görə, bir çox əlamətlərinə görə məxsusidir: Tbilisi 8 avqust – separatçı Cənubi Osetiya və Abxaziya ilə müharibənin başlaması günü ilə əlaqədar bütün ölkə ərazisində matəm günü elan edib. Abxaziya isə, öz növbəsində, qəzəblənmiş gürcülərin mümkün düşmənçiliklərindən ehtiyat edərək, Gürcüstanla sərhədi bağlayıb.
Tanınmayan respublikanın prezidenti Raul Xacimba elan edib ki, yüksək səviyyəli qonaqla görüş Pitsundada baş tutacaq. Gürcüstanda bunu “işğal olunmuş ərazilər”də sosial-iqtisadi vəziyyətin gərginləşməsi ilə izah edirlər.
Lakin bu dəfə, ekspertlərin fikrincə, səfərdə məqsəd Moskvanın Gürcüstana və Vaşinqtona görk verməsidir, belə ki, bu yaxınlarda vitse-prezident Mayk Pensin səfəri gürcüləri xeyli ümidləndirmişdi.
Gürcüstan KİV yazır ki, Putin Abxaziyanın Rusiyanın nüfuz dairəsinə daxil olduğunu göstərmək və burada rusiyalıların mövcudluğunu sürətləndirmək istəyir. Belə bir fikir də var ki, tanınmayan respublikada kriminogen vəziyyət Rusiya ilə birgə informasiya mərkəzinin yaradılması məqsədilə bilərəkdən kəskinləşdirilir.
Bundan başqa, Moskva ilə Suxumi arasında fikir ayrılıqları da yox deyil. Məsələn, rusiyalıların burada əmlak ala bilmək imkanları məhduddur və tanınmayan respublika güzəştə getmir. V.V.Putin üçün mənəvi-siyasi fon əvvəllər heç vaxt olmadığı qədər daha az əlverişlidir.
Fridon Doçiya, Tbilisidən